Güclü lider faktoru milli özünüdərk prosesini sürətləndirmiş və xalqımıza layiq olduğu həyatı bəxş etmişdir
Vüqar Seyidov
Yeni Azərbaycan Partiyasının
Suraxanı Rayon Təşkilatının sədri
Elə vəziyyətlər var ki, lideri formalaşdırır, elə liderlər də var ki, vəziyyətləri, reallıqları formalşdırır, çıxış yollarını yaradırlar. Əlbəttə, yaşanılan coğrafi koordinatların insan taleyinə təsirini nəzərə alsaq, insan faktorunun bizim region üçün nə dərəcədə əhəmiyyətli olduğunu daha aydın görərik. Həm qərb, həm də şərq dövlətçilik ənənələrini özündə birləşdirən, türk kimliyi ilə qafqazlı xarakterini öz ruhunda çəmləşdirən Azərbaycan və azərbaycanlılar üçün lider amili böyük əhəmiyyət təşkil edir. Azərbaycan xalqı tarixin bütün mərhələlərində dahi liderlərlə mükafatlandırılıb. Lakin tarixin heç bir mərhələsində xalqımız bu qədər çətin və ağır dövrlərdən keçməmişdir. Zamanı və zamanın tələbini, diqtəsini bilməyin kifayət etmədiyi, əksinə, zamana və onun tələblərinə diqtə edilməsinin zərurət olduğu bir tarixi mərhələdən keçirik.
Müasir Azərbaycan dövlətçiliyini təhlil edərkən, ona dərindən nəzər yetirərkən Ulu Öndər Heydər Əliyev fenomenini, onun tarixi əhəmiyyətə malik xidmətlərini nəzərə almamaq mümkünsüzdür. Ümummilli Lider istər Sovetlər Birliyində, istərsə də müasir Azərbaycanda hakimiyyətdə olduğu illərdə xalqımız qarşısında müstəsna xidmətlər göstərmişdir. Lakin onun xalqı qarşısında ən böyük xidməti məhz özündən sonra ən layiqli davamçının fiziki, elmi, milli-mənəvi, psixoloji və bir çox nöqteyi-nəzərdən yetişdirilməsi olmuşdur.
Bir çoxumuz Prezident cənab İlham Əliyevin lap erkən yaşlardan Ulu Öndərlə birgə tədbirlərdən çəkilmiş fotolarını görmüşük. Xüsusi ilə də Şuşada “Vaqif” ədəbiyyat günlərində çəkilmiş maraqlı bir kadr var ki, müasir dövrün milli liderinin ilk ayaq səslərini özündə ehtiva edir.
Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqına 2003-cü ildə müraciətindən: “Üzümü sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin birinci müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm” sözlərindəki sonsuz əminliklə deyilən ifadələr, illərlə üzərində çalışdığı “Şah əsərinə” olan inamın, etimadın təzahürü idi. 2003-cü ilin 15 oktyabr tarixində keçirilmiş seçkilərdə xalqın Heydər Əliyevə olan inamı bir daha öz əməli nəticəsini verdi. Bu tarixi seçkilərdən 22 il ötür və Azərbaycan vətəndaşları öz qərarları ilə bu gün də fəxr edirlər.
Dövlət xadimlərinin yetişdirilməsinə yalnız kadr potensiyalının inkişaf etdirilməsi prizmasından baxıla bilməz. Dövlət xadimləri millətin işıqlı gələcəyini özlərinin fəaliyyətləri ilə ehtiva etməlidirlər. Məhz bu səbəbdən də onların hərtərəfli formalaşması üçün xüsusi addımlar atılır. Prezident cənab İlham Heydər oğlu Əliyevin Ulu Öndərin ocağında dünyaya göz açması, Zərifə xanım Əliyevanın milli-mənəvi köklərə əsaslanan tərbiyəsini alması onu dövlət idarəetməsində formalaşdıran amillərin əsasını təşkil etmişdir. Qısası, dünyaya göz açdığı ailə onun ən böyük məktəbi idi.
