Bütün sahələrdə olduğu kimi gənclərin yetişdirilməsində də əsas meyarımız keyfiyyətdir

Bütün sahələrdə olduğu kimi gənclərin yetişdirilməsində də əsas meyarımız keyfiyyətdir

Vüqar Seyidov 

Yeni Azərbaycan Partiyasının 

Suraxanı rayon təşkilatının sədri

İnsan ömrü bir savaşdır. Yerindən, zamanından asılı olmayaraq insan doğulur və ömrünün sonuna qədər böyük mübarizələrdən keçir. Hər bir yaş dövrü digəri üçün müəyyən mənada baza rolunu oynamaqdadır. Yəni gənclik dövründə qazanılmış qabiliyyətlər, imkanlar, savad və digər amillər sonrakı mərhələdə insanın daha yaxşı yaşaması üçün mühüm mərhələdir. Buradan o nəticəni çıxardırıq ki, gənclər öz üzərlərində işləyərək nəinki öz gələcəklərini, hətta xalqımızın işıqlı gələcəyini təmin etmiş olurlar.

Əslində müasir Azərbaycan gəncliyinin formalaşması Sovet Azərbaycanı dövründə başlamışdır. O dövrlə bağlı bir çox məqam var ki, gələcək nəslin formalaşmasına birbaşa xidmət edib. Birincisi, Azərbaycan Dövlət Universitetinin 50 illik yubileyində Ulu Öndər Heydər Əliyevin Azərbaycan dilində çıxış etməsi, Azərbaycan dilinin 1978-ci ildə Konstitusiyaya dövlət dili kimi yazılması milli ideologiya konsepsiyası haqqında danışarkən “gəncləri ilk növbədə Azərbaycanın müstəqilliyi prinsiplərinə sadiq olmaq ruhunda tərbiyə etmək lazımdır” ideyasına xidmət etmişdir. Daha sonra Azərbaycan gənclərini ittifaqın başqa şəhərlərində təhsil almağa göndərmək və Cəmşid Naxçıvanski adına Hərbi Liseyin  açılması müstəqil və suveren Azərbaycan üçün böyük bir hazırlıq idi. Bəli, birmənalı deyə bilərik ki, ən çətin anlarda belə Heydər Əliyev Azərbaycan gəncliyini qoruyub və onun inkişafı üçün böyük addımlar atıb.

Müasir Azərbaycan gəncliyini sözün bütün mənalarında uğurlu gənclik hesab etmək olar. Çünki, onların yolları Ulu Öndər Heydər Əliyevlə kəsişmiş, sonradan isə yolları və taleləri Ümummilli Liderlə birləşmişdir. Dahi rəhbər yaxşı bilirdi ki, ömrün qürub çağında gələcəyi və gələcək nəsilləri düşünməlidir. Ona görə də ölkənin müharibə şəraitində olmasına rəğmən, dövlət büdcəsinin yox səviyyəsində olmasına baxmayaraq digər ümumrespublika problemləri ilə yanaşı gəncləri də öz diqqət və qayğısı ilə əhatələndirmişdir.

90-cı illərin əvvəlləri elə bir dövrə təsadüf etmişdir ki, mən şükür edirəm ki, indiki gənclik o dövrü yaşamamışdır. Ordunun olmadığı, hərənin ətrafında xırda özünümüdafiə dəstələrinin olduğu, küçələrdən gənclərin istiqamətsiz, könülsüz, hədəfsiz, nizamsız toplanaraq vahid komandanlıq olmadan cəhbəyə cəlb olunduğu dövrdən hazırki rahat inkişaf edə bildiyi bir mərhələyə gəlmişik. Ulu Öndər Heydər Əliyev məhz belə bir qaranlıq dövrü öz nuru ilə işıqlandıra bilmiş və millətin gələcəyini xilas etmişdir.

2 fevral 1996-cı ildə Müstəqil Azərbaycan Respublikası gənclərinin birinci forumu keçirildi. Bu forum əslində Azərbaycan gənclərinə özünü ifadə etmək üçün ilk fürsət idi. Təsəvvürünüzə gətirin ki, hamının “sus, sən danışma, hələ ki, daha vacib problemlərimiz var” dediyi bir ölkədə Ulu Öndər “susma, sən bu ölkənin gələcəyisən, danış, fikrini ifadə et” dedi. Sokrat demişkən, danış, səni tanıyım. Ulu Öndər həm özü müasir Azərbaycan gəncliyini tanımaq istəyirdi, həm də onların özlərini dünyaya tanıtması üçün ilk fürsəti verdi. Bu tarixi hamı sadəcə deyir və üzərindən keçir. Mən isə şahidlərin ifadələrinə əsaslanaraq bir anlıq sizi 2 fevral 1996-cı ildə Müstəqil Azərbaycan Respublikası gənclərinin birinci forumuna aparmaq istəyirəm. İştirakçılar deyirdi ki, forumun proqramı hazırlananda Ümummilli Lider hamıya söz verdi, hamıya qulaq asdı və hamının fikirlərini qeyd etdi. Daha sonra isə burada səslənən fikirlərə əsasən strategiya formalaşdırıb, o fikirləri bir-bir gerçəkləşdirdi. Bax, budur Heydər Əliyevin dahiliyi. Mən o forumun iştirakçılarının xatirələri ilə tanış olanda bir fikir haqqında çox düşündüm. Ömrünün böyük bir hissəsini Sovet İttifaqı kimi nəhəng bir imperiyanın ən yüksək mərtəbələrində keçirmiş bir adam əslində necə demokratik və inkişafa meyilli bir düşüncə tərzinə malik imiş. Daha sonra bildiyiniz bir çox mütərəqqi addım bu günkü gəncliyimizin formalaşmasına xidmət edib.

