Azərbaycan boru kəmərləri vasitəsilə qaz tədarük etdiyi ölkələrin sayına əsasən dünyada birinci yerdədir

Azərbaycan boru kəmərləri vasitəsilə qaz tədarük etdiyi ölkələrin sayına  əsasən dünyada birinci yerdədir

Qızxanım Rəhmanova

YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədr müavini

Suraxanı rayon Gigiyena və  Epidemiologiya Mərkəzinin məsul əməkdaşı

3 mart 2026-cı il tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Bakı şəhərində keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclasında iştirak edib. Vacib tədbirdə çıxışında dövlətimizin başçısı qeyd edib ki, hər zaman olduğu kimi, biz Məşvərət Şurasının illik iclasında ötən iclasdan bəri görülmüş işləri nəzərdən keçirir, enerji təhlükəsizliyi və dayanıqlı enerji təchizatı sahələrində əməkdaşlığımızın və tərəfdaşlığımızın gücləndirilməsi ilə bağlı gələcək birgə addımlarımızı planlaşdırırıq.

Bu təşəbbüsün davamlılığını nümayiş etdirməsindən artıq on ildən çox vaxt keçir və 12 il əvvəl bu təşəbbüsə başladığımız dövrlə müqayisədə məhz birlikdə toplaşmağın və enerji təhlükəsizliyinə dair mühüm məsələləri müzakirə yolu ilə həll etməyin nə dərəcədə vacib olduğunu indi daha aydın şəkildə anlayırıq. Xüsusilə son 12 ilə nəzər saldıqda müxtəlif ssenarilərin, çətinliklərin, mürəkkəbliklərin və problemlərin şahidi oluruq.

Bütün çətinliklərə və regionumuzda yaşanan olduqca ağır dövrlərə baxmayaraq, Azərbaycan və tərəfdaşları tərəfindən bir sıra ölkələrin enerji təhlükəsizliyinin təmin olunması həqiqətən də gündəlik həyatımızda hiss etdiyimiz reallığa çevrilmişdir. Ötən il Bakıda sonuncu görüşümüzdən bəri görülən işlərə nəzər yetirdikdə yenə də irəliləyişin şahidi oluruq. Hər dəfə biz məhz irəliləyişdən danışırıq.

Hazırda Azərbaycan qazının istehlakçısı olan ölkələrin sayı 16-ya çatıb. Bu göstərici üzrə Azərbaycan boru kəmərləri vasitəsilə qaz tədarük etdiyi ölkələrin sayına əsasən dünyada birinci yerdədir. Gördüyünüz kimi, bu planlar artıq reallaşdırılıb. Digər mühüm hadisə qaz təchizatımızın artıq Avropa hüdudlarından kənardakı istiqamətlərə də çatması olmuşdur. İlk dəfə olaraq Suriyaya qaz tədarükünə başlamışıq ki, bu da Suriya xalqına mövcud olan kəskin elektrik enerjisi qıtlığının azaldılmasında yardım göstərmək məqsədi daşıyır.

 Beləliklə, Suriyaya 1,5 milyard kubmetr həcmində Azərbaycan qazının tədarükü vasitəsilə biz əhalinin daha yaxşı qorunmasına, biznes fəaliyyəti üçün daha geniş imkanların yaranmasına və müəssisələrin normal fəaliyyətinin təmin edilməsinə töhfə verdik. Yenə də görürük ki, istehsalçı Azərbaycan, tranzit ölkələr və istehlakçılar arasında əməkdaşlıqda müsbət dinamika müşahidə olunur. Hesab edirəm ki, məhz bu birlik, birgə maraqlar və qarşılıqlı fayda prinsipi on ildən artıq davam edən uğurlu yolumuzun əsas amilidir.