Müstəqil Azərbaycan Heydər Əliyevin əbədiyaşar ideyaları və zəngin siyasi irsi əsasında tarixi nailiyyətlərə imza atır
Yeni Azərbaycan Partiyası Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun “Azərbaycan” qəzetinə müsahibəsini təqdim edirik:
- Tahir müəllim, 12 dekabr ümummilli lider Heydər Əliyevin anım günüdür. Azərbaycan xalqı Ulu Öndərin əziz xatirəsini ehtiramla yad edir, onun misilsiz xidmətlərini daim yüksək qiymətləndirir. Müdrik dövlət xadiminin ölkəmizə rəhbərlik etdiyi müxtəlif dövrlərdə Azərbaycan naminə gördüyü işləri necə xarakterizə edərdiniz?
- Müstəqil Azərbaycan dövlətinin banisi, xalqımızın ümummilli lideri, dünya şöhrətli siyasətçi Heydər Əliyevin əbədiyyətə qovuşmasından 19 il ötsə də, çoxəsrlik tarixinin ən parlaq dövrünü yaşayan qədirbilən Azərbaycan xalqı onun misilsiz xidmətlərini hər an yüksək qiymətləndirir, Ulu Öndərin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edir. Çünki bu gün qüdrətli və qalib Azərbaycan Heydər Əliyevin əbədiyaşar ideyaları, zəngin siyasi irsi əsasında tərəqqi və Zəfər yolunda əmin addımlarla irəliləyir, tarixi nailiyyətlərə imza atır.
Heydər Əliyev istər SSRİ dönəmində, istərsə də müstəqillik illərində respublikamıza rəhbərliyi zamanı Azərbaycanın milli maraqlarını daim uca tutub, Vətən naminə fədakarcasına, əzmlə və qətiyyətlə çalışıb.
1969-cu ilin 14 iyulunda Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilən Heydər Əliyev Moskvanın yaratdığı məneə və məhdudiyyətlərə baxmayaraq, respublikamızın perspektiv inkişafı üçün möhkəm təməllərin yaradılmasına müvəffəq olub, uzaqgörən siyasəti ilə Azərbaycanın gələcək müstəqilliyinin bünövrəsini inşa edib. Məlumdur ki, 1982-ci ilin dekabrında SSRİ Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini kimi də Azərbaycanın mənafeələrini qətiyyətlə qoruyub, xalqımızın rifahı və firavanlığı, respublikamızın inkişafı üçün əhəmiyyətli addımlar atıb, tarixi xidmətlər göstərib.
Müdrik dövlət xadiminin fəaliyyətinin Naxçıvan dövrü də müasir dövlətçilik tariximizin ən mühüm səhifələrindən biri kimi əlamətdar hadisələrlə zəngindir. Heydər Əliyevin muxtar respublikanın Ali Sovetinin sədri olduğu zaman atdığı addımlar müstəqillik ideyasının mənimsənilməsində, milli həmrəyliyin təmin edilməsində, milli-mənəvi dəyərlərin və dövlətçilik ənənələrinin qorunmasında müstəsna rol oynayıb. Xatırlatmaq yerinə düşər ki, Ulu Öndərin təşəbbüsü ilə ilk dəfə olaraq Naxçıvanda Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan üçrəngli bayrağımız qaldırılıb, Naxçıvan MSSR adından "Sovet Sosialist" ifadəsi çıxarılıb, 20 Yanvar faciəsinə siyasi qiymət verilib, Naxçıvan əhalisinin SSRİ-nin saxlanılmasına dair keçirilən referendumda iştirak etməməsi, 31 dekabr tarixinin Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan olunması barədə tarixi qərarlar qəbul olunub, “Ümid” körpüsü vasitəsilə Türkiyə ilə münasibətlərin yeni dönəminin əsası qoyulub. Bütün bu milli məzmunlu, müstəsna ictimai-siyasi, ideoloji və tarixi əhəmiyyətə malik addımlar keçmişə hörmət və ehtiram, gələcəyə aydın baxış və milli hədəflərə yönəlik sistemli fəaliyyət nümunəsi kimi böyük önəm daşıyıb.
