Mingəçevir Elektrik Stansiyasının önəmi İkinci Qarabağ müharibəsi zamanında bir daha bəlli oldu
Minurə Əhmədova
YAP Suraxanı rayon təşkilatının üzvü
Suraxanı rayonu Əlövsət Vəliyev adına körpələr evi və uşaq bağçasının tərbiyəçisi
Fevralın 13-də Bakıda “Gülüstan” sarayında müstəqillik dövrünün 1280 MVt gücündə ən böyük İstilik Elektrik Stansiyasının təməlqoyma mərasimi keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib. Dövlətimizin başçısı qeyd edib ki, Mingəçevir şəhərində yeni 1280 meqavat gücündə elektrik stansiyasının təməlinin qoyulması mərasiminə toplaşmışıq. Əminəm ki, biz yaxın zamanlarda – 2025-ci ildə bu stansiyanın açılışını qeyd edəcəyik.
Ulu Öndərin rəhbərliyi və təşəbbüsü ilə 1976-cı ildə Mingəçevirdə böyük elektrik stansiyasının təməli qoyulub. Böyük stansiyanın birinci bloku 1981-ci ildə Heydər Əliyevin şəxsi iştirakı ilə açılıb. Bu, çox əlamətdar hadisədir, ölkəmizin enerji potensialını böyük dərəcədə gücləndirəcək, eyni zamanda, Mingəçevirin Azərbaycanın elektroenergetika mərkəzi kimi önəmini daha da artıracaq. Onsuz da Mingəçevir hazırda elektroenergetika sahəsində bizim əsas şəhərimizdir. Mingəçevirdə fəaliyyət göstərən elektrik stansiyası bu gün ölkəmizin elektrik enerjisinə ehtiyacının böyük hissəsini ödəyir. Ümumi generasiya gücü 2400 meqavat olan stansiya ölkəmizin nəinki enerji potensialını, ümumiyyətlə, sənaye potensialının böyük hissəsini ödəyərək imkan verdi ki, hətta müstəqilliyimizin ən ağır illərində, Azərbaycanda elektrik enerjisi ilə təchizat təmin edilsin.
Təbii ki, illər keçdikcə istənilən infrastruktur köhnəlir, o cümlədən Mingəçevir Elektrik Stansiyasının yenidən qurulması prioritet məsələlərdən biri idi və Dövlət başcımızın göstərişi ilə 2018-ci ildə stansiyanın tamamilə yenidən qurulması prosesi başlamışdır. Qısa müddət ərzində - 8 blok tamamilə yenidən qurulmuş və istifadəyə verilmişdir. Beləliklə, 2020-ci ildə stansiya, necə deyərlər, öz əzəli gücü ilə yenidən işləməyə başlamış və 2400 meqavat generasiya gücünə malik olmuşdur.
Mingəçevir Elektrik Stansiyasının önəmi İkinci Qarabağ müharibəsi zamanında bir daha bəlli oldu. Çünki o vaxt döyüş meydanında məğlub olan Ermənistan Azərbaycanın mülki obyektlərini də atəşə tuturdu, yüzlərlə yaşayış evi tamamilə dağıdılmışdır, yüzə yaxın dinc insan həlak olmuşdur, o cümlədən Mingəçevir Elektrik Stansiyası da uzaqmənzilli raketlərlə atəşə tutulmuşdur. Bu raketlərin bir çoxu Azərbaycanın hava hücumuna qarşı müdafiə sistemləri tərəfindən məhv edildi. Yəni, döyüş meydanında məğlub olan Ermənistan məhz Azərbaycanın elektrik potensialının əsas mərkəzini sıradan çıxarmaq istəyirdi. Ancaq buna nail ola bilmədi.
İndi isə Mingəçevir şəhərinin Azərbaycanın və nəinki Azərbaycanın, bütün Qafqazın elektroenergetika mərkəzi kimi yeni dövrü başlayır, təxminən 1300 meqavat gücündə olan stansiya əlbəttə ki, bizim potensialımızı böyük dərəcədə gücləndirəcək. Bu, Azərbaycanın enerji təhlükəsizliyinə verilən növbəti töhfə olacaq, yüzlərlə yeni iş yerləri yaranacaq və beləliklə, Azərbaycan öz imkanlarından tam istifadə edərək həm daxili tələbatı ödəyəcək, eyni zamanda, həm elektroenergetika, həm də təbii qaz sahəsində daha böyük addımlar atacaq. Çünki yeni tikiləcək stansiyada şərti yanacağın sərfiyyatı kifayət qədər aşağıdır və bu, imkan verəcək ki, ildə təqribən 800 milyon kubmetr və ya 1 milyard kubmetr qaza qənaət edilsin. Bu gün Avropa məkanında Azərbaycan qazına böyük tələbat olduğu üçün bu, eyni zamanda, Avropanın enerji təhlükəsizliyinə növbəti töhfə olacaqdır.
