Arzu Miriyev
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı rayonu 65 nömrəli tam orta məktəbin direktoru
Prezident İlham Əliyevin 15 noyabr tarixində Albaniyada rəsmi səfəri Azərbaycanla Albaniya arasında dostluq münasibətləri müxtəlif sahələr üzrə inkişafında yeni bir mərhələnin başlanğıcı oldu. Qeyd etmək lazımdır ki, Albaniya həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib və bu dəstək həmişə qarşılıqlı olub. Cənubi Avropa dövləti olan Albaniya həm də NATO-nun üzvüdür.
Cənab Prezidentin bu səfəri də bu NATO ölkəsi ilə həm siyasi, həm də iqtisadi əlaqələrin genişləndirilməsinə, qarşılıqlı maraq doğuran məsələlərin həllinə yönəlmişdi. Ölkə başçısı Albaniya rəsmiləri ilə görüş zamanı qeyd etmişdir ki, “həm işğal dövründə, həm İkinci Qarabağ müharibəsi dövründə Albaniya rəsmilərinin bəyanatları, Azərbaycanın ərazi bütövlüyünə göstərilən dəstək Azərbaycan rəhbərliyi və xalqı tərəfindən yüksək qiymətləndirilmişdir. Bu Avropa ölkəsi ilə əlaqələrin həm siyasi, həm də iqtisadi cəhətdən inkişafı Azərbaycanın maraqlarına uyğundur”.
Önəmli əməkdaşlıq istiqamətlərindən biri qaz sahəsidir. Ancaq əməkdaşlıq üçün enerji sektorundan başqa da çox yaxşı imkanlar var - qarşılıqlı sərmayə qoyuluşu, Albaniya və Azərbaycan şirkətlərinin birgə fəaliyyəti, birgə müəssisələrin yaradılması, turizm, kənd təsərrüfatı, müasir texnologiyalar sahələrində qarşılıqlı əmkdaşlıq üçün geniş imkanlar vardır.
Azərbaycan və Albaniyanın TAP layihəsinin üzvləri olması hər iki ölkənin Cənub Qaz Dəhlizinin icrasında çox önəmli rol oynamalarına imkan verir. Azərbaycanın və Avropa İttifaqının sədrliyi ilə bu günə qədər keçirilmiş Cənub Qaz Dəhlizi Məşvərət Şurasının bir çox toplantılarında fəal iştirak gələcək qarşılıqlı əlaqələrə müsbət təsir göstərməkdədir.
Trans-Adriatik qaz boru kəməri layihəsinin uğurla reallaşması ölkələrimiz arasında əlaqələrin, həm də beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsi işinə töhfə verir. Bu gün Azərbaycan qazı Avropanın enerji təhlükəsizliyinə də öz töhfəsini verir. Bu ilin iyul ayında Azərbaycanla Avropa Komissiyası arasında enerji sahəsində strateji əməkdaşlıq üzrə Anlaşma Memorandumu imzalanmışdır. Həmin Memorandum əsasında 2027-ci ilə qədər Avropaya gedən qaz təchizatı iki dəfə artırılacaqdır.
Azərbaycanın zəngin qaz ehtiyatlarının Avropaya nəqli üçün hazırda həm TAP, həm TANAP qaz kəmərlərinin iki dəfə genişləndirilməsi məsələsi müzakirə olunur. Azərbaycan Avropa İttifaqı rəsmiləri tərəfindən artıq etibarlı tərəfdaş kimi tanınır və qiymətləndirilir.
Görüş zamanı bildirilmişdir ki, Azərbaycan Albaniyada qaz təsərrüfatının inkişafına öz töhfəsini verəcəkdir. Albaniyada bu günə qədər qaz şəbəkəsi yaradılmamışdır. Azərbaycan bu sahədə də investor kimi iştirak edə, bu sahə üzrə infrastrukturun inkişafına dəstək ola bilər. Təbiidir ki, belə iqtisadi əməkdaşlıq meylləri gələcək siyasi inkişaf üçün təməl rolü oynayacaqdır.
Əslində uzağa hesablanmış bu səfər cəhətlərindən biri də Azərəbaycan-NATO əlaqələrinin genişləndirilməsinə və bu nəhəng təşkilatda tərəfdaşlarımızın çoxalmasına əhəmiyyətli dərəcədə təsir edəcəkdir.
Cənab Prezidentin qeyd etdiyi kimi “Azərbaycanın NATO ilə sıx əməkdaşlıq platforması var. Azərbaycan uzun illər Əfqanıstanda NATO-nun əməliyyatlarında fəal iştirak edib. Demək olar NATO-ya üzv olmayan ölkələr arasında birincilər sırasında idik ki, biz sülhməramlı missiyaya qoşulduq. Biz Əfqanıstandan çıxan son iki ölkə arasındayıq - son iki ölkə Türkiyə və Azərbaycan idi. Albaniya da NATO-nun üzvü kimi NATO-Azərbaycan əlaqələrinə həmişə böyük dəstək vermişdir”.
Dövlət başçısı səfər zamanı mətbuata verdiyi açıqlamasında Ermənistanla hazırkı münasibətlərə də toxunmuş, qeyd etmişdir ki, “BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri 1993-cü ildə qəbul olunmasına baxmayaraq, bu qətnamələr 27 il ərzində icra edilmirdi. Ermənistan bu qətnamələrin icrasına maraq göstərmirdi, faktiki olaraq məhəl qoymurdu, beynəlxalq ictimaiyyət, beynəlxalq birlik isə sadəcə olaraq, buna göz yumurdu və Ermənistana hər hansı bir sanksiya tətbiq edilməmişdir. Orada törədilmiş dağıntılar faktiki olaraq o torpaqları tamamilə cansız edib. Ermənilər işğal dövründə 67 məsciddən 65-ni yerlə-yeksan etmişlər, qalan iki məsciddə isə heyvan-inək, donuz saxlamışlar və bütün müsəlmanların hisslərinə toxunmuşlar.”
Həmçinin qeyd edilmişdir ki, hazırda işğalın nəticələri aradan qaldırılır və Qarabağda quruculuq-bərpa işləri geniş miqyasda həyata keçirilir.
Avropa ölkəsi olaraq Albaniya Azərbaycan həqiqətlərinin geniş dünya ictiamiyyətinə çatdırılmasında və beynəlxalq təşkilatlarda Azərbaycana verəcəyi siyasi dəstəklə BMT-də, Avropa Şurasında məhsuldar əməkdaşlığın daha da inkişafına töhfə verəcəkdir.
Azərbaycan Prezidenti hər zaman olduğu kimi, Albaniya səfərində də bir daha sözünə sadiq etibarlı tərəfdaş olduğunu və tam müstəqil siyasət yürütdüyünü göstərdi. Bu səfər Azərbaycanın Albaniya ilə əməkdaşlığında yeni səhifənin açıldığını bir daha təsdiqlədi.