Səadət Seyidova
Yeni Azərbaycan Partiyasının təəssübkeşi
Suraxanı rayonu, 290 nömrəli tam orta məktəbin müəllimi
Azərbaycanın düşmən üzərində tarixi qələbəsindən iki ildən artıq bir vaxt keçir. Ali Baş Komandan cənab İlham Əliyevin başçılığı ilə müzəffər Azərbaycan Ordusu 30 il ərzində mənfur düşmənin tapdağı altında olan torpaqları azad etdi. Bütün dünya ictimaiyyəti güclü orduya malik Azərbaycanın nəyə qadir olduğunu, həmin ərazilərin əzəli sahibinin kimliyini bildi. Hər bir qarışı bizim üçün əziz olan, şəhidlərimizin qanı bahasına alınan bu ərazilərdən biri də strateji əhəmiyyətə malik olan Laçındır. 1993-cü ildə Laçının işğal altına düşməsi ilə Ermənistanla keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti arasında coğrafi əlaqə yaradılmışdı. Bu ərazi xüsusi əhəmiyyət kəsb edirdi.
Qələbə əldə olunduqdan sonra Azərbaycan–Ermənistan sərhəddinin Laçın istiqamətində sərhəd-buraxılış məntəqəsinin qurulması isə ərazi bütövlüyümüzün tam olaraq bərpasına şərait yaratdı. Sərhəd-buraxılış məntəqəsi bu ərazilərə tam nəzarəti təmin etdi. Bu, eyni zamanda həmin ərazilərdə ermənilərin beynəlxalq konvensiyalarla hərbi cinayət sayılan qanunsuz məskunlaşma aparmasına da son qoydu. Rəhbərimizin əyilməz mövqeyi, iradəsi, siyasi bacarığı sayəsində danışıqlar zamanı olan təzyiqlərin, hədələrin qarşısı uğurla alındı.
Hal-hazırda azad edilmiş torpaqlarımızda, eyni zamanda, Laçında görünməmiş bir sürətlə yenidənqurma işləri aparılır. Cəmi 7-8 ay ərzində Laçının böyük hissəsi tamamilə yenidən qurulub: 700 bina inşa edilib. Dörd minə yaxın insanın məskunlaşacağı Laçın şəhərində yeni iş yerlərinin açılmasına da xüsusi diqqət yetirilir. Tibb məntəqəsi, məktəbin inşası, onlarla digər yeni müəssisələrin yaradılması burada yaşayan sakinlərin rifahına, əhalinin işlə təminatına da xidmət edəcəkdir.
İqtisadi cəhətdən tam müstəqil olan Azərbaycanda hər bir sahədə gedən inkişaf, siyasi gücümüzün artması artıq başqa dövlətlərin də Azərbaycanla hesablaşmasına səbəb olmuşdur. Regional təhlükəsizlik və inkişaf məsələlərində Azərbaycanın razılığı olmadan heç bir təşəbbüs həyata keçirilə bilməz. Artıq beynəlxalq təşkilatlar da faktiki olaraq Azərbaycanın haqlı olan mövqeyi ilə razılaşıblar. Reallıq göz qabağındadır.
Cənab Prezident İlham Əliyev Laçın rayonunda bayrağımızı ucaldarkən demişdir: ”Laçın şəhəri, Zabux kəndi, Sus kəndi, ilk növbədə, yenidən qurulacaq. Əminəm ki, biz buna tez bir zamanda nail olacağıq. Çünki Vətən müharibəsindən sonra bu günə qədər keçən dövr ərzində gördüyümüz işlər – genişmiqyaslı quruculuq və bərpa işləri göstərir ki, biz öz diyarımızı, Vətənimiz öz hesabımıza bərpa edirik və edəcəyik”.
Laçın şəhərinin sakinlərinin uzun fasilədən sonra doğma şəhərlərinə qayıtması bu sözləri bir daha təsdiqlədi. Rəhbərin 28 May – Müstəqillik Günü ərəfəsində Laçına səfəri və çıxışı hər bir azərbaycanlının sevimli bayramına daha bir rəng qatdı. Şəhərdə Heydər Əliyev, 28 May və Zəfər küçələrinin açılışı isə ulu öndərin Azərbaycanın inkişafında misilsiz xidmətlərini, müstəqilliyimizi, Prezident İlham Əliyevin rəhbərliyi və mərd oğulların qanı hesabına əldə olunan qələbəni burada yaşayan sakinlərə, gənc nəslə daim xatırladacaqdır.