Füzuli şəhərində Azərbaycan bayrağının ucaldılması ilə onun inkişaf konsepsiyasının icrası start götürdü

Füzuli şəhərində Azərbaycan bayrağının ucaldılması ilə onun inkişaf konsepsiyasının icrası start götürdü

Xatirə Piriyeva

YAP Suraxanı rayon təşkilatının üzvü

Suraxanı rayonu, 76 nömrəli tam orta məktəbin müəllimi

17 oktyabr təqvimdə Füzuli rayonunun erməni işğalından azad olunması tarixi kimi əbədiləşib. Füzuli Qarabağ dağ silsiləsinin cənub şərq ətəklərindən Araz çayına qədər maili düzənlik və alçaq sahələri əhatə edir.                                                                                           

Rayon Cəbrayıl,  Xocavənd, Ağcabədi,  Beyləqan rayonları, habelə Araz çayı boyunca İranla həmsərhəddir. Füzuli rayonunun ərazisi 1386 km²,  əhalisi isə təxminən 144 min nəfərdir. Ərazidə axan Quruçay, Köndələnçay, Çərəkən çayları Araz hövzəsinin çaylarıdır.

Azərbaycanın iri yaşayış məskənlərindən olan Füzulinin əsası 1827-ci ildə qoyulmuşdur. Qarabulaq adlanan yaşayış məskəninin əsasında 1930-cu ildə rayon təşkil olunmuş və Qaryagin adlandırılmışdır. 1959-cu ilin aprelində böyük Azərbaycan şairi Məhəmməd Füzulinin anadan olmasının 400 illiyi şərəfinə Qaryagin rayonunun adı dəyişərək Füzuli rayonu adlandırılmışdır.

İşğaldan öncə Füzuli rayonu tarixi-dini abidələrlə, xüsusən də türbələrlə zəngin bir ərazi olmuşdur. Bu abidələr sırasına rayonun Babı kəndində yerləşən səkkizguşəli Şeyx Babi Yaqub (XIII əsr) türbəsini, Aşağı Veysəlli kəndində XIV əsrə aid Mirəli türbəsini, Əhmədalılar kəndində orta əsr qəbiristanlığının ərazisində sənduqə formalı qəbirdaşının üzərindəki türbəni, XIX əsrin Cəlil türbəsini aid etmək olar.

Füzuli şəhəri və rayonun böyük hissəsi 23 avqust 1993-cü il tarixində erməni silahlı qüvvələri tərəfindən işğal olunmuşdur. Ermənistanın  silahlı qüvvələri ilə mübarizədə  rayon sakinlərindən 400 nəfərədək müharibə əlili, 663 nəfər şəhid olmuşdur, 181 nəfər əsir və itkin düşmüşdür. 5 yanvar 1994-cü ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hücumu nəticəsində Füzuli rayonun 22 yaşayış məntəqəsi işğaldan azad olunmuşdur.

Füzuli rayonunun Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri və Füzuli şəhəri şanlı Ordumuz tərəfindən 17 oktyabr tarixində işğaldan azad edilmişdir.Füzuli əməliyyatı Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsində cənub-şərq cəbhəsində baş vermiş ən əhəmiyyətli döyüşlərdən biri olub. Füzulinin təmas xəttində yerləşən bir neçə müdafiə xəttinin yarılması Azərbaycana strateji üstünlüklər vermişdir. Füzuli uğrunda aparılmış döyüşlər Vətən müharibəsi zamanı ən ağır döyüşlərdən olmuşdur. 30 il ərzində düşmən təmas xəttində möhkəm istehkam qurmuşdu. Hətta ən tanınmış hərbi mütəxəssislər də belə fikirdə idi ki, Füzulini işğaldan azad etmək üçün bəlkə aylarla vaxt lazım olacaq.Belə ki, Ordumuz düşmənin gözləmədiyi yerdən, tam fərqli istiqamətdən şəhərə daxil oldu. Bu qarşısıalınmaz hücum nəticəsində düşmənin yalnız bir yolu qalırdı – qaçmaq.

Füzuli uğrunda döyüşlərdə Ordumuzun şücaəti qarşısında düşmən son mərhələdə öz silahlarını yerə qoyub qaçmışdı. Hərbi mütəxəssislər artıq açıq-aydın bildirirlər ki, Azərbaycan Ordusu böyük döyüş qabiliyyətinə və texniki təminata malik olan bir ordudur. Düşmən və bütün dünya artıq Azərbaycanın gücünü görüb və bunu etiraf edib.Vətən müharibəsinin gedişində füzulilərin yurd həsrətinin bitdiyi xəbərini Ali Baş Komandan İlham Əliyev özünün Tvitter səhifəsindən və televiziya müraciətindən Azərbaycan xalqına böyük sevinclə elan etdi.

