Laçın rayonunda artıq üçrəngli şanlı Azərbaycan Bayrağımız dalğalanır
Vüsalə Hacıyeva
YAP Suraxanı rayon təşkilatının fəal üzvü
“Suraxanı OYL OK.S.A”Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin mühəndisi
Mən bu gün böyük qürur hissi duyuram, çünki Laçın şəhərinin Ermənistan işğalından azad edilməsindən artıq iki il keçir. 2020- ci ildə 44 günlük Vətən müharibəsindən sonra noyabrın 10- da Azərbaycan və Rusiya prezidentlərinin, Ermənistanın baş nazirinin imzaladığı birgə Bəyanata əsasən, Ermənistan silahlı qüvvələri Laçını da Ağdam və Kəlbəcər kimi Azərbaycana təhvil verməli oldular.
Döyüş meydanında əldə etdiyimiz parlaq qələbə bu gözəl nəticəyə gətirib çıxardı ki, biz bu şəhəri bir güllə atmadan və şəhid vermədən geri qaytardıq. Qürur hissi ilə demək lazımdır ki, erməni işğalından azad olunan Laçın rayonunda artıq üçrəngli şanlı Azərbaycan Bayrağımız dalğalanır.
Prezident İlham Əliyevin 2023- cü il iyulun 31- də imzaladığı Sərəncama əsasən işğaldan azad edilmiş ərazilərdə “Şəhər günləri “ təsis olundu. Laçın şəhəri avqustun 26- da ermənilərdən azad olunduğundan bu tarix “Laçın Şəhəri Günü” kimi təsdiq olunmuşdur. Bu gün tarixi hadisələrdən biridir ki, 31 il əvvəl gözü yaşlı öz doğma yurdlarını tərk edən laçınlılar artıq sevinclə öz doğma yurdlarına qayıdır və bayram edirlər. Laçınlılar bu günü həsrətlə gözləyirdilər. Bu gün artıq ölkəmizin ərazi bütövlüyü təmin olunub. Bütün sərhədboyu nəzarət-keçid məntəqələri yaratmaqla ölkəmizə giriş və çıxışlar icazəmizlə həyata keçirilir.
Artıq tarixi həqiqət bərpa olundu, işğal altında olan ərazilərimiz işğaldan tam azad edildi və ölkəmizin ərazi bütövlüyü bərpa olundu, müharibə şanlı qələbəmizlə başa çatdı.Tarixən ən çətin vəzifələrin öhdəsindən gələn Azərbaycan xalqı həmrəylik və böyük əzm göstərərək mənfur düşmənlərimiz tərəfindən darmadağın edilmiş şəhərlərimizin və kəndlərimizin bərpa olunması üçün var gücü ilə çalışırlar.
Mən fəxr edirəm ki, Prezidentimiz İlham Əliyev Ulu Öndər Heydər Əliyevin arzularını həyata keçirtdi və 30 illik həsrətə son qoydu.Bütün dünyaya sübut etdik ki, Qarabağ Azərbaycandır və Azərbaycan xalqı bu işğalla heç vaxt barışmayacaq.