Prezident cənab İlham Əliyev 1977-1982-ci illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda təhsil alıb. 1982-ci ildə həmin institutun aspiranturasına daxil olub. 1985-ci ildə dissertasiya müdafiə edərək tarix elmləri namizədi elmi dərəcəsini alıb. Prezident İlham Əliyev 1985-1990-cı illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun müəllimi olub. Doğrudur, bu təhsil ocağında o, dünyada tanınmış dövlət xadimi səviyyəsinə qədər ucalmağa səbəb olmuş peşə fəaliyyətinə sahib olmuşdur. Lakin bir məqamı unutmaq olmaz ki, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda onlarla digər siyasətçilər də təhsil alıblar. Amma onların heç biri İlham Əliyev ola bilməyiblər, ola da bilməzlər...
Prezident cənab İlham Əliyev 1994-cü ildən 2003-cü ilin avqust ayınadək Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin əvvəlcə vitse-prezidenti, sonra isə birinci vitse-prezidenti olub. Bu qərar Ümummilli Liderin ən strateji qərarlarından biri idi. Nəzərə alsaq ki, “Əsrin müqaviləsinin” imzalanmasında, hətta müqavilənin bəndlərinin yazılmasında və həyata keçirilməsində cənab İlham Əliyevin müstəsna rolu var, o zaman bu qərarın nə qədər milli-strateji əhəmiyyətə malik olduğunu görərik. Azərbaycan 90-cı illərin əvvəllərində əlində olan ən dəyərli sərvətini dövlətin və xalqın gələcəyi naminə ağılla istifadə etməli idi. O zamankı Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti cənab İlham Əliyev bu istiqamətdə müstəsna xidmətlər göstərmişdir.
Cənab İlham Əliyev 1995-ci və 2000-ci illərdə Azərbaycan Respublikasının Milli Məclisinə üzv seçilib. 1997-ci ildən Azərbaycan Milli Olimpiya Komitəsinin Prezidentidir. 1999-cu ildə Yeni Azərbaycan Partiyası sədrinin müavini, 2001-ci ildə sədrin birinci müavini, 2005-ci ildə isə Partiyanın sədri seçilib. Bu mərhələni siyasi formalaşmanın son akkordları hesab etmək olar. Çünki cənab İlham Əliyev dövlətin aparatının bütün sferalarını iti addmlarla irəliləyərək xalqımızın və dövlətimizin sükanı arxasına keçdi. Əlbəttə, Ulu Öndər Heydər Əliyev kimi bir dahini fiziki itirmək xalqımız üçün böyük və əvəzolunmaz hadisə idi. Lakin illər keçdikcə biz Ümummilli Liderin Prezident cənab İlham Əliyevin fəaliyyətində və əməllərində yaşadığını görürük. Məsuliyyətlə deyə bilərik ki, bugünkü Azərbaycan Ulu Öndərin xəyal etdiyi Azərbaycandan daha da irəlidədir.
Hamıya məlumdur ki, cənab İlham Əliyev 2003-cü il oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti seçilib. Prezident seçkilərində seçicilərin 76 faizindən çoxu İlham Əliyevin lehinə səs verib. 2008-ci il oktyabrın 15-də keçirilən seçkilərdə seçicilərin 88,73 faiz səsini qazanan İlham Əliyev ikinci dəfə Azərbaycan Respublikasının Prezidenti seçilib. 2013-cü il oktyabrın 9-da keçirilən seçkilərdə seçicilərin 84,54 faiz səsini qazanan İlham Əliyev növbəti dəfə Azərbaycan Respublikasının Prezidenti seçilib. 2018-ci il aprelin 11-də keçirilən seçkilərdə İlham Əliyev seçicilərin 86,02 faiz səsini qazanaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçilib. Sonuncu - 7 fevral 2024-cü il növbədənkənar prezident seçkilərini isə biz Zəfər seçkisi adlandıra bilərik. İlk dəfə olaraq müstəqil həyatımızda seçkilər ərazilərimizin hər bir yerində keçirilmişdir. Cənab İlham Əliyev seçicilərin 92,12 faiz səsini qazanaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçilmişdir. Cənab Prezidentin öz səsini məhz Xankəndidə verməsi isə əldə olunan hərbi qələbənin siyasi nəticələrinin kulminasiya nöqtəsi idi.