Həmin dövrdə, 1992-ci il noyabrın 21-də Yeni Azərbaycan Partiyasının yaradılması isə nəinki müstəqillik, hətta müasir dövlətçilik tariximizin dönüş nöqtəsi oldu. İnkaredilməz həqiqətdir ki, ölkəmizin böhran və tənəzzüldən xilas olaraq sabitlik və inkişaf yoluna qədəm qoyması güclü lider və dahi şəxsiyyət Heydər Əliyevin ətrafında cəmiyyətimizin ən öncül zümrəsinin birləşməsi ilə başladı. Xalqın dəstəyi, Heydər Əliyevin qətiyyətli mövqeyi, siyasi iradəsi və uğurlu fəaliyyəti nəticəsində Yeni Azərbaycan Partiyası qısa müddət ərzində ümumxalq partiyasına və dövlətin siyasi sütununa çevrildi. Yarandığı gündən bir neçə ay sonra Yeni Azərbaycan Partiyasının xalqın etimadı ilə hakimiyyətə gəlməsi dünya siyasi tarixində nadir hadisələrdən biri, Heydər Əliyev şəxsiyyətinə ümumxalq inamının bariz təzahürü idi.
Bununla da siyasi tariximizin çətin, mürəkkəb, keşməkeşli və qeyri-müəyyən dövründə - ölkədə vəziyyətin durmadan ağırlaşdığı və kəskinləşdiyi, inamın azaldığı, ümidlərin tükəndiyi bir vaxtda Ümummilli Lider xalqımız qarşısında ən böyük xidmətlərindən birini - xilaskarlıq missiyasını yerinə yetirdi, Heydər Əliyevin Qayıdışı Azərbaycanın Qurtuluşunu təmin etdi. Ümummilli Liderin zəngin dövlətçilik təcrübəsi və məqsədyönlü siyasəti sayəsində xaosun, vətəndaş qarşıdurmasının qarşısı alındı və sabitlik təmin edildi. Həmin il oktyabr ayının 3-də keçirilən prezident seçkilərində xalqımızın iradəsi əsasında Azərbaycan Respublikasının Prezidenti seçilən Heydər Əliyevin milli maraqlara, dövrün tələblərinə və ictimai-siyasi reallıqlara uyğun qətiyyətli siyasəti ölkəmizin inkişaf yoluna qədəm qoymasını təmin etdi. Vətəndaş həmrəyliyinin, milli birliyin təmin edilməsi, siyasi-hüquqi islahatlar, o cümlədən müstəqillik dövründə ilk parlament seçkilərinin keçirilməsi, müstəqillik dönəminin ilk Konstitusiyasının hazırlanması və ümumxalq səsverməsi - referendum əsasında qəbul edilməsi, kütləvi informasiya vasitələri üzərində senzuranın aradan qaldırılması, ordu quruculuğu, milli maraqlara əsaslanan xarici siyasət nəticəsində ölkəmizin dostlarının və müttəfiqlərinin sayının artması, Azərbaycan həqiqətlərinin, o cümlədən Qarabağ məsələsində ölkəmizin haqlı mövqeyinin dünya birliyinə çatdırılması Azərbaycanın demokratik inkişaf yolunda əmin addımlarla irəliləməsinə və mütərəqqi, sivil dəyərlər əsasında dünya birliyinə inteqrasiyasına mühüm töhfə oldu. Beynəlxalq ictimai rəydə Azərbaycanın müstəqil və milli maraqlara əsaslanan siyasət həyata keçirən, güclü və xarizmatik lideri olan, ümummilli məsələlərdə prinsipial mövqedən çıxış edən qüdrətli dövlət imici formalaşdı.
