Müsahibədə iki qardaş ölkəni birləşdirən tarixi, milli-mənəvi, mədəni və əlaqələr diqqətə çatdırılır
Gülnar Nəsrullayeva
YAP Suraxanı rayon təşkilatının fəal üzvü
Suraxanı rayonu, 315 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə verdiyi müsahibə Azərbaycan ilə Özbəkistan arasında mövcud olan çoxşaxəli və dinamik münasibətlərin müasir inkişaf mərhələsini əks etdirən mühüm siyasi məzmunlu çıxışdır.
Azərbaycan və Özbəkistan xalqları arasında münasibətlər əsrlər boyu formalaşmış ortaq tarixə, dilə, mədəniyyətə, mənəvi dəyərlərə və qarşılıqlı hörmətə əsaslanır. Bu tarixi və mənəvi yaxınlıq dövlətlərarası münasibətlərin möhkəm təməlini təşkil edir. Son illərdə isə bu münasibətlər yeni inkişaf mərhələsinə qədəm qoyaraq strateji tərəfdaşlıqdan müttəfiqlik səviyyəsinə yüksəlib. Azərbaycan Prezidenti cənab İlham Əliyevlə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev arasında mövcud olan səmimi dostluq və qarşılıqlı etimad iki ölkə arasında əlaqələrin daha da inkişaf etdirilməsində mühüm amil kimi çıxış edir. Azərbaycan və Özbəkistan arasında siyasi dialoq yüksək səviyyədədir. Son illərdə dövlət başçılarının qarşılıqlı səfərləri, keçirilən görüşlər və imzalanan mühüm sənədlər ikitərəfli əlaqələrin möhkəmlənməsinə ciddi təkan verib.
2024-cü ildə Azərbaycan Prezidentinin Özbəkistana dövlət səfəri, 2025-ci ildə isə Özbəkistan Prezidentinin Azərbaycana dövlət səfəri zamanı imzalanan sənədlər, xüsusilə Strateji tərəfdaşlığın dərinləşdirilməsi haqqında Bəyannamə və Müttəfiqlik münasibətləri haqqında Müqavilə münasibətlərin hüquqi və siyasi əsaslarını daha da möhkəmləndirib. 2023-cü ildə yaradılmış Ali Dövlətlərarası Şura isə iki ölkə arasında strateji əməkdaşlığın inkişafı üçün mühüm platformaya çevrilib. Azərbaycan–Özbəkistan münasibətlərinin əsas istiqamətlərindən biri iqtisadi və ticari əməkdaşlıqdır.
Son illərdə iki ölkə arasında ticarət dövriyyəsinin sürətlə artması iqtisadi əlaqələrin inkişaf dinamikasını aydın şəkildə göstərir. 2025-ci ildə ticarət dövriyyəsinin 795 milyon ABŞ dollarına çatması, 2026-cı ilin ilk aylarında isə artım tempinin davam etməsi qarşılıqlı iqtisadi əlaqələrin geniş potensiala malik olduğunu göstərir. Azərbaycan–Özbəkistan İnvestisiya Şirkətinin yaradılması da bu sahədə atılmış mühüm addımlardan biridir. Şirkət hər iki ölkənin iqtisadiyyatının müxtəlif sahələrində perspektivli layihələrin həyata keçirilməsinə və qarşılıqlı investisiyaların artırılmasına şərait yaradır. İki ölkə arasında sənaye, kənd təsərrüfatı, nəqliyyat, logistika və digər sahələrdə birgə layihələrin həyata keçirilməsi iqtisadi əməkdaşlığın daha da dərinləşməsinə xidmət edir.
Füzuli rayonunda Özbəkistanın iştirakı ilə salınan “Dostluq bağı”, avtomobil və avtobus istehsalı sahəsində əməkdaşlıq bununnümunələrindəndir. Eyni zamanda, Azərbaycan şirkətlərinin Özbəkistanda həyata keçirdiyi investisiya layihələri də qarşılıqlı iqtisadi maraqların artdığını göstərir. Energetika sahəsində əməkdaşlıq Azərbaycan və Özbəkistan arasında münasibətlərin mühüm istiqamətlərindən biridir. Neft-qaz sektorunda fəaliyyət göstərən birgə müəssisələr, enerji layihələri və sənaye sahəsində həyata keçirilən əməkdaşlıq iki ölkənin iqtisadi potensialının birləşdirilməsinə imkan verir. Bununla yanaşı, yaşıl enerji sahəsində Azərbaycan, Özbəkistan və Qazaxıstan arasında həyata keçirilən birgə təşəbbüslər regional enerji əməkdaşlığının yeni mərhələsini formalaşdırır.
Bərpaolunan enerji mənbələrindən əldə olunan enerjinin region və onun hüdudlarından kənara nəqli ilə bağlı layihələr gələcək üçün böyük perspektivlər vəd edir. Nəqliyyat və logistika sahəsində əməkdaşlıq da xüsusi əhəmiyyət daşıyır. Azərbaycanın Cənubi Qafqazda, Özbəkistanın isə Mərkəzi Asiyada yerləşməsi onları Şərqlə Qərbi birləşdirən mühüm nəqliyyat dəhlizlərinin təbii tərəfdaşlarına çevirir. Orta Dəhlizin inkişafı, tranzit daşımalarının artırılması və yeni regional nəqliyyat layihələrinin həyata keçirilməsi hər iki ölkənin iqtisadi imkanlarını genişləndirir. Bu əməkdaşlıq yalnız Azərbaycan və Özbəkistan üçün deyil, bütövlükdə Avrasiya məkanı üçün yeni iqtisadi və logistika imkanları yaradır.