Memorial Kompleks Azərbaycan xalqının əyilməz ruhunun rəmzidir

Memorial Kompleks Azərbaycan xalqının əyilməz ruhunun rəmzidir

Elvina Əhmədova 

YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədr müavini 

Gülarə Əliyeva adına 3 nömrəli Uşaq İncəsənət məktəbinin direktoru

Cənab İlham Əliyevin Xocalı Soyqırımı Memorial Kompleksinin açılış mərasimində etdiyi çıxış Azərbaycan tarixinin ağrılı səhifələrindən birinə həsr olunmuş mühüm hadisə kimi yadda qaldı. Prezident qeyd etdi ki, iki il əvvəl onun iştirakı ilə təməli qoyulan Memorial Kompleks artıq hazırdır və bu gün xalqımız bu müqəddəs məkanda Xocalı qurbanlarının əziz xatirəsini yad edir.

Dövlət başçısı çıxışında vurğuladı ki, Memorial Kompleks Azərbaycan xalqının əyilməz ruhunun rəmzidir. Bu abidə təkcə Xocalı faciəsi qurbanlarının xatirəsini yaşatmır, həm də xalqımızın ədalət uğrunda apardığı mübarizənin nəticəsini əks etdirir. Prezidentin sözlərinə görə, dünyada nadir ölkələr tapılar ki, həm ədalətli müharibədə tam qələbə qazansın, həm öz ərazi bütövlüyünü və suverenliyini bərpa etsin, həm də müharibə cinayətkarlarının məsuliyyətə cəlb olunmasına nail olsun. Azərbaycan bu tarixi uğura imza atmışdır.

Prezident çıxışında qeyd edib ki, cəmi 44 gün davam edən müharibə nəticəsində düşmən məğlub edilmiş, kapitulyasiya aktına imza atmış və Azərbaycanın torpaqları azad olunmuşdur. Dövlət başçısı vurğulamışdır ki, Azərbaycan Ordusu müharibə zamanı mülki əhaliyə qarşı heç vaxt zorakılıq törətməmiş, yalnız işğalçı qüvvələrə qarşı mübarizə aparmışdır. Bu isə xalqımızın humanist dəyərlərə sadiq olduğunu bir daha göstərmişdir.

Prezident çıxışında Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən “Xocalıya ədalət!” kampaniyasının əhəmiyyətini də xüsusi qeyd etdi. Bu təşəbbüs Xocalı həqiqətlərinin dünyaya çatdırılmasında mühüm rol oynamış və beynəlxalq ictimaiyyətin diqqətini bu faciəyə yönəltmişdir.

Memorial Kompleksin məhz Xocalı şəhərində açılması ədalətin bərpa olunmasının rəmzi kimi dəyərləndirilir.  Prezident İlham Əliyev vurğuladı ki, Azərbaycan xalqı ədaləti öz gücü ilə təmin etmişdir. Bu gün Xocalıda ucaldılan memorial həm faciənin unudulmamasına xidmət edir, həm də gələcək nəsillərə tariximizin həqiqətlərini çatdırır.

Dövlət başçısı çıxışında təəssüf hissi ilə qeyd etdi ki, Vətən müharibəsi Ermənistan üçün kifayət qədər dərs olmayıb. Bununla belə Azərbaycan xalqı öz haqq işini qətiyyətlə davam etdirir və regionda sülhün bərqərar olmasına çalışır.

Xocalı Soyqırımı Memorial Kompleksinin açılışı tarixə ehtiramın, şəhidlərimizin xatirəsinə sonsuz hörmətin və ədalətin təntənəsinin parlaq ifadəsi kimi qiymətləndirilir. Bu memorial Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaq müqəddəs bir məkan kimi mühüm əhəmiyyət daşıyır.