Varislik prinsipi yalnız bir insanın digərinin əvəz etməsi deyil, özündən sonra gələn davamçının mirası, irsi daha irəliyə daha yaxşı, daha mütərəqqi formada aparma qabiliyyətidir. Heç kimdə şübhə yoxdur ki, Ulu Öndər Heydər Əliyevin ən layiqli davamçısı Prezident, YAP-ın sədri, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevdir. Cənab Prezident bir çox digər sahələrdə  olduğu  kimi Azərbaycan gəncliyinin inkişafında da Ulu Öndər Heydər Əliyevin siyasi irsini uğurla davam etdirmiş və daha da zirvələrə daşımışdır. Cənab Prezidentin Azərbaycanda gənclərin inkişafı naminə həyata keçirdiyi islahatlar bu gün öz nəticəsini verməkdədir.

Əlbəttə, onlarla məqam, proqram, layihə saymaq olar. Lakin mən onlardan bir neçəsini gənclərimizə xatırlatmaq istəyirəm. Məsələn, cənab Prezidentin “mən sizin dostunuzam, mən sizə güvənirəm, siz də hər işinizdə mənə güvənə bilərsiniz” sözləri gəncliyimizin inkişafında, onların ideoloji ruhlandırılmasında böyük bir əhəmiyyətə malikdir.

Gənclərin dövlət proqramları nəticəsində ölkə xaricində təhsil alması, ixtisaslı kardlar kimi gələcəyimizin formalaşmasında rola malik olmaları vacib məqamlardandır. Ölkəmizdə keçirilən dünya əhəmiyyətli tədbirlər zamanı təşkilati işlərdə gənclərin fəal iştirakı Azərbaycanda uzun illər əvvəl yaranmış könüllülük ideyasının gənclər arasında daha geniş yayılmasına səbəb oldu. İndi Azərbaycan gəncləri Birinci Avropa Oyunlarının, İslam Həmrəylik Oyunlarının, bir çox beynəlxalq tədbirlə yanaşı COP29 kimi nəhəng tədbirin könüllüləridirlər. Cənab Prezident Azərbaycan gəncliyini Azərbaycanın uğurlarının tərkib hissəsinə çevirməyə nail olmuş bir lider kimi adını tarixə yaza bilmişdir. Azərbaycan gəncliyi ölkəmizlə bir yerdə tərəqqi ilə yol getməkdədir.

Əlbəttə, Azərbaycan xalqı qəhrəman xalqdır. Xalqımızın çoxəsirlik tarixində varolma savaşında qəhrəman oğul və qızlarımız yaxından iştirak etmişlər. Bu, bugün də davam edir. Heç şübhəsiz, Azərbaycan torpaqlarının işğaldan azad edilməsi, tarixi qələbənin qazanılması böyük hadisədir. Bu tarixi hadisənin baş verməsində əlində silah Vətənin azadlığı uğrunda gənc ömürlərini fəda edən oğullarımızı xalqımız həmişə qürur və minnətdarlıq hissi ilə xatırlayacaqdır. Xalqımız böyük əksəriyyəti gənclər olan şəhidlərimizin əziz xatirəsini uca tutur və onların qəhrəmanlıqlarının yeni nəsillərə ötürülməsi üçün böyük tərbiyəvi işlər görülməkdədir. Bu istiqamətdə ümumtəhsil məktəblərinin fəaliyyətlərini xüsusi qeyd etmək istəyirəm.

Milli qürurun geriyə qaytarılması, bayrağımızın yenidən Şuşada, Xankəndidə dalğalandırılması naminə uzun illərdir ki, yetişdirilən gənc nəsil öz tarixi missiyasını uğurla başa vurmuşdur. Onların yetişdirilməsi, vətənpərvər ruhda formalaşdırılması məhz cənab İlham Əliyevin Prezdentliyi dövrünə təsadüf edir. Doğru tərbiyəetmə strategiyası nəticəsində ölkəmiz qəhrəman gənclik yetişdirə bilmişdir. Azərbaycan gəncliyi qarşısına qoyduğu bütün hədəfləri qürurla yerinə yetirmişdir.

