Bu savaşın nəticəsində dünya bizi qalib dövlət, məğrur xalq kimi tanıdı
Gülşən Yusubova
YAP Suraxanı rayon təşkilatının fəal üzvü
Suraxanı rayonu, 30 saylı ambulatoriyanın baş həkimi
27 sentyabr günü Azərbaycanın 30 illik torpaq həsrətinə son qoymaq üçün haqq yolunda səfərə çıxdığı, haqq uğrunda ayağa qalxdığı gün kimi tarix salnaməmizə əbədi həkk olundu. O gün Ermənistanın növbəti hərbi təxribatı, bütün cəbhəboyu ağır artilleriyadan istifadə etməklə hücuma keçməsi və birbaşa mülki əhalini hədəfə alması, səbrimizi daşıran son damla oldu və müharibəni qaçılmaz etdi. Vətən müharibəsində qazanılan möhtəşəm Qələbə Prezident İlham Əliyevin yenilməz qətiyyətinin, Ali Baş Komandanı olduğu Ordumuzun qüdrətinin və xalqımızın milli birliyinin təntənəsi oldu.
Vətən torpaqlarının azadlığı uğrunda davam edən bu savaş milli həmrəyliyimizin rəmzinə çevrildi, tariximizə qürur mənbəyimiz kimi həkk olundu. Möhtəşəm zəfər tariximizi, dövlətçilik irsimizi daha da şərəfləndirdi. Bu Qələbə dövlətimizin qüdrətini bütün dünyaya nümayiş etdirdi. Xalqımız öz haqqı uğrunda mübarizə aparmaq əzmini nümayiş etdirdi, məğlubiyyət damğasını üzərindən götürdü. Bu savaşın nəticəsində dünya bizi həm də qalib dövlət, məğrur xalq kimi tanıdı.
Tarix boyu ermənilər hər zaman azərbaycanlılara qarşı düşmənçilik mövqeyində olublar. Son 200 ildə ermənilərin qədim Azərbaycan torpaqlarında məskunlaşdırılmasından sonra onlar düşmənçilik siyasətini daha da genişləndirməyə başladılar və özlərini bütün dünyaya yazıq, məzlum xalq kimi təqdim etməyə çalışdılar. 1915-ci ildə "soyqırımı”na məruz qaldıqlarını bütün dünyaya sübut etməyə çalışan ermənilər, əslində, istər çar Rusiyası, istərsə də sonrakı dövrlərdə azərbaycanlılara qarşı kütləvi soyqırımlar törədiblər. 1905-1907 və 1918-ci illərdə yüz minlərlə azərbaycanlı ermənilər tərəfindən qətlə yetirilib. 1918-ci ilin mart qırğınları xalqımızın yaddaşından heç zaman silinməyəcək. Həmin vaxt Qarabağda, Zəngəzurda, Şamaxıda, Göyçayda on minlərlə soydaşlarımız ermənilər tərəfindən soyqırımına məruz qalmış, yaşadıqları yurd yerlərindən qovulmuşlar.
Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq Prezident İlham Əliyev 27 sentyabr – Vətən müharibəsinin başladığı günün Azərbaycan Respublikasında Anım Günü kimi qeyd olunması ilə bağlı 2020-ci il 2 dekabr tarixində Sərəncam imzalamışdır. Bu addım şəhid ruhlarına, şəhidlərin doğmalarına ali ehtiramın göstəricisidir.
Bu gün Azərbaycan işğaldan azad etdiyi ərazilərində sürətli bərpa-quruculuq işləri aparır. Lakin Ermənistan tərəfindən basdırılmış yüz minlərlə mina bərpa işlərini əsaslı şəkildə ləngidir və mülki əhalinin həyatı üçün təhdid törədir. Müharibə başa çatandan bu günədək 150-dən çox mülki şəxs və hərbçi minaya düşərək həlak olmuş və ya öz sağlamlığını itirmişdir. Obyektiv həqiqətlərin beynəlxalq aləmə çatdırılması üçün çalışan jurnalistlərin sülh dövründə öz peşə vəzifələrinin icrası zamanı həlak olması faktı dünya jurnalistləri tərəfindən qınanılmalıdır. Dünya ictimaiyyəti və beynəlxalq təşkilatlar Ermənistanı mina xəritələrini vermədiyinə görə qınamalı və rəsmi İrəvan hüquqi məsuliyyət daşımalıdır.
Qələbəni bizə bəxş edən qəhrəman əsgər və zabitlərimiz bizim qürur mənbəyimizdir. Onların qəhrəmanlığı, onların şücaəti, fədakarlığı artıq dastanlara çevrilib və bu dastanlar Azərbaycan xalqı var olduqca yaşayacaqdır.