Azərbaycan-Çin dostluq münasibətləri bundan sonra da uğurla davam etdiriləcək
Fikrət Quliyev
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı rayonu, Yeni Suraxanı Bələdiyyəsiinin sədri
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2023-cü ilin 17 yanvar tarixində Davosda Çinin CGTN (China Global Television Network) televiziya kanalına müsahibəsi xüsusi önəm daşıyır. Müsahibədə cənab Prezidentimiz bir çox məsələlərə toxundu ki, bu da hər iki ölkənin həm siyasi, həm iqtisadi, həm də gələcək inkişafı və xalqlarımızın bir-birinə daha yaxınlaşması baxımından əhəmiyyətlidir.
Coğrafi baxımdan biri-birindən uzaq olan Çin ilə Azərbaycan biri-birindən uzaq məsafədə yerləşsə də, xalqlarımız arasında tarixən dostluq əlaqələri həmişə mövcud olub. Münasibətlərimizin yaranmasında tarixi İpək yolu vacib rol oynayıb. Bu səbəbdən Çin və Azərbaycan arasında əlaqələr qədim tarixə malikdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev müsahibəsində bu gün dünyada getdikcə artan qütbləşmə fonunda Qoşulmama Hərəkatının mövcud potensialından düzgün istifadə edilməsinin zəruriliyini diqqət mərkəzinə çəkdi. Ölkə başçısı Azərbaycanın timsalında müasir dünyada qarşılıqlı yardım və paylaşmaların nə qədər vacib olduğunu vurğuladı. Qeyd olundu ki, Azərbaycan pandemiya dövründə 80-dən artıq ölkəyə tibbi, humanitar və maliyyə dəstəyi göstərib. Həm də ölkəmiz bunu könüllü olaraq, təmənnasız edib.
Müsahibədə cənab Prezidentimizin qeyd etdiyi kimi, 30 il ərzində davam edən siyasi münasibətlər artıq bizim yaxşı tərəfdaş və bir-birinə etibar edən dostlar olduğumuzu nümayiş etdirir. Bizim beynəlxalq təsisatlar çərçivəsində çox yaxşı əməkdaşlığımız var. Biz həmişə bir-birimizin ərazi bütövlüyünü və suverenliyini dəstəkləyirik.
Ulu öndər Heydər Əliyevin xarici siyasəti uğurla davam etdirən Prezident İlham Əliyevin apardığı strategiyanın əsaslarından biri olan Çin Xalq Respublikası ilə münasibətlərin inkişafına xüsusi diqqətin ayrılması iqtisadi, siyasi, mədəni sahələrdə əməkdaşlıq əlaqələri artıq yeni mərhələyə qədəm qoymuşdur. Ölkəmizin xaricdə təsis etdiyi ilk diplomatik nümayəndəliklərindən birinin məhz Çin Xalq Respublikasında açılması bu dövlətə verilən diqqətdir.
Ötən illərə nəzər yetirsək görərik ki, Azərbaycan ilə Çin arasında ticarət dövriyyəsində də müsbət dinamika var. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2019-cu ilin aprelində Çinə səfəri zamanı iki ölkə şirkətləri arasında ümumi dəyəri 821 milyon ABŞ dolları olan 10 sənəd imzalanıb. 2019-cu ilin birinci yarısında iki ölkə arasında ticarət dövriyyəsi 2.3 dəfə artaraq 1.4 milyard ABŞ dollarından çox olub. Halbuki, 1992-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi olduqca az - 1,5 milyon ABŞ dolları təşkil edirdi. Sonradan bu göstərici 2003-cü ildə 111,7 milyon dollar, 2016-cı ildə 770 milyona çatıb, 2018-ci ildə isə iki ölkə arasında ticarət dövriyyəsi 1,3 milyard ABŞ dollarından çox olub, bu isə Çinin Cənubi Qafqaz ölkələri ilə olan ümumi ticarət dövriyyəsinin 43%-ni təşkil edir.
Azərbaycanın müstəqilliyini taniyan ölkələrdən biri də məhz Çin Xalq Respublikasıdır - 27 dekabr 1991-ci il. Ölkələrimiz arasında diplomatik münasibətlər isə 2 aprel 1992-ci ildə qurulmuşdur. Bu müddət ərzində formalaşmış siyasi, iqtisadi, ticarət, enerji, mədəniyyət, turizm, təhsil kimi sahələrdə əməkdaşlıq münasibətləri həm ikitərəfli, həm də çoxtərəfli müstəvidə yüksək səviyyədədir. Xüsusilə də 1994-cü ildə ulu öndər Heydər Əliyevin Çinə səfərindən sonra iki ölkə arasında əlaqələr genişləndirilmiş və həmin səfər ölkələrimiz arasında ikitərəfli münasibətlərin təməlini qoymuşdur ki, bu gün bu siyasət cənab İlham Əliyev tərəfindən daha da möhkəmləndirilir.
Ölkə başçısı cənab İlham Əliyev China Global Television Network televiziya kanalına müsahibəsi zamanı qeyd etmişdir: “Azərbaycan “Bir kəmər, bir yol” təşəbbüsünə ilk günlərdən fəal şəkildə qoşulub və biz mövcud olmayan infrastruktura investisiya yatırmağa başladıq. 10 il ərzində Azərbaycan Xəzər dənizində ən böyük ticarət limanlarından birinin inşasıns nail oldu. Onun yükaşırma qabiliyyəti 15 milyon tondur və biz onu 25 milyon tona qədər artıracağıq. Biz Xəzər dənizi ilə yükləri daşımaq üçün gəmiqayırma zavodunu inşa etdik. “Bir kəmər, bir yol” təşəbbüsü müxtəlif marşrutları, xüsusilə Şimal-Cənub marşrutu üzrə daşımanı fəallaşdırdı”.
Azərbaycan ilə Çinin beynəlxalq təşkilatlar çərçivəsində çox yaxşı əməkdaşlığı var. Son 30 il ərzində davam edən siyasi münasibətlər iki ölkənin yaxşı tərəfdaş və bir-birinə etibar edən dostlar olduğunu nümayiş etdirir. Çin hər zaman məsələnin Azərbaycanın sərhəd toxunulmazlığı və ərazi bütövlüyü prinsipi əsasında həllinə tərəfdar olduğunu bəyan edib. Çinin BMT Təhlükəsizlik Şurasının veto hüquqlu 5 üzvündən biri olmasını nəzərə alsaq, bu cür prinsipial məsələlərdə iki ölkənin rəsmi mövqelərinin üst-üstə düşməsi Azərbaycan üçün çox önəmlidir.
Tərəflərin münasibətləri daha da inkişaf etdirmək istəkləri iki ölkə münasibətlərinin perspektivini artırır və əlaqələrimizin günün tələbləri səviyyəsində inkişafına güclü təkan verir. Xalqlarımızın onilliklərdən bəri davam edən dostluq əlaqələrini, eləcə də, Çin və Azərbaycanın dövlət rəhbərlərinin bütün sahələrdə əməkdaşlığı inkişaf etdirmək istiqamətindən əminliklə demək olar ki, bu dostluq münasibətləri bundan sonra da uğurla davam etdiriləcəkdir.