“Böyük Qayıdış” xalqımızın böyüklüyünü, gücümüzü, məqsədimizi, birliyimizi göstərir

“Böyük Qayıdış” xalqımızın böyüklüyünü, gücümüzü, məqsədimizi, birliyimizi göstərir

Aidə Hacıyeva

YAP Suraxanı rayon təşkilatının üzvü

Suraxanı rayonu 273 nömrəli körpələr evi, uşaq bağçasının müdiri

1992-ci il may ayında Laçın rayonu Ermənistan tərəfindən işğal edilən zaman respublikamızın daxilində ictimai-siyasi böhran, anarxiya hökm sürürdü. Müəyyən qüvvələr hakimiyyət uğrunda mübarizə aparırdı və bu prosesdə Azərbaycan Xalq Cəbhəsi əsas rol oynayırdı. Belə bir şəraitdə torpaqlarımızın düşməndən qorunması həmin qüvvələri düşündürmürdü. Onlar üçün əsas məqsəd hakimiyyətə gəlmək idi. Beləliklə, 1992-ci il mayın 15-də “AXC - Müsavat” cütlüyü qanunsuz hakimiyyətə gəldikdən cəmi 3 gün sonra - mayın 18-də Laçın rayonu Ermənistan tərəfindən işğal olundu. Bir sözlə, Laçın “AXC-Müsavat” cütlüyünün hakimiyyətə gəlmək üçün apardığı mübarizənin qurbanı oldu.

44 günlük Vətən Müharibəsində təhlükəsiz şəkildə və öz seçimi ilə ərazini tərk edən erməni əhalisindən fərqli olaraq, 1992-ci ildə rayonun azərbaycanlı əhalisi oradan zorakılıqla qovulmuşdu. Onların bir çoxu qırğına məruz qalmış, hətta meyitləri belə təhqir edilmişdi. İşğal dövründə Laçın rayonu yüzlərlə şəhid vermiş, onlarla dinc insan Laçında girov götürülmüşdülər. Rayondan köçkün düşən Azərbaycan əhalisi isə özü ilə heç nə götürə bilməmiş, sakinlərin bütün əmlakı işğalçı Ermənistan ordusu tərəfindən qarət olunmuşdu.

Qarabağımız artıq çiçəklənir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə bütün işğaldan azad olunmuş ərazilərdə, o cümlədən Laçın rayonunda geniş miqyaslı tikinti quruculuq işlərinə başlanmışdır. Mədəniyyət yoldan başlayır. Bu qəbildən Laçın rayonunun Qorçu kəndinin ərazisində inşa ediləcək hava limanı bir neçə mühüm amili özündə ehtiva edir. Burada aeroportun tikilməsi ümumilikdə bölgənin sosial-iqtisadi inkişafına təkan verəcək və turizm potensialının artırılmasına səbəb olacaq. Laçın hava limanının inşası həm də işğaldan azad edilmiş tarixi torpaqlarımızda aparılan abadlıq-quruculuq işlərinin miqyasını göstərir. Bu gün Azərbaycan bütün bunlara qadirdir.

İşğaldan azad edilmiş ərazilərdə quruculuq işlərinin görülməsi, “Böyük Qayıdış” prosesinin sürətləndirilməsi gücümüzü, məqsədimizi, birliyimizi, xalqımızın böyüklüyünü bir daha göstərir. Ali Baş Komandanımızın qətiyyətli mövqeyi, xalqımızın birliyi və ordumuzun əzmi ilə ölkəmiz istədiyi bütün hədəflərə nail ola bilmə bacarığına sahibdir və qarşıya qoyulan bütün məqsədlər icra ediləcəkdir.