Lokal xarakterli antiterror tədbirləri zamanı şəhid olmuş mayor Elxan Nəcəfinin il mərasimi keçirilib

Lokal xarakterli antiterror tədbirləri zamanı şəhid olmuş mayor Elxan Nəcəfinin il mərasimi keçirilib
Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı şəhid olmuş ordumuzun hərbi qulluqçusu, 1986-cı il təvəllüdlü mayor Nəcəfi Elxan Şükür oğlunun il mərasimi keçirilib.
Suraxanı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev, YAP Suraxanı rayon təşkilatının sədr müavini, RİHB-nin müavinləri, şəhid ailələri, rayon ictimaiyyəti iştirak ediblər.
İlk öncə şəhidin II Fəxri Xiyabanda məzarı ziyarət edilərək xatirəsi ehtiramla anılıb, məzarı üzərinə gül dəstələri düzülüb və ruhuna dualar oxunub. Daha sonra Rayon İcra Hakimiyyəti tərəfindən açılan ehsan süfrəsində canlarını Azərbaycanın ərazi bütövlüyü uğrunda qurban vermiş bütün şəhidlərimizin əziz xatirələri yad edilib.
RİH başçısı Adil Əliyev çıxış edərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uzaqgörən siyasətindən, döyüş meydanında olduğu kimi, diplomatiyada da qazanılan uğurlardan, Ermənistanın sülh müqaviləsi imzalamaqdan başqa çıxış yolunun olmamasından, işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən sürətli abadlıq-quruculuq işlərindən danışıb, ölkəmizdə şəhid ailələrinə və qazilərə dövlət səviyyəsində böyük diqqət və qayğının davamlı göstərildiyini qeyd edib.