Bələdiyyələrin fəaliyyətində canlanma müşahidə olunur
17.01.2025-ci il tarixdə Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Suraxanı rayonu Əmircan bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.
Görüşdə giriş sözü ilə çıxış edən YAP Suraxanı rayon təşkilatının sədr müavini Salman Əbdülov bildirdi ki, bələdiyyələr demokratik bir təsisatdır, vətəndaş cəmiyyətinin bir formasıdır. Azərbaycanın demokratiya yolunda irəliləyən bir dövlət olduğunu nəzərə alsaq, müstəqil özünüidarəetmə strukturunun-bələdiyyələrin fəaliyyəti mütləq vacibdir. Ötən illər göstərdi ki, ölkəmizdə bələdiyyələrin fəaliyyəti üçün münbit şərait var. Bu, ilk növbədə, bələdiyyələrin fəaliyyətinin yüksək səviyyədə tənzimlənməsi istiqamətində qanunvericiliyin mövcudluğuna əsaslanır.
Daha sonra çıxış edən Suraxanı rayonu Əmircan bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədləri Cəmilə Ağayeva, Anar Tağıyev, Emil Yusifov, Aysel Şərifova, Aytac Xalıqzadə, Rəşad Yusifov, Pərvanə Əliyeva, Cəlal Məhərrəmov, Suğraxanım Hacıyeva bildirdilər ki, bu gün Azərbaycanda bələdiyyələrin fəaliyyəti üçün yüksək səviyyədə qanunvericilik mövcuddur. Son dövrlərdə bələdiyyələrin fəaliyyətində daha çox canlanma müşahidə olunur. Bu onunla əlaqədardır ki, bələdiyyə institutlarının təkmilləşdirilməsi istiqamətində mühüm addımlar atılır. Artıq bələdiyyələrin formalaşdırılmasında və onların fəaliyyətində Avropa standartlarından, təcrübəsindən istifadə olunur.
17.01.2025-ci il tarixdə eyni zamanda da bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Suraxanı rayonu Hövsan və Yeni Suraxanı bələdiyyələri üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə səyyar görüşləri keçirilib.
Seçicilərlə səyyar görüşlər Hövsan qəsəbəsi, Hövsan “MİDA” yaşayış kompleksində namizəd Məzahir Əhmədlinin və Yeni Suraxanı, Vahid Xəlilov küçəsində namizəd Həqiqət Məmmədovanın iştirakı ilə keçirilmişdir.
YAP-ın namizədlərinə böyük maraqla müşahidə olunan səyyar görüşlərdə sakinləri maraqlandıran məsələlər müzakirə olunmuşdur.
Görüşlər zamanı seçicilər YAP-ın fəaliyyətini dəstəklədiklərini və bələdiyyə seçkilərində partiyanın namizədlərinə səs verəcəklərini vurğulayıblar.