Zaman dəyişir, Azərbaycan gənclərinin qarşısında duran hədəflər dəyişib. İndi Azərbaycan gəncliyini yeni çağırışlar gözləyir. Bu gün artıq torpaqlarımız azaddır. İndi Azərbaycan gəncliyi o torpaqlara qayıdış proqramlarının bir hissəsinə çevrilməlidir. İndi hər bir gənc Azərbaycan müəllimi Qarabağda, Şərqi Zəngəzurda bir məktəbin nuruna dönməlidir. Bu gün hər bir gənc Azərbaycan həkimi Böyük Qayıdışın təbibinə çevrilməlidir, hər bir gənc hüquqşünasımız Şanlı Zəfərin nəticələrinin hüquqi müstəvidə bütün plaftormalarda tanınmasına çalışmalıdır. Hər bir gənc diplomat əldə olunmuş reallıqların dünya ictimaiyyəti tərəfindən qəbul olunmasına səy göstərməlidir. Bu gün dünyanın tələbləri dəyişib. İnformasiya əsridir. İndi gənclərimiz müasir texnologiyalardan istifadə etməklə ölkəmizin reallıqlarını dünyaya daha tez və yaxşı çatdıra bilərlər. Hər bir gəncimiz indi virtual əsgər olmalıdır. Hər bir telefon, hər bir kompüter yeni nəsil “silah” olmaldır. İndi dünyanı ancaq informasiya ilə fəth etmək mümkündür.

Gənclərimizin özlərini Vətənə faydalı şəxsiyyət, fərd kimi yetişdirməsi üçün indi dövlətimiz hər cür imkan yaradıb. Eyni zamanda da Yeni Azərbaycan Partiyası cəmiyyətimizin mənəvi dayağı, dövlətimizin ictimai-siyasi dəstəyi kimi gənclərin formalaşmasında çox ciddi addımlar atmışdır. 1995-ci ildə Partiyamızın yaradıcısı, müasir Azərbaycanın banisi Ulu Öndər Heydər Əliyevin xeyir-duası ilə yaradılmış YAP Gənclər Birliyi uzun illərdir Azərbaycan xalqına layiqli oğul və qızlar yetişdirməkdədir. Bu gün bir çox ali dövlət vəzifələrinə təyin olunmuş, seçilmiş şəxslər vaxtı ilə YAP-ın sıralarında fəal könüllü gənclər olmuşlar. Bundan sonra da doğma partiyamız könüllü gənclərini piramidanın ən zirvəsinə qaldırmağa davam edəcəkdir. Bir məqamı da vurğulayım ki, indi gənclər arasında geniş vüsət almış könüllülük proqramlarının əsası da məhz YAP-da qoyulmuşdur.

Bu gün təmsil etdiyim Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının uzun illərdir ki, gənclərin yetişdirilməsi işində təkmilləşmiş təcrübəsi vardır. Qürurla deyə bilərəm ki, sıralarımız hər gün daha da artmaqdadır. Xüsusi vurğulamaq istərdim ki, biz heç vaxt kəmiyyətlə işləməmişik. Bütün sahələrdə olduğu kimi gənclərin yetişdirilməsində də əsas meyarımız keyfiyyətdir. Bugün sıralarımızda könüllü olan bir çox gənc müxtəlif sferalarda xalqımıza və dövlətimizə şərəflə xidmət etməkdədirlər.

Bu gün YAP Suraxanı rayon təşkilatı gənclərlə bağlı bir çox layihə həyata keçirməkdədir. Özünü ictimai-siyasi sferada sınamaq istəyən və özünə güvənən gənclər bizim ətrafımızda birləşməkdədirlər. Ulu Öndərin siyasi irsinin onlara aşılanması istiqamətində YAP Suraxanı rayon təşkilatı hər zaman müstəsna rol oynamaqdadır. Bu gün bizim qapımız bütün Suraxanı rayon gənclərinin üzünə açıqdır. Gənclərimiz rayonda həyata keçirilən bütün seçkilərdə, tədbirlərdə yüksək fəallıq nümayiş etdirməklə özlərinin vətəndaşlıq borclarını yerinə yetirirlər.

Bu gənclərimizin bütün rayon ərazisində yaşayan həssas təbəqədən olan sakinlərlə, şəhid ailələri ilə və qazilərlə birgə layihələrin həyata keçirilməsində müstəsna xidmətləri vardır. Bu gün YAP Suraxanı rayon təşkilatı nəinki rayon ərazisində, ölkə miqyasında böyük hörmət qazanmış gənclərin toplaşdığı doğma məkandır.

Mən bütün gənclərimizi “2 fevral - Gənclər Günü” münasibəti ilə təbrik edirəm. Hər birinizi gələcək ictimai və siyasi fəaliyyətini qurmaq üçün, Vətənə layiqli xidmət etmək üçün ilk addımı ataraq YAP-a üzv olmağa dəvət edirəm. Əziz gənclər, bayramınız mübarəkdir!