Bakı enerji həftəsi: Azərbaycanın qlobal enerji təhlükəsizliyində strateji rolu və gələcəyə baxış
Ziyafət Rəhimova
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədr müavini
Müasir dünya siyasətində və iqtisadiyyatında enerji təhlükəsizliyi məsələsi dövlətlərin suverenliyinin, iqtisadi sabitliyinin və beynəlxalq nüfuzunun əsas şərtlərindən birinə çevrilmişdir. Bu kontekstdə Azərbaycan Respublikası regional lider tərəfdaş olmaqdan çıxaraq, qlobal miqyasda enerji xəritələrini yenidən formalaşdıran strateji bir aktora çevrilmişdir. Hər il ənənəvi olaraq keçirilən və beynəlxalq miqyasda böyük maraq doğuran “Bakı Enerji Həftəsi” qlobal enerji səhnəsində həqiqətən aparıcı tədbirlərdən biridir. Bu mötəbər platforma təkcə keçmiş nailiyyətlərin yekunlarını deyil, həm də gələcək çoxşaxəli enerji strategiyalarının yol xəritəsini müəyyən edir.
Prezident İlham Əliyevin Bakı Enerji Həftəsindəki konseptual tezisləri və nitqləri Azərbaycanın həm ənənəvi enerji resursları sahəsində, həm də yaşıl enerji keçidində qlobal güc mərkəzi olduğunu bir daha təsdiqləyir. Azərbaycanın bugünkü geosiyasi və geoiqtisadi uğurlarının kökündə uzaqgörənliklə planlaşdırılmış və ardıcıl şəkildə icra edilmiş enerji strategiyası dayanır. Azərbaycanın müasir enerji inkişafı 1994-cü ildə Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə “Əsrin Müqaviləsi”nin imzalanması ilə başladı. Həmin çətin və mürəkkəb tarixi şəraitdə belə bir nəhəng müqavilənin imzalanması ölkənin gələcək müstəqilliyinin və iqtisadi dayanıqlığının qarantı oldu.
Bu gün Avropa və onun ətraf regionlarında cərəyan edən geosiyasi böhranlar fonunda enerji təhlükəsizliyi məsələsi hər zamankından daha kritik bir önəm kəsb edir. Azərbaycan öz tərəfdaşları üçün etibarlı, proqnozlaşdırıla bilən və uzunmüddətli tərəfdaş olduğunu əməli fəaliyyəti ilə sübut etmişdir.
Ölkəmizin təşəbbüsü və liderliyi ilə ərsəyə gələn Cənub Qaz Dəhlizi qlobal enerji təhlükəsizliyinin təmin olunmasında müstəsna rola malikdir. Hazırda Cənub Qaz Dəhlizi və onun genişləndirilmiş marşrutları vasitəsilə Azərbaycanın qazı 16 ölkəyə çatdırılır. Bu coğrafiya durmadan genişlənməkdədir.
Ən diqqətçəkən məqamlardan biri odur ki, Azərbaycan qazını alan 16 ölkədən 10-u Avropa İttifaqına üzv olan ölkələrdir. Bu statisika Azərbaycanın Avropanın enerji şaxələndirilməsi və təhlükəsizliyi strategiyasında strateji və əvəzedilməz bir tərəfdaş olduğunu aydın nümayiş etdirir. Ölkəmizin malik olduğu nəhəng təbii resurs potensialı bu əməkdaşlığın müvəqqəti deyil, çoxuzunmüddətli xarakter daşıdığını göstərir.
Mövcud qaz ehtiyatlarımız ən azı növbəti yüz il ərzində həm ölkəmizin, həm də tərəfdaşlarımızın tələbatını ödəməyə kifayət edəcəkdir. Bu isə o deməkdir ki, Azərbaycan hələ onilliklər boyu qlobal enerji təhlükəsizliyinin təminatçısı rolunda çıxış edəcəkdir.