Müstəqil dövlətimiz Azərbaycan Xalq Cümhuriyyətinin həyata keçirə bilmədiyi arzuları reallaşdırır

Müstəqil dövlətimiz Azərbaycan Xalq Cümhuriyyətinin həyata keçirə bilmədiyi arzuları reallaşdırır

Vüqar Seyidov
YAP Suraxanı rayon təşkilatının sədri

Tarixin bütün dövrlərində digər qəhrəman türk xalqaları kimi Azərbaycanda da yaşayan insanların öz dövlətçilik ənənələri olmuşdur. Regionumuz zənginliyi, geosiyasi və strateji mövqeyi ilə əlaqədar təcavüzlərə, təzyiqlərə, hücumlara məruz qalsa da azərbaycanlılar hər zaman müstəqil dövlətə sahib olmuşlar. Hesab edirəm ki, burada əsas məqam dövlətçilik ideologiyasına sahib, müstəqil yaşamağa qadir bir xalq kimi formalaşmağımızdır. Yolları ilə getdiyimiz qabaqcıl şəxsiyyətlər, mütəfəkkir adamlar, ziyalılar, liderlər xalqımızda milli azadlıq, milli müstəqillik duyğularını gücləndirmiş, milli dirçəliş, milli oyanış əhval-ruhiyyəsi yaratmışlar. Bunların hamısının məntiqi nəticəsi olaraq biz tarixin müxtəlif zamanlarında fərqli dövlətlərə sahib olmuşuq.

19-cu əsrin sonu 20-ci əsrin əvvəlləri nəinki Azərbaycan, Qafqaz, hətta bütün dünya tarixində yeni bir mərhələnin başlanğıcı, yeni və milli dövlətlərin formalaşması dövrü kimi öz izini qoymuşdur. Dünyanı lərzəyə gətirən I Dünya müharibəsinin başlanması belə, nəticə deyil idi. O, yeni dövlətlərin yaranması, yeni dünya düzəninin formalaşması üçün səbəb idi. Artıq əsrlərin sınağından çıxa bilməyən “parçala hökmranlıq et” imperiya idarəetmə fəlsəfəsi öz əhəmiyyətini və təsiretmə qabiliyyətini itirir, yerlərdə milli azadlıq hərəkatları başlayırdı. Əlbəttə, Azərbaycan və Azərbaycanda yaşayan ziyalılar da istisna deyildilər. Rusiya imperiyası I Dünya müharibəsindən ağır zərbələr alaraq çıxmışdı. Bu imperiyanın dağılması nəticəsində Azərbaycan müstəqillik əldə etdi, Azərbaycan Demokratik Respublikası yaradıldı.

Əlbəttə, uzun illər müstəqilliyə həsrət bir xalq tarixi zərurət və ziyalıların yorulmaz əməkləri nəticəsində bir dövlət yaratdılar. 1918-ci il mayın 28-də Azərbaycan xalqı özünün və Şərqin ilk demokratik, hüquqi, dünyəvi və parlamentli respublikasını yarada bildi. Bəli, belə bir təcrübə ilk dəfə idi ki, reallaşdırılırdı. I Dünya müharibəsinin nəticələri, iqtisadi çətinliklər, cəmiyyətin böyük bir hissəsində müstəqillik ideyasının insanlara tam aşılanması üçün zamanın azlığı, qonşu Ermənistan tərəfindən hücumların intensivləşməsi, daxildə xəyanətlər və nəhayət şimalda Sovet hakimiyyətinin qurulması cəmi iyirmi üç aylıq bir ölkənin süqutuna gətirib çıxarsa da, Avropanın demokratik dəyərləri ilə şərq mədəniyyətinin xüsusiyyətlərini özündə birləşdirən Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın milli və siyasi şüurunun, yüksək mədəniyyətinin nəticəsi idi.

İqtisadi, siyasi, hərbi və sair təyziqlərə tab gətirə bilməyən Xalq Cümhuriyyəti iyirmi üç aydan sonra süqut etdi. Lakin süqut edən sadəcə siyasi bir formasiya idi. Müstəqillik ruhu, onun həsrəti və kökslərdə qorunub müqəddəs amal, varlıq kimi saxlanılan üç rəngli bayrağımız ölmədi, yaşadı və insanlarda sabaha inamı yaşatdı. Müstəqilliyi saxlamaq onu əldə etməkdən daha çətin işdir. Təəssüf ki, 1918-ci ildə qaldırılmış bayraq 1920-ci ildə endirildi. Ondan sonra ilk dəfə olaraq rəsmi qaydada bu bayrağı Ulu Öndər Heydər Əliyev Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sessiyasında rəsmi dövlət bayrağı kimi qaldırmışdır və təsis etmişdir. Budur, Azərbaycan xalqının öz irsinə, öz dövlətinə, bayrağına və dövlətçiliyinə olan sonsuz sevgisi.

Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin xarici siyasətinin başlıca məqsədi yeni yaradılmış dövləti dünyaya tanıtmaq idi. Bunun üçün başda Əlimərdan bəy Topçubaşov olmaqla bütün dövlət xadimlərimiz öz həyatlarını qurban verdilər. Hətta onlar cümhuriyyətin süqutundan sonra da öz müqqədəs mübarizələrini davam etdirmişlər. Məhz bu səbəbdən də Azərbaycan dövləti və xalqı Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının xatirəsini əziz tutur. Onların xatirəsi bizim qəlbimizdə yaşayır. Biz hər zaman öz qurucu babalarımızla qürur duyuruq.

Azərbaycan dövləti, müstəqil Azərbaycan Respublikası 1918-ci ildə yaranmış Xalq Cümhuriyyətinin varisidir. Bu varislik hüquqi, mənəvi, tarixi və siyasi varislikdir. Siyasi varislik anlayışı hər hansı bir idarəetmə metodunun olduğu kimi surətini çıxarmaq, təkrarlamaq, heç dəyişdirmədən tətbiq etmək demək deyildir. Xüsusi ilə də siyasi varislik mövcud olan işlərin yaradıcı şəkildə davam etdirilməsi, qəbul edilmiş estafetin daha uca zirvələrə qaldırılması kimi başa düşülməlidir. Bu gün Müstəqil Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin həyata keçirə bilmədiyi bütün arzularını reallaşdırıb. Onun ən böyük arzusu olan müstəqil dövlət kimi tanınmasını təmin edib. Bu günkü Azərbaycan bir zamanlar heç bir hüquqi, siyasi əsası olmadan bizdən alınan, işğal olunmuş tarixi torpaqlarına doğru addımlayır. İnamla addımlayır, İlhamla addımlayır. Bu gün cümhuriyyətçi, qurucu babalarımızın ruhları şaddır. Çünki Vətən torpağı azaddır. Çünki onların güzəştə getməyə məcbur olduqları torpaqlara yeni əsirin yeni lideri İlham Heydər oğlu Əliyev öz məğrur, rəşadətli ordusu ilə qədəm qoyur. Düşmənin başını dəmir yumruğu ilə əzir.

1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı qəbul olunsa da, buna tam müstəqillik demək olmazdı. Hələ də o dövrdə hakimiyyətdə təmsil olunanlar müstəqil siyasət yürütməkdən çəkinir, öz əməllərinə hələ də “Moskvanın mövqeyini, icazəsini” gözləyirdilər. Belə olan bir vəziyyətdə, bu keşmə-keşlər, bu çatışmazlıqlar arasında Ulu Öndər Heydər Əliyev Naxçıvanda Azərbaycan Xalq Cümhuriyyətini yenidən canlandırır və respublika rəhbərliyini cəsarətli addımlar atmağa çağırırdı. Cərəyan edən hadisələrin məntiqi sonluğu kimi 1993-cü ildə xalq böyük səs çoxluğu ilə öz seçimini etdi və Ulu Öndər Heydər Əliyevi Prezident seçdi. Ulu Öndərin respublikada uğurla gerçəkləşdirdiyi siyasət xalqımızın tarixi-mədəni yaddaşını özünə qaytararaq milli mənliyini, şüurunu inkişaf etdirdi, azərbaycançılıq məfkurəsi işığında müstəqillik arzularının güclənməsi və yaxın gələcəkdə yenidən həqiqətə çevrilməsinə zəmin yaratdı. Ümummilli Liderin ikinci dəfə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtması Azərbaycan Xalq Cümhuriyyətinin varisi olan dövlətçiliyimizin inkişaf etməsinə və dünyada öz layiqli yerini tutmasına səbəb olmuşdur.

Azərbaycan Xalq Cümhuriyyətinə, onun töhfələrinə ən yüksək qiyməti məhz Ulu Öndər Heydər Əliyev və Prezident cənab İlham Əliyev vermişdir. Ulu Öndər tərəfindən 1998-ci ildə “Azərbaycan Xalq Cümhuriyyətinin 80 illik yubileyi” və cənab İlham Əliyev tərəfindən “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi” haqqında sərəncamlar imzalanmışdır. Prezident cənab İlham Əliyev tərəfindən 2018-ci il “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olunmuşdur. Dövlətin ali diqqəti, qayğısı nəticəsində ölkəmizdə və ölkəmizdən kənarda elmi konfranslar, silsilə tədbirlər keçirilmiş, elmi araşdırmalar aparılmış və kitablar, məqalələr yazılmışdı.