Xarici siyasət daxili siyasətin davamıdır. Bütün beynəlxalq arenada, diplomatik masalarda istənilən dövlət başçısının gücü, qüdrəti onun xalqıdır. Xalqla hakimiyyətin vəhdəti bütün qələbələrin ismarıcını verir. “Biz birlikdə güclüyük” ifadəsi Azərbaycan xalqı ilə Prezidentinin vahid fikirlərə, yanaşmalara sahib olduğunun təzahürüdür. Vətən müharibəsi, lokal anti-terror əməliyyatı, müharibədən öncəki və sonrakı dövrdə edilmiş diplomatik gedişlər Prezidentin xarici siyasəti nə qədər gözəl bildiyini bir daha sübut etmişdir. Əlbəttə, keçmiş Qarabağ münaqişəsinin həllinin əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş hüquqi bazanın möhkəmləndirilməsi Prezident cənab İlham Əliyev tərəfindən böyük məharətlə davam etdirilmişdir. Müharibədən sonra rus sülhməramlılarının ölkə ərazisindən çıxarılması məsələsi həm daxili, həm də xarici siyasi auditoriyalarda ciddi müzakirə mövzusuna çevrilmişdi. Niyə də çevrilməsin ki?! Axı, imperiya siyasəti ilə yaşayan şimal qonşumuz daxil olduğu ərazilərdən çıxmır. Lakin, bu dəfə qarşısında çox ağıllı siyasət ustası var idi. Hətta vaxtından iki il əvvəl hər şey istədiyimiz kimi bitti!
Cənab İlham Əliyevin xarici siyasət qabiliyyəti ikitərəfli və çoxtərəfli münasibətlərin qurulması ilə kifayətlənmir. Prezident kimi o, bizə düşmən mövqedə olanları neytrallaşdıra, neytral olanları isə dostlaşdıra bilmişdir. Budur cənab Prezidenti digər liderləndən fərqləndirən əsas amil. Xarici siyasət kursunda qarşılıqlı mənfəətə və başqa dövlətlərin işinə qarışmama siyasətinə üstünlük verən dövlətimiz bu gün Avropa İttifaqının regionumuzda əsas strateji tərəfdaşıdır. Azərbaycan Avropanın ən etibarlı enerji təminatçısıdır. Ölkəmiz Qoşulmama Hərəkatına uzun müddət rəhbərlik edərək tarixə düşdü. İstər pandemiya, istərsə də digər sosial məsələlərdə Azərbaycan öz dostlarının yanında oldu, olur və olacaq. COP29 kimi böyük beynəlxalq əhəmiyyətə malik tədbirin Azərbaycanda keçirilməsi ölkəmizin nüfuzundan xəbər verən amildir. Azərbaycan Prezidenti yalnız öz dövlət maraqlarımızın müdafiəsini deyil, dostlarımız arasında münasibətlərin tənzimlənməsinə də özünün ciddi töhvəsini verməkdədir.
Prezident cənab İlham Əliyevin xalqımız qarşısında ən böyük xidmətlərindən biri də xalqımızda milli ruhu yenidən oyatması olmuşdur. Güclü lider faktoru milli özünüdərk prosesini sürətləndirmiş və xalqımıza layiq olduğu həyatı bəxş etmişdir. Müharibədə əldə olunan qələbənin mənəvi-psixoloji tərəfinin formalaşdırılmasında Prezidentin müstəsna rolu vardır.
Əlbəttə, öz ifadələri ilə desək, Vətən müharibəsinə qədər cənab Prezident hər an, hər dəqiqə məhz bu torpaqların işğaldan azad olunması arzusu ilə yaşayıb, bu günləri, şanlı anları xalqımıza yaşatmaq üçün çalışıbdır. Bu, çox çətin, icrası mümkünsüz görünən böyük bir missiya idi. Xalq, dövlət, ordu, beynəlxalq əlaqələr, sosial baza və bir çox digər məqamların vəhdətini tələb edən mürəkkəb tapşırıqların düzgün icra olunması nəticəsində xalqımız Müzəffər Ali Baş Komandanın dahi Liderliyi ilə qələbəyə nail olunmuşdur.
Sözsüz ki, uzun illər sonra da əldə etdiyimiz hərbi - siyasi qələbənin öyrənilməsi, təhlil edilməsi və yeni nəsillərə ötürülməsi davam etməlidir. Təkcə bir tezis var ki, ona xüsusi yanaşmaq lazımdır. Prezidentin bir ifadəsi ilə desək: “Qarabağı görməyən gənc nəsil onu canı bahasına azad etdi” fikri qələbəmizin mənəvi-psixoloji və milli-tərbiyəvi tərəfini ön plana çıxaran amillərdən yalnız biridir.
Cənab İlham Əliyev həm də Qafqazın ən böyük ictimai-siyasi təşkilatı olan Yeni Azərbaycan Partiyasının sədridir. Yeni Azərbaycan Partiyasının 2005-ci il 26 mart tarixində keçirilmiş III Qurultayında Prezident İlham Əliyev Partiyanın yeni sədri seçilmişdir. Prezident İlham Əliyev öz islahatçı kursuna sadiq qalaraq 2021-ci ildə YAP-da mahiyyət etibarı ilə dəyişikliklərə səbəb olmuş islahatlar təşəbbüsü ilə çıxış etmişdir. 2021-ci ilin 5 mart tarixində Partiyanın VII Qurultayında yeni Nizamnamə təsdiq olunmuş və bununla da Partiya sədrinin birinci müavini vəzifəsi təsis olunmuş, İdarə Heyəti, Təftiş Komissiyası, Veteranlar Şurası, Gənclər Birliyi və Mərkəzi Aparatı yaradılmışdır.
Vətən müharibəsindən sonra YAP-ın qarşısına qoyulmuş bir çox məsələ öz həllini tapmışdır və partiyanın yeni hədəfləri, yeni çağırışları məhz VII Qurultayda cənab Prezident tərəfindən önə sürülmüşdür. Xüsusi bir məqamı da qeyd etmək istərdim ki, doğma partiyamız həm Vətən müharibəsindən əvvəl, həm də sonra əldə olunan uğurların ictimia-siyasi dayağı kimi çıxış etməkdədir. Bu gün cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin ictimai-siyasi, sosial sahədə müdafiəsini həyata keçirən partiyamızın cəmiyyətə nüfuzu günbəgün artır. Onun liderinə milyonlarla ölkə vətəndaşı etimad göstərir.
Prezident cənab İlham Əliyevin fəaliyyəti çox genişdir və onu bir neçə səhifəlik yazıya sığışdırmaq mümkünsüzdür. Əlbəttə, Prezidentin fəaliyyəti alimlər tərəfindən tədqiq olunacaq, kitablar yazılacaq və yeni nəsillər bu mütərəqqi idarəetmə üsulları ilə tanış olacaqlar. Lakin bir məqamı demək lazımdır ki, cənab İlham Əliyev öz xalqının sevimli lideridir. Bu sevginin ən böyük səbəbkarı, memarı məhz onun özüdür.
Bir məqamı qeyd etməliyəm ki, cənab Prezident bütün doğum günlərini məhz xalqın arasında keçirib. 50 illik yubileyini keçmiş məcburi köckünlərlə, 60 illik yubileyini işğaldan azad olunmuş Qarabağda. Xalqla Prezidentin yaxın, doğma münasibəti bir ənənəyə çevrilib. Bu il də cənab Prezident öz doğum gününü azad Qarabağda, Xankəndidə, Ağdamda yeni açılışlarla qeyd edir. Sanki xalqının ona olan etimadını və inamını məhz bu yolla qiymətləndirir, mükafatlandırır.
Biz əminik ki, Müzəffər Ali Baş Komandan, müdrik lider cənab İlham Əliyevin rəhbərliyi ilə xalqımız və dövlətimiz öz tarixinin qızıl dövrünü yaşamağa davam edəcəkdir.