Cənab Prezident onu da bildirdi ki, yeni tikiləcək bu stansiyanın müasir standartlara cavab verməsi nəticəsində karbon qazının miqdarı çox böyük dərəcədə – 2 milyon ton azalacaq və beləliklə, ətraf mühitə də bunun çox böyük faydası olacaqdır. Stansiya Azərbaycanın daxili resursları çərçivəsində inşa ediləcək, stansiyanın ümumi dəyəri təqribən 400 milyon dollara qədər olacaq. Bunun da səbəbi, əlbəttə ki, səmərəlilikdir. Eyni zamanda, bunun səbəbi odur ki, Mingəçevirdə artıq güclü elektroenergetika infrastrukturu yaradılmışdır və bu stansiyanın məhz Mingəçevirdə inşa edilməsi də, ilk növbədə, bu məqsədi güdür. Eyni zamanda, ödəniləcək vəsaitin 60 faizi “Azərenerji”nin öz vəsaiti hesabına təmin ediləcək. Qalan 40 faiz isə kreditlər vasitəsilə təmin ediləcək. Yenə də nəzərə alsaq ki, burada iş əmsalı çox yüksək olacaq, təbii qaza böyük qənaət olacaq, bir neçə il ərzində əminəm ki, bu stansiyanın fəaliyyəti nəticəsində həm qoyulan vəsait qayıdacaq, eyni zamanda, kredit borcu da bağlanacaq.Yəni, bu, hərtərəfli uğurlu bir layihədir. Baxmayaraq ki, hazırda dünyada, Avropada, o cümlədən Azərbaycanda bərpaolunan enerjiyə daha böyük üstünlük verilir.
Bu stansiya xarici tərəfdaşlarla birlikdə inşa ediləcək. Azad edilmiş Qarabağda və Şərqi Zəngəzurda bu gün böyük quruculuq-bərpa işləri getdiyi bir dövrdə, ilk növbədə, o bölgənin enerji potensialı araşdırılır.İtaliya şirkətinin bu stansiyanın inşasında iştirakı təsadüfi deyil. İtaliya bizim strateji tərəfdarımızdır. İtaliya ilə Azərbaycan arasında strateji tərəfdaşlığa dair iki sənəd imzalanmışdır, yüksək səviyyəli qarşılıqlı səfərlər təşkil edilmişdir. Əlbəttə, bütövlükdə energetika sahəsində əməkdaşlıq ənənəvidir. Azərbaycan neftinin böyük hissəsi İtaliya bazarına çatdırılır və iki ildən artıqdır ki, Azərbaycan qazı İtaliya bazarına çatdırılır. Yəni, İtaliya-Azərbaycan əlaqələri təkcə iki ölkənin maraqlarını təmin etmir, böyük coğrafiyanın maraqlarını təmin edir. Azərbaycanda bütövlükdə elektroenergetika sahəsi son illər ərzində çox sürətlə və uğurla inkişaf etmişdir. Son 20 il ərzində Azərbaycanda 34 elektrik stansiyası inşa edilmişdir və bu stansiyaların generasiya gücü təqribən 3400 meqavata bərabərdir.
Azad edilmiş torpaqlarda bərpa-yenidənqurma işlərinə, ilk növbədə, elektroenergetika sahəsindən başlanmışdır və artıq 10-dan çox yarımstansiya və su elektrik stansiyası inşa edilmişdir. Amma, eyni zamanda, bildiyiniz kimi, bərpaolunan enerji növlərinin inkişafı üçün Azərbaycanda çox böyük potensial var. Hazırda iki stansiya inşa edilir - 470 meqavatlıq günəş və külək. Üçüncü stansiyanın inşası yaxın vaxtlarda başlayacaq, o da bizə təqribən 240 meqavat əlavə güc verəcəkdir. 13 fevral 2023 -cü il doğrudan da böyük və önəmli işin təməli qoyuldu. Həmin stansiya həm ölkəmizin enerji potensialını, ixrac imkanlarımızı gücləndirəcək, həm də xarici tərəfdaşlarla yeni, gələcək layihələrə yol açacaqdır.