Macarıstan Azərbaycanın strateji tərəfdaşı və Avropa İttifaqında ən etibarlı tərəfdaşlarından biridir
Elburus Xəlilov
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı rayonu Hövsan bələdiyyəsinin sədri
Bir neçə gün əvvəl Prezident İlham Əliyevin Macarıstana rəsmi səfəri iki dost və tərəfdaş ölkə olan Macarıstan və Azərbaycan münasibətlərinin inkişafına dəyərli töhfə oldu. Bu gün Azərbaycan və Macarıstan arasında olan dostluq əlaqələri həm ölkələrimiz üçün, həm Avrasiya məkanı üçün çox böyük önəm daşıyır. Strateji tərəfdaşlığa dair imzalanmış sənədlər bir daha bunu sübut edir.
Səfər çərçivəsində Prezident İlham Əliyev 30 yanvarda Budapeştdə mətbuata verdiyi bəyanatda bildirdi ki, uzun illər ərzində apardığımız uğurlu siyasət, birgə addımlar bu gün enerji sahəsində əməkdaşlıq üçün çox güclü zəmin yaratdı. Azərbaycan öz qaz resurslarını Avropa bazarlarına çatdırmaq üçün fəal çalışırdı və nəticə etibarilə iki il bundan əvvəl Cənub Qaz Dəhlizi icra edildi. Bu, çox müasir enerji infrastrukturudur və artıq iki ildir ki, Azərbaycan Avropa İttifaqı məkanına öz təbii qaz resurslarını çatdırır. Azərbaycanın enerji resurslarına Avropada böyük tələbat var və bu təlabatı bu gün dünyada kəskin dəyişən geosiyasi vəziyyət daha da artırıb.
Minatəmizləmə sahəsi də əməkdaşlığın vacib istiqamətlərindən biridir və bu sahədə Macarıstanın təcrübəsini nəzərə alaraq, əməkdaşlıq üçün yaxşı imkanlarımız var. Cənab Prezident bəyanatında onu da vurğuladı ki, yaxın vaxtlarda biz konkret layihələrin müzakirəsinə başlayacağıq. Azərbaycan şəhərsalma istiqamətində böyük təcrübəsi olan Macarıstanla bu sahədə əməkdaşlıq etməyə maraqlıdır. Macar şirkətləri azad edilmiş Qarabağ və Zəngəzur torpaqlarında da fəaliyyət göstərəcəklər.
Macarıstan ilə əlaqələrin hərtərəfli inkişafı ölkəmizin xarici siyasətinin vacib istiqamətlərindəndir. Macarıstan Azərbaycanın strateji tərəfdaşı və Avropa İttifaqında ən etibarlı tərəfdaşlarından biridir. Ölkələrimiz arasında iqtisadi əlaqələrdə də davamlı inkişaf meyilləri müşahidə olunur. Azərbaycan və Macarıstan geniş iqtisadi imkana malik ölkələrdir. İki ölkə arasında imzalanmış strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə, habelə iqtisadi sahəni əhatə edən bir sıra digər sənədlər iqtisadi əməkdaşlığın daha da genişlənməsində əhəmiyyətli baza rolunu oynayır.
Azərbaycanın xarici siyasətində Avropa dövlətləri ilə əməkdaşlıq xüsusi önəm daşıyır. İllər keçdikcə əməkdaşlıq əlaqələrinin yeni istiqamətlər üzrə inkişaf etdirilməsi üçün mövcud imkanlardan istifadə edilir. Enerji təhlükəsizliyi məsələləri bu gün dünyada xüsusi əhəmiyyət kəsb edir və dünya gündəliyinin ön sıralarındadır.
Zəmanəmizin dühası Heydər Əliyevdən “Ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm” qiymətini alan Prezident İlham Əliyev Azərbaycanın bugünkü və gələcək inkişafının təminatçısıdır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin böyük sərkərdəlik məharəti, güclü iradəsi və qətiyyəti, yenilməz ordumuzun şücaəti, xalqın Prezidentinə olan birmənalı dəstəyi və onun ətrafında monolit birliyi sayəsində bu gün ölkəmiz regionda güclü ölkə kimi tanınır. Necə deyərlər “el bir olsa dağ oynadar yerindən”.
Cənab prezidentin Qarabağ Azərbaycandır! Bu şüar xalqımızın milli dilinin əzbəri və əsas şüarı oldu. Qarabağımızı Azadlığına qovuşduran, Azərbaycanımızı Tarixi Qələbəyə aparan da məhz elə bu dəqiq cümlə, qətiyyətli siyasət oldu. 44 günlük Vətən müharibəsində, haqlı döyüşümüzdə qazandığımız tarixi qələbə Haqqın, ədalətin təkcə mənfur erməni vandalları deyil, bütün dünyada olan qara qüvvələr üzərində qələbəsi idi.