Mənim Ana dilim, mənim kimliyim
Şah I İsmayılın vəsiyyətində belə deyilir: ”Övladlarım 3 şeyi qoruyub saxlayın: Dilimizi, qeyrətimizi və Vətənimizi”. Sələflərin qoyub getdiyi, min illərin zaman süzgəcindən axıb gələn doğma dilimizi də yüksəldən Ulu Öndər Heydər Əliyev hər zaman milli-mədəni irsə sahib çıxan xələf olmuşdu.“Müxtəlif dillərə mənsub olan insanlar Azərbaycan dilini sadəcə eşidərək, onun mənasını o qədər bilməyərək, Azərbaycan dilinin nə qədər şeirə bənzədiyini, xoş ahəngli olduğunu dəfələrlə qeyd ediblər. Biz dilimizlə fəxr etməliyik.
Dil hər bir millətin milliliyinin əsasıdır. Ona görə də hər bir gənc öz ana dilini, Azərbaycan dilini, müasir Azərbaycan dilini gərək ən incəliklərinə qədər bilsin və bu dildən istifadə etsin. Biz müstəqil Azərbaycanda Azərbaycan dilini dövlət dili etdiyimiz kimi, cəmiyyətimizdə də, xalqımızın içində də Azərbaycan dilini mütləq hakim dil etməliyik.” söyləyən Dahi Lider bu müqəddəs atributun dəyərini dərk etməməmiz üçün xüsusi bir bayram günü müəyyənləşdirmişdi. 2001-ci ilavqustun 9- da imzalanmış fərmana görə hər il avqustun 1-i “Azərbaycan Əlifbası və Dili Günü” kimi qeyd olunur.
Ümummilli Lider hələ Azərbaycana birinci rəhbərliyi dövründə 1978-ci il Konstitusiyasının qəbul edilməsi zamanı dövlət dili maddəsinin respublikanın xeyrinə həll olunması üçün ciddi mübarizə aparmışdır. “Öz dilini bilməyən, öz dilini sevməyən adam öz tarixini yaxşı bilə bilməz.” -deyən Ulu Öndər bir milləti məhv etmək üçün dilini məhv etməyin kifayət etdiyini bilirdi.
Öz nitqlərinin birində “Xalqı xalq edən, milləti millət edən onun ana dilidir.” söyləmiş Dahi Lider Xətib Təbrizi, Ömər Gəncəyi, Əsirəddin Əndəlusi kimi orta əsr dilçi alimmlərimizin müqəddəs əməyinə yüksək dəyər verərək qloballaşan dünyada milli kimliyin möhkəmlənməsinə və tanınmasına nail olmuşdur.
Uzaqgörən lider Heydər Əliyev dilimizin adının yurdumuzun, millətimizin adı ilə eyni olmasına nail oldu.“Biz indi müstəqil dövlət kimi, azad xalq kimi öz ana dilimizlə, Azərbaycan dili ilə fəxr edirik.Mən hər bir dilə öz hörmət və ehtiramımı bildirirəm. Amma hesab edirəm ki, öz dilimizlə. Azərbaycan dili ilə hər birimiz fəxr edə bilərik. Çünki bu, zəngin dildir, artıq dünyada tanınmış dildir. Xalqımızın adı da tanınıb, respublikamızın adı da tanınıb, dilimizin adı da tanınıb.”
Ulu Öndərin dühasını yüksəklərə ucaldan İlham Əliyev də Azərbaycan Dili və Əlifbasının inkişafına xüsusi diqqət yetirərək “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında”, “Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında” və “Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin Azərbaycan dilində nəşri nəzərdə tutulan əsərlərinin siyahısının təsdiq edilməsi haqqında” olan dəyərli fərman və sərəncamlarla ana dilimizi sarsılmaz sərkərdə kimi qoruyur. Ana dilimizi və özümüzəməxsus əlifbamızı qorumaq hamımızın borcudur.