Azərbaycan-ABŞ münasibətlərində "Qızıl dövrün" başlanğıcı..

Azərbaycan-ABŞ münasibətlərində "Qızıl dövrün" başlanğıcı..

 Ülviyyə Cəfərli

Suraxanı Tibb Mərkəzinin Xəstə Xidmətləri şöbəsinin müdiri

YAP Suraxanı rayon təşkilatının Ərazi Partiya təşkilatının sədr müavini 

Azərbaycan uzun illərdir ki, Avropanın və regionun enerji təhlükəsizliyində mühüm rol oynayır. Hazırda Azərbaycan öz təbii qazı ilə 16 ölkənin enerji təhlükəsizliyini təmin edir ki, onların da 11-i NATO üzvü və ABŞ-ın müttəfiqidir. Xartiya çərçivəsində tərəflər neft, qaz və elektrik enerjisi sektorlarında əməkdaşlığı genişləndirmək, həmçinin mülki nüvə əməkdaşlığını dərinləşdirmək niyyətindədirlər.

Orta Dəhliz vasitəsilə kritik mineralların qlobal bazarlara çıxarılması da tərəfdaşlığın yeni və perspektivli istiqamətlərindən biridir. Tərəflər arasındakı əməkdaşlıq yalnız iqtisadiyyatla məhdudlaşmır. Müdafiə məhsullarının satışı sahəsində yeni bir səhifə açılır.

ABŞ Azərbaycanın beynəlxalq sülhməramlı səylərə verdiyi töhfələri yüksək dəyərləndirir. Eyni zamanda, terrorizmə qarşı birgə mübarizə və humanitar minatəmizləmə sahəsində potensialın artırılması Xartiyanın əsas müddəaları sırasındadır. ABŞ Azərbaycanın üzləşdiyi mina probleminin həlli üçün maliyyə və texnoloji dəstək vermək niyyətini ifadə etmişdir.

Həmçinin, strateji tərəfdaşlığın gedişatını müzakirə etmək üçün tərəflər ildə ən azı bir dəfə müntəzəm olaraq görüşəcəklər. Xartiyanın kağız üzərində qalmaması üçün konkret icra mexanizmləri müəyyən edilmişdir. İqtisadiyyat, enerji, AI və təhlükəsizlik sahələri üzrə xüsusi İşçi Qrupları yaradılır. Bu qruplar Xartiyanın