Bütövlükdə, həm sovetlər birliyi dönəmində, həm də müstəqilliyin bərpasından sonra Ulu Öndərin rəhbərliyi ilə görülən işlər yeni Azərbaycanın parlaq gələcəyini təmin etmişdir. Ona görə də əminliklə söyləyirik ki, Azərbaycanın müstəqil dövlət kimi inkişafı, tarixi uğurlar qazanması Ümummilli Liderin adı, siyasəti və ideyaları ilə bağlıdır. Heydər Əliyev yolu çoxəsrlik tarixə əsaslanan milli dövlətçiliyimizin və dövlət müstəqilliyimizin inkişaf salnaməsidir.
- Siyasi analitiklər, tədqiqatçılar vurğulayırlar ki, Heydər Əliyevin xalqımız qarşısında və müasir dövlətçilik tariximizdə misilsiz xidmətlərindən biri siyasi varisliyi təmin etməsidir. Bu barədə nə deyə bilərsiniz?
- Ulu Öndər fəaliyyəti boyunca tarixi və siyasi ənənələrə, milli-mənəvi dəyərlərə xüsusi diqqət yetirməklə yanaşı, yenilikçi, mütərəqqi baxışlara əsaslanan və xalqın xoşbəxt gələcəyinə hesablanmış çox mühüm təşəbbüslər irəli sürüb, vacib addımlar atıb. Siyasi varisliyin təmin olunması isə Azərbaycanın müasir dövlətçilik tarixində müstəsna yerə və rola malik taleyüklü hadisədir. Ona görə də siyasətçilər, siyasi təhlilçilər, tədqiqatçılar və sadə vətəndaşlar bu reallığı Ümummilli Liderin xalqımız qarşısında ən böyük tarixi xidmətlərindən biri kimi dəyərləndirirlər.
Yaxşı xatırlayırıq, ulu öndər Heydər Əliyev 2003-cü il oktyabrın 1-də Azərbaycan xalqına ünvanladığı tarixi müraciətdə “Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən Ona Özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm” ,- deyə qətiyyətlə vurğulamışdı. Daim öz Liderinə - Heydər Əliyev şəxsiyyətinə güvənərək dövlətin və dövlətçiliyin keşiyində mətinliklə dayanan, qətiyyətli iradə nümayiş etdirən Azərbaycan xalqı növbəti dəfə Ümummilli Liderin çağırışını ən yüksək səviyyədə dəyərləndirərək 2003-cü ildə bir daha Heydər Əliyev siyasətinə “HƏ” dedi və onun ən yaxın silahdaşı olan cənab İlham Əliyevə etimad göstərdi.
Tarix Ümummilli Liderin inamının və xalqın etimadının özünü doğrultmasına şahidlik etdi. Zamanın Ulu Öndərə başa çatdırmağa imkan vermədiyi işləri onun siyasi varisi cənab İlham Əliyev müvəffəqiyyətlə yerinə yetirdi, Heydər Əliyevin arzuları reallığa çevrildi. Cənab İlham Əliyevin 2003-cü ildə Prezident seçilməsindən sonra keyfiyyətcə yeni mərhələ başlandı, yeni tarixi nailiyyətlərə imza atıldı, xalq-iqtidar birliyi daha da möhkəmləndi, Azərbaycan regionda aparıcı güc mərkəzinə və lider dövlətə, ən əsası isə qalib ölkəyə çevrildi.
Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi 19 ildə cərəyan edən proseslər, əldə olunan nailiyyətlər və bütövlükdə mövcud reallıqlar artıq təsdiqləyir ki, Heydər Əliyev yolu Azərbaycanın möhtəşəm nailiyyətlərinin əsasını təşkil edir. Ulu Öndərin siyasətini uğurla, uzaqgörənliklə davam etdirən Prezident İlham Əliyev Azərbaycanın iqtisadi potensialının, siyasi nüfuzunun artmasını, ikitərəfli və çoxşaxəli münasibətlərinin inkişafını, beynəlxalq mövqeyinin möhkəmlənməsini, xalq-iqtidar birliyinin, milli həmrəyliyin güclənməsini, mürəkkəb şərtlər və şərait fonunda, sərt geosiyasi mübarizə və rəqabətin aparıldığı vəziyyətdə milli hədəflərin reallaşmasını təmin etdi.