 Füzulinin düşməndən təmizlənməsi, Milli Ordunun şəhərə nəzarəti ələ alması xəbəri sözlə ifadə olunması mümkünsüz bir coşğu yaratdı.Füzuli şəhəri və rayonun bütün yaşayış məntəqələri işğaldan azad olunarkən qarşılaşdığımız tablo son dərəcə acı idi. Məcburi köçkünlərin qoyub getdiyi Füzulidən əsər-əlamət qalmamışdı. Bütün tarixi-dini abidələrin izi silinmiş, rayon tamamilə viran qalmışdı. Prezident İlham Əliyev qələbə günü “bayraq sancmağa heç bir yer tapmadıq”- deyərkən, Füzulinin acı mənzərəsini insanların təsəvvüründə aydın canlandıra bilmişdi.

Füzuli şəhərində Azərbaycan bayrağının ucaldılması ilə onun inkişaf konsepsiyasının icrası start götürdü. 2021-ci il yanvarın 14-də Füzuli-Şuşa avtomobil yolunun təməli qoyuldu. Bu yolun başqa bir adı  Zəfər yolu idi və Böyük Qələbəmizi simvolizə edirdi.

Yol çəkilişi paralel aparıldı və fevralın 14-də Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun 27-ci kilometrində Füzuli-Şuşa yolunun, həmçinin Füzuli rayonunda hava limanının təməlləri qoyuldu. Füzuli şəhərinin Baş planı təsdiqləndi. Mart ayında 180 çarpayılıq xəstəxananın bünövrəsi atıldı. İyun ayında Füzuli-Hadrut avtomobil yolunun tikintisinə başlanıldı. Avqust ayında “Füzuli” 110/35/10 kilovoltluq yarımstansiyanın açılışı oldu.

Oktyabrda Füzuli-Ağdam avtomobil yolunun, Dövlətyarlı kəndində “Ağıllı kənd”in, Rəqəmsal Stansiya İdarəetmə Mərkəzinin, çoxmənzilli yaşayış məhəlləsinin təməlləri qoyuldu. Cəmi 8 ay ərzində inşa olunan və “Qarabağın hava qapısı” adlandırılan Füzuli Beynəlxalq Hava Limanının açılışı 2022-ci ilin mayın 10-da baş tutdu. Bu hava limanı Qarabağın logistik əhəmiyyətini əsaslı şəkildə artırdı.

2023–cü ildə Füzuli rayonunun Pirəhmədli, Dədəli kəndlərinin, Füzuli şəhərinin daxili yol-küçə şəbəkəsinin, içməli su təchizatı, kanalizasiya və yağış suları sistemləri kompleksinin təməlləri qoyuldu.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 17-də Füzuli şəhərində Rəqəmsal Stansiya İdarəetmə Mərkəzinin təməlqoyma tədbirində iştirak ediblər.

“Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov dövlətimizin başçısına və birinci xanıma Mərkəz haqqında məlumat verdi.Bildirildi ki, işğaldan azad edilmiş ərazilərdə yaradılan Rəqəmsal yarımstansiya elektrik şəbəkəsinin vəziyyəti haqqında bütün məlumatları toplayan və emal edən, eləcə də avadanlığın rəqəmsal formatda idarə olunmasını təşkil edən nəzarət, mühafizə və idarəetmə sistemlərinin innovativ həll layihəsidir.

Cənubi Qafqazda ilk dəfə tətbiq olunan bu layihə yarımstansiyalarda optik rəqəmsal ölçmə transformatorlarının və yeni nəsil rəqəmsal avadanlıq komplekslərinin işlənib hazırlanmasını təmin edir. Yeni nəsil yarımstansiya bütün ölçülərin yüksək dəqiqliyini, vahidliyini təmin edir, avtomatlaşdırma insan amilinin şəbəkənin işinə təsirini azaltmağa, etibarlılığını artırmağa və elektrik enerjisinin ötürülməsi zamanı itkiləri azaltmağa imkan verir. Həmçinin enerjinin əldə olunması dəyəri və istismar xərcləri azalır.

Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva oktyabrın 17-də Füzuli rayonunun Dövlətyarlı kəndində yeni salınacaq “Ağıllı kənd” layihəsi ilə tanış olublar.Kənd təsərrüfatı naziri İnam Kərimov dövlətimizin başçısına və birinci xanıma layihə haqqında məlumat verdi. Yaşıl və alternativ enerjinin, "ağıllı idarəetmə" sisteminin tətbiq ediləcəyi “Ağıllı kənd” layihəsinə əsasən üç, dörd və beşotaqlı olmaqla, ümumilikdə ilkin mərhələdə 450 evin inşası nəzərdə tutulub. Burada, həmçinin məktəb və uşaq bağçası tikiləcək, kəndin mərkəzində meydan salınacaq, bazar yaradılacaq. Kəndin ətrafında isə “Ağıllı kənd” təsərrüfatı sahəsi olacaq. Beləliklə, sakinlərin rahat yaşaması və kənd təsərrüfatı ilə məşğul olması üçün bütün zəruri işlər həyata keçiriləcək.

Prezident İlham Əliyevin sərəncamı əsasında 2020-ci il noyabrın 26-da “Füzulinin azad olunmasına görə” medalı təsis edildi. Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 25301 hərbi qulluqçusu “Füzulinin azad olunmasına görə” medalı ilə təltif olunmuşdur.