Ulu Öndər Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinə, onun yaradıcılarına böyük ehtiramla yanaşaraq deyirdi: “Əsrin əvvəlində – 1918-ci ildə Azərbaycan xalqı öz müstəqilliyinə nail ola bildi, xalq cümhuriyyəti yarandı. Azərbaycanda Şərq aləmində ilk dəfə demokratik, hüquqi dövlət yarandı, xalq cümhuriyyəti qısa bir zamanda çox işlər gördü. Ən mühümü odur ki, Azərbaycanın müstəqilliyinin, dövlətçiliyinin əsaslarını qurdu, Azərbaycan dövlətinin, hökumətinin təsisatlarını yaratdı”. Bəli, bütün məhdudiyyətlərə rəğmən AXC Azərbaycan tarixinin ən şanslı səhifələrinə çevrilə bilmişdir. Məhz bu səbəbdəndir ki, biz ilk Demokratik Cümhuriyyətin yaranması gününü əziz tutaraq, onu Azərbaycanın Dövlət Müstəqilliyi Günü elan etmişik və bu, bizim milli bayramımızdır.

Biz 105 illik müasir müstəqil dövlətçilik tariximizi 32 illik tarixlə əvəz edə bilməzdik. Bəli, bu, bir həqiqətdir ki, 1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı qəbul olunmuşdur. Lakin bu müstəqillik günü sayıla bilməz. Bu müstəqilliyimizin yenidən bərpası günü sayılmalı idi. 2021-ci il 15 oktyabr tarixində “Müstəqillik Günü haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul olunmuşdu. Bu, cənab İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinə, onun şanlı tarixinə növbəti töhfəsi hesab oluna bilər.

Ümumiyyətlə nəzər saldıqda görürük ki, Azərbaycan dövlətçiliyi tarixində Prezident cənab İlham Əliyevin xidmətləri misilsizdir. 105 il əvvəl 23 ay ərzində əsası qoyulmuş və başa çatdırıla bilməmiş bütün işlər bu gün müasir Azərbaycan və onun güclü lideri tərəfindən həyata keçirilməkdədir. 105 il əvvəl yaradılmış Xalq Cümhuriyyəti dövlətin idarə olunmasında o zaman üçün demokratik dəyərlərin, təsisatların, cəmiyyətin bütün ünsürlərinin iştirakını təmin etmək məqsədi ilə böyük işlər görsə də, obyektiv səbəblərdən tam başa çatdırılmamışdı. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasında demokratik, hüquqi, dünyəvi dövlət, vətəndaş cəmiyyəti quruculuğu prosesi, siyasi, iqtisadi və sosial islahatlar uğurla həyata keçirilir, ölkə iqtisadiyyatı dayanmadan inkişaf etdirilir, əhalinin sosial müdafiəsinin gücləndirilməsi üçün əsaslı tədbirlər görülür. Həyata keçirilən bütün islahatlar dövlətin əsaslarını gücləndirərək Xalq Cümhuriyyətinin arzularını gercəkləşdirir.

Uzaqgörən siyasət nəticəsində Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı kimi Azərbaycan Bayrağının bu gün artıq işğaldan azad olunmuş Şuşada dalğalanması Azərbaycan Prezidenti İlham Əliyevin gələcək nəsillərə unudulmaz dövlətçilik əmanətidir. Müzəffər Ali Baş Komandan söz verdiyi kimi şanlı bayrağımızı bütün işğaldan azad olunan şəhər və kəndlərimizdə qaldıraraq dalğalandırır. Azərbaycan Xalq Cümhuriyyətinin müqəddəs əmanətləri etibarlı əllərdədir. Cənab Prezident tərəfindən Şərqi Zəngəzur İqtisadi Rayonunun yaradılması, Qərbi Azərbaycan İcmasının yenidən formalaşdırılması, insanların öz dədə-baba yurdlarına sülh yolu ilə getməsi üçün atılmış addımlardır. İrəvan, Göyçə, Zəngəzur və digər tarixi torpaqlarımız Azərbaycan Xalq Cümhuriyyətinin suveren əraziləri olmuşlar və Azərbaycan Respublikası hüquqi varis kimi bu tarixi torpaqlarımıza olan haqlı iddialarını da irəli sürməkdədir. Görülən işlər onu deməyə əsas verir ki, müstəqil dövlətimiz Azərbaycan Xalq Cümhuriyyətinin layiqli davamçısıdır.