Ümummilli Liderin ideyaları və zəngin dövlətçilik irsi əsasında inkişaf yolunda inamla addımlayan müstəqil Azərbaycan bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni strateji nailiyyətlərə müvəffəq olur, milli dövlətçilik tariximizin növbəti şərəfli və qürurlu səhifələri yazılır. Tolerantlıq nümunəsi və multikulturalizm ünvanı, beynəlxalq dialoq və əməkdaşlıq məkanı kimi səciyyələndirilən Azərbaycanın inkişaf yolu bir çox ölkələr üçün örnəkdir. Təsadüfi deyil ki, dünyanın nüfuzlu ekspertləri və mötəbər strateji tədqiqat mərkəzləri, aparıcı reytinq institutları Azərbaycanın inkişaf modelini mütərəqqi nümunə kimi dəyərləndirir və ölkəmizin gələcəyinə dair pozitiv rəy və proqnozlar ifadə edirlər.
Tarixi əhəmiyyətə malik ən mühüm məqam isə budur ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətənin bütövlüyünü, tarixi ədaləti bərpa etmək uğrunda ləyaqətli və qətiyyətli mübarizə aparan Azərbaycan xalqı iradəsini ortaya qoyaraq haqq savaşında ali məqsədinə nail oldu, 44 günlük Vətən müharibəsində qazanılan, son 200 illik tariximizdə bənzəri olmayan böyük Qələbə sayəsində torpaqlarımız işğaldan azad, ərazi bütövlüyümüz və milli ləyaqətimiz isə bərpa edildi. Beləliklə, zaman torpaqlarımızın uzunmüddətli hərbi-siyasi əsarətdən xilasına nail olan Azərbaycanın Liderinin Vətənə, xalqa və dövlətə sədaqət andını, ata vəsiyyətini şərəflə yerinə yetirməsinə şahidlik etdi. Müzəffər Ali Baş Komandan İlham Əliyev bir daha sübuta yetirdi ki, onun sözü imzası qədər dəyərlidir.
Bu gün işğaldan azad edilmiş, üçrəngli bayrağımızın qürurla və əzəmətlə dalğalandığı ərazilərdə nəhəng bərpa-quruculuq işləri görülür, Müzəffər Ali Baş Komandan İlham Əliyev ilə Birinci vitse-prezident Mehriban xanım Əliyevanın həmin torpaqlara hər bir səfəri təntənəli Zəfər yürüşünün davam etdiyini göstərir, qalib Azərbaycan Böyük Qayıdışı, dayanıqlı və layiqli məskunlaşmanı yüksək səviyyədə təmin etmək iqtidarında olduğunu bütün dünyaya nümayiş etdirir.
Beləliklə, tərəqqi və Zəfər yolu Heydər Əliyev ideyaları əsasında və Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanı yeni hədəflərə, yeni zirvələrə aparır. Müstəqil Azərbaycan Heydər Əliyev yolunun Müzəffər davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə strateji hədəflərinə doğru inamla irəliləyir. Bütün bu nailiyyətlər və qürurverici reallıqlar Heydər Əliyev ideyaları və siyasətinin təntənəsi, Prezident İlham Əliyevin məqsədyönlü fəaliyyətinin nəticəsi, dövlətimizin qüdrətinin ifadəsidir.
- Tahir müəllim, ulu öndər Heydər Əliyevin əbədiyaşar ideyalarından və zəngin dövlətçilik irsindən bəhs etdiniz. Şübhəsiz ki, Heydər Əliyev irsi Azərbaycan xalqının milli-mənəvi sərvəti, dövlətçiliyimizin siyasi-ideoloji sütunudur. “Heydər Əliyev İli” çərçivəsində həyata keçiriləcək tədbirlərin ümummilli liderin siyasi irsinin öyrənilməsi baxımından əhəmiyyəti nədən ibarətdir?
- Heydər Əliyev öz zəngin dövlətçilik təcrübəsi və bənzərsiz liderlik keyfiyyətləri ilə Azərbaycanı müstəqillik yolunda inkişaf etdirməyə - müstəqilliyi daimi, dönməz və əbədi etməyə müvəffəq olmuş, xalqımıza qürur və iftixar mənbəyi olan çoxsaylı tarixi nailiyyətlər qazandırmış, yeni, müasir və müstəqil Azərbaycan reallığını yaratmış müdrik dövlət xadimidir.
Prezident İlham Əliyevin 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan edilməsi haqqında Sərəncamında qeyd edildiyi kimi, “müstəqil Azərbaycan Ulu Öndərin indiki və gələcək nəsillərə əmanəti, onun zəngin və çoxşaxəli irsi isə xalqımızın milli sərvətidir. Bu müqəddəs mirası qoruyub saxlamaq hər bir azərbaycanlının şərəfli vəzifəsidir”. Bəli, Heydər Əliyev fenomeni zaman və məkan anlayışlarının fövqündədir. Yəni onun dövlətçilik irsi və parlaq ideyaları hər zaman – bütün dövrlər üçün aktualdır. Heydər Əliyev ideyaları həm xalqımızın mənəvi-siyasi sərvəti, həm də Azərbaycan dövlətinin inkişafını, xalqımızın xoşbəxt gələcəyini təmin edən dəyərlər sistemi kimi müstəsna əhəmiyyətə malikdir. Ulu Öndərin ideyaları, eyni zamanda, milli həmrəyliyi təmin edən, dünya azərbaycanlılarını vahid məqsəd ətrafında – Azərbaycan naminə birləşdirən məfkurədir. Ümummilli Liderin siyasi irsi dövlətçilik konsepsiyasıdır. Ona görə də ölkəmizdə və respublikamızın hüdudlarından kənarda Heydər Əliyev irsinin öyrənilməsi ilə əlaqədar ardıcıl, məqsədyönlü və sistemli fəaliyyət həyata keçirilir. Xüsusi vurğulamaq lazımdır ki, Birinci vitse-prezident, Yeni Azərbaycan Partiyası Sədrinin birinci müavini Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu Ümummilli Liderimizin zəngin irsinin araşdırılmasında və gənc nəslin bu irsin öyrənilməsinə təşviq olunmasında vacib rol oynayır. Yeni Azərbaycan Partiyası da Heydər Əliyev irsinin və ideyalarının təbliği istiqamətində sistemli fəaliyyət göstərir. Qeyd edim ki, YAP-ın Proqramında Heydər Əliyev irsinin təbliği və təşviqi partiyanın əsas hədəflərindən biri kimi göstərilib, onun həyatının Vətənə, xalqa və dövlətə xidmət nümunəsi olduğu qeyd edilib.
“Heydər Əliyev İli” ilə əlaqədar təsdiqlənən Tədbirlər Planı olduqca zəngin, rəngarəng və çoxşaxəlidir. Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatı da 2023-cü ildə görüləcək işləri və ümumi fəaliyyət istiqamətlərini müəyyən edən Tədbirlər Planı hazırlayıb və sənəd partiyanın İdarə Heyətinin iclasında müzakirəyə çıxarılacaq. Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatı olaraq Ümummilli Liderin 100 illiyinə həsr olunmuş müsabiqələr, aksiyalar, görüşlər, elmi-praktik konfranslar keçirməyi və bir sıra digər tədbirləri reallaşdırmağı nəzərdə tuturuq.
Bütövlükdə, “Heydər Əliyev İli” çərçivəsində respublika səviyyəsində və ölkəmizin hüdudlarından kənarda keçiriləcək tədbirlər Heydər Əliyev şəxsiyyətinin dövlətçilik tariximizdə müstəsna yerinin və rolunun daha dərindən tədqiq olunması, onun ideya-siyasi xəttinin, zəngin dövlətçilik irsinin və əbədiyaşar ideyalarının yeni nəsilə aşılanması, gənc nəslin milli-mənəvi dəyərlər əsasında, vətənpərvərlik və dövlətə sədaqət ruhunda yetişməsi və bütövlükdə müasir müstəqil Azərbaycanın inkişaf yolunun hərtərəfli öyrənilməsi baxımından müstəsna əhəmiyyətə malikdir.