Mehriban Həbibova
Yeni Azərbaycan Partiyasının təəssübkeşi
Suraxanı rayonu 317 nomrəli tam orta məktəbin müəllimi
Füzuli şəhəri və rayonun böyük hissəsi erməni silahlı qüvvələri tərəfindən 23 avqust 1993-cü il tarixində işğal olunmuşdu. 5 yanvar 1994-cü ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hücumu nəticəsində rayonun 22 yaşayış məntəqəsi işğaldan azad edilmişdi. Qələbə ilə bitən bu hərbi əməliyyatlara Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin əmri ilə başlanılmışdı. O zaman işğaldan azad olunmuş ərazilərdə hazırda rayon əhalisinin 50%-ə qədəri yaşayır. Ermənistan silahlı qüvvələri ilə mübarizədə rayon sakinlərindən 400 nəfərədək insan əlil, 657 nəfər şəhid olub, 181 nəfər əsir və itkin düşüb.
Füzuli zəngin infrastruktur və tarixi abidələrə malik olan ərazidir. Rayonda işğaldan əvvəl 2 şəhər, 16 qəsəbə, 82 kənd və başqa yaşayış məntəqələri mövcud olub. İşğaldan öncə Füzuli rayonu tarixi-dini abidələrlə, xüsusən də türbələrlə zəngin bir ərazi idi. Bu abidələr sırasına rayonun Babı kəndində yerləşən səkkizguşəli Şeyx Babi Yaqub (XIII əsr) türbəsini, Aşağı Veysəlli kəndində XIV əsrə aid Mirəli türbəsini, Əhmədalılar kəndində orta əsr qəbiristanlığının ərazisində sənduqə formalı qəbirdaşının üzərindəki türbəni, XIX əsrin Cəlil türbəsini aid etmək olar.
2020-ci ilin 17 oktyabrında ölkənin hər yerində Füzulinin azad olunmasının qələbə sevinci yaşanırdı. Prezident İlham Əliyev rayonun erməni işğalçılarından təmizləndiyi xəbərini vermişdi. Bu tarixdən etibarən füzulilərin torpaq həsrəti bitmiş, azərbaycanlılar üçün daha bir şərəfli səhifə açılmışdı. Füzulinin ardınca növbəti rayonumuzun, Zəngilanın azadlıq xəbəri də verilmişdi.
Füzuli Vətən müharibəsinin gedişində Hadrut qədər çətin döyüşlər gedən ərazi idi. Ona görə də ona “döyüşən şəhər” adı verilmişdi. Cənab Prezident İlham Əliyev müharibə gedən ərəfədə Füzuli əməliyyatının hərbi kitablara salınacağını bildirməklə, bu döyüşlərin ağırlığını, necə bir qəhrəmanlıqla qazanıldığını xalqın təsəvvüründə canlandırırdı və yaddaşında əbədi möhkəmləndirirdi. Füzuli Hadrud və Cəbrayıldan sonra işğaldan azad edilmiş üçüncü böyük yaşayış məntəqəsi olmaqla yanaşı, həm də ermənilərin məğlubedilməzliyi barədə yaradılmış mifin mərkəzində dayanan Ohanyan səddinin keçdiyi və bir neçə cərgə güclü istehkam və müdafiə xətlərinin olduğu bir ərazi idi. Məhz bu səbəbdən də Füzulinin işğaldan azad olunması erməni ordusunun sıralarında fərariliyin və ruh düşkünlüyünün vüsət almasına səbəb oldu. Azərbaycan Ordusunun daha da qətiyyətlə irəliləməsi ilə nəticəlindi. Müzəffər Ali Baş Komandanın başçılığı ilə keçirilmiş Füzuli əməliyyatı Horadiz əməliyyatının məntiqi davamı hesab etmək olar.
Bu əməliyyat, həmçinin Cəbrayıl və Xocavənd rayonlarının bir sıra yaşayış məntəqələrinin də azad olunması üçün yol açdı. Ona görə Füzuli əməliyyatı strateji əhəmiyyət daşıyırdı. Nəhayət, müharibənin 21-ci günü, 17 oktyabr tarixi Füzulinin azadlığının qayıtması günü kimi tarixə qızıl hərflərlə yazıldı.
Ermənistan Hadrutdan sonra Füzuli uğursuzluğunu qəbul edə bilmədi və qisasını Gəncəyə, bu dəfə daha güclü, daha pis vaxtda, dinc insanlar yatmış ikən, gecə saat ikidə, iki güclü raket zərbəsi endirməklə çıxmaq istədi. Gəncədə böyük dağıntı, insan fəlakəti meydana gəldi, lakin Gəncə möhkəm dayandı. Azərbaycan heç bir emosional addım atmadı, ciddi qərarlar verdi, müharibəni ləyaqətlə davam etdirdi. Bu məğrur duruş da düşmənə verilən ən sərt cavab oldu.
Məlumdur ki, azad olunmuş ərazilərlə bağlı xüsusi investisiya proqramı qəbul edilib. Sərmayə qoyuluşu əsasən infrastruktur layihələrinədir. Bu ilin sonunadək sahəsi 10 min kvadrat kilometrə bərabər olan azad edilmiş ərazilərin elektrik enerjisi ilə təminatı tam başa çatacaq. Avtomobil və dəmir yolları inşa edilir. Bu layihələrdə təbii ki, Füzuliyə aid işlər də var.
Müharibədən sonra Füzuli-Şuşa avtomobil yolunun – Zəfər yolunun təməli qoyuldu və artıq bu yolla rahat gediş-gəliş təmin olunub. Füzuli Beynəlxalq Hava Limanının tikintisi başa çatıb, Hava Limanı ilk təyyarələri də qəbul edib və artıq fəaliyyət göstərir. Horadiz-Ağbənd dəmir yolu xətti, Füzuli-Hadrut avtomobil yolu istiqamətində görülən işlər, “Füzuli” yarımstansiyasının açılışı, bundan başqa, oktyabrın 17-də Füzulinin işğaldan azad olunmasının bir illiyi münasibətilə rayonda səfərdə olan Prezident İlham Əliyev Füzuli-Ağdam avtomobil yolunun, işğal zamanı dağıdılmış Füzuli rayonunun Dövlətyarlı kəndində yeni “ağıllı kənd”in təməllərini qoyub. Dövlətimizin başçısı “Azərişıq” ASC-nin Füzuli şəhərində Rəqəmsal Yarımstansiya İdarəetmə Mərkəzinin, ilk yaşayış binalarının, Füzuli Memorial Kompleksinin və Füzuli şəhərinin təməl daşlarını atıb. 2021-ci ildə Prezident İlham Əliyev Füzuli-Ağdam avtomobil yolunun təməlqoyma mərasimində iştirak edib. Füzuli Peşə Liseyinin təməlqoyma mərasimi keçirilib. Rayonunun Qaraxanbəyli kəndində 27-sentyabr anım gününə həsr olunmuş xatirə lövhəsi də cənab Prezident İlham Əliyev tərəfindən ziyarət olunub.
Ermənistanın ekoloji terrorunu aradan qaldırmaq üçün Füzuli Mərkəzi Şəhər parkı salınır. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva həmin parkda ağaclar əkib.
Azərbaycan xalqının milli ruhu Füzulini necə azad etdisə, dövlətin iqtisadi gücü də Füzulini qısa zamanda cənnət bir diyara çevirəcək. Görülən bütün bu işlər də soydaşlarımızın öz yurdlarına möhtəşəm qayıdışın başlanğıcıdır!