Ceyran Novruzova
YAP Suraxanı rayon təşkilatının ƏPT-nın sədri
Suraxanı rayonu 114 nömrəli tam orta məktəbin direktoru, Əməkdar müəllim
Qədim bir yunan ifadəsi var: “Ədalətli insan haqsızlıq etməyən deyil, ədalətsiz olmaq imkanı olduğu halda ədalətsiz
olmaq istəməyən biridir”. Bu deyim Azərbaycan dövlətinin son 3 ildəki fəaliyyətini çox gözəl ifadə edir. Bəlkə də Azərbaycanın əleyhdarları dövlətimizin Qarabağ münaqişəsi ilə bağlı son 30 ildə aparmış olduğu sülhsevər və ədalətli siyasətini düşmənlərimizin güclü, arxalı olması ilə əlaqələndirirdilər, amma 44 günlük Vətən müharibəsindən qalib çıxan Azərbaycanın yenə də öz ədalətli, sülhsevər siyasətini davam etdirməsi dövlətimizin həqiqi sülhsevərliyindən xəbər verir.
Cənab Prezident İlham Əliyev oktyabrın 11-i tarixində Müstəqil Dövlətlər Birliyinə üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının 53-cü iclasının iştirakçıları ilə görüşü zamanı görüş iştirakçılarını 19-20 sentyabr tarixlərində keçirilmiş antiterror əməliyyatının səbəbləri, nəticəsi, bölgədə yaranmış son vəziyyətlə bağlı məlumatlandırıb, regionumuzda təhlükəsizliyin möhkəmlənməsi və sülhə nail olunması üçün imkanlarından danışıb, eləcə də keçmiş SSRİ məkanında təhlükəsizlik və əmin-amanlıq üçün xüsusi xidmət orqanları arasında əməkdaşlığın vacibliyini qeyd edib.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tarixi faktlara, sənədlərə istinadən ermənilərin əsrlər boyu dünyaya yaydıqları tarixi yalanları tənqid edib, erməni saxtakarlığı və simasızlığının yenə də davam etdiyini vurğulayıb. Belə ki, erməni havadarları bəzi Qərb informasiya vasitələrində İkinci Qarabağ müharibəsi zamanı ermənilərin Gəncədə və Bərdədə mülki əhalini hədəf alması kadrlarını yayaraq bu mülki əhalinin ermənilər olması fikrinin səsləndirməsi görünməmiş saxtakarlıq, həyasızlıq nümunəsidir. Halbuki Azərbaycan həm işğal müddətində, həm İkinci Qarabağ müharibəsində, həm də antiterror tədbirləri zamanı bütün humanitar normalara riayət edib. Beynəlxalq ekspertlər, o cümlədən BMT missiyası Azərbaycanın bütün humanitar normalara əməl etdiyini təsdiq edib.
Eyni zamanda cənab Prezident müxtəlif ölkələrin və beynəlxalq təşkilatların vasitəçilk təkliflərini dəyərləndirdiyini, dövlətimizin Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılmasına, sülh sazişi üzərində işi davam etdirməyə hazır olduğunu, birtərəfli və qərəzli mövqe tutan ölkələrin vasitəçilik təkliflərinin isə qəbuledilməz olduğunu vurğulayıb. Ermənistan rəhbərliyinin Bişkek görüşünə bəhanə ilə gəlməməsi onların sülh prosesini uzatmaq niyyətindən xəbər verir. Amma sülh sazişi bu gün daha çox Ermənistana lazımdır ki, regiondakı inteqrasiya proseslərindən kənarda qalmasın. Yəqin ki, Ermənistan rəhbərliyi konstruktiv mövqe nümayiş etdirib, regionda uzunmüddətli, ədalətli sülhün bərqərar olması prosesinə yardımçı olacaq.
Ceyran Novruzova
Bakı şəhəri, Abil Səfərov adına 114 nömrəli tam orta məktəbin direktoru