Müzəffər Ordumuzun düşmən üzərində qələbəsi qəlbimizdə kök salan dərdlərimizə məlhəm oldu
XX yüzillikdə milli haqları uğrunda mübarizədə xalqımız həmin əsrin ən böyük faciəsi—Xocalı soyqırımı ilə üzləşməli oldu. Azərbaycan xalqına qarşı misli görünməmiş bu soyqırımı, kütləvi və amansız qırğın aktı erməni qəsbkarlarının Azərbaycanın dövlət müstəqilliyini, ərazi bütövlüyünü hədəf almış, məqsədyönlü siyasətinin növbəti qanlı səhifəsi olmaqla təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa qarşı irimiqyaslı cinayət idi.
Həmin şaxtalı, qanlı-qadalı, tükürpədici hadisədən 32 il keçsə də, bu faciədən bizi ayıran sadəcə zaman kəsiyidir. Uzun illər keçsə də, bu tarix xalqımızın qan yaddaşına qara hərflərlə həkk olunmuş, xalqımız bu faciənin ağırlığını qəlbində daşımış, düşmənə olan nifrətini unutmamışdır.
Bu amansız soyqırımın acı nəticələrinin dünya ictimaiyyətinə çatdırılmasında, Xocalı faciəsinə hüquqi-siyasi qiymət verilməsində Ümummilli lideimiz Heydər Əliyevin xidmətləri xüsusi diqqət çəkir. Ulu Öndər hər il faciənin ildönümündə Xocalı soyqırımı ilə bağlı xalqa müraciət edirdi : ”Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri- insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırımı, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir...1992-ci ilin o qanlı fevral gecəsində ən müasir texnika ilə silahlanmış Ermənistan hərbi birləşmələri keçmiş Sovet Ordusunun 366-cı motoatıcı alayının köməyi və bilavasitə iştirakı ilə Azərbaycanın Xocalı şəhərini yerlə-yeksan edərək yüzlərlə insanın məhvinə səbəb olmuşdur”.
Heydər Əliyev siyasətini uğurla davam etdirən İlham Əliyev də Xocalı soyqırımını bu cür ifadə etmişdir: ” Xocalı faciəsi 200 ilə yaxın bir müddət ərzində erməni millətçilərinin və onların havadarlarının xalqımıza qarşı apardığı etnik təmizləmə və soyqırımı siyasətinin davamı və qanlı səhifəsi idi. Bu mənfur siyasət xalqımıza saysız-hesabsız müsibətlər və əzab -əziyyətlər gətirmişdir”.
Xocalı soyqırımının insanlıq əleyhinə törədilmiş cinayət kimi tanıdılması təkcə Azərbaycan Respublikası üçün deyil, həm də dünya birliyi üçün beynəlxalq əhəmiyyət kəsb edir və bu Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilmişdir. Hələ 1994-cü ilin fevralında Azərbaycan Respublikasının Milli Məclisinin Xocalı hadisələrinin soyqırımı elan etməsi xüsusi əhəmiyyətə malik oldu. Həmin tarixdən etibarən Xocalı faciəsi insanlığa qarşı yönəldilmiş ən ağır cinayətlərdən biri kimi daha geniş miqyasda anılmağa başlandı. “Xocalıya ədalət” kampaniyasınin ən uğurlu nəticəsi bu faciənin Pakistan, Meksika, Peru, Kolumbiya və Bosniya kimi dövlətlərin Parlamenti, eləcə də bir çox beynəlxalq təşkilatlar tərəfindən soyqırımı aktı kimi tanınması olmuşdir.
Bu gün Ali Baş Komandanımızın rəhbərliyi altında Müzəffər Ordumuzun düşmən üzərində qələbəsi illərdir qəlbimizdə kök salan dərdlərimizə sanki məlhəm olmuşdur. Azərbaycan xalqının Dəmir Yumruq altında birliyinin Müzəffərli tarixinə dönüş etməsi, ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi, dağıdılmış ərazilərdə quruculuq işlərinin başlanması düşmənə göz dağı oldu. İstər Xocalı qurbanlarının, istərsə də bütün şəhidlərimizin qanını yerdə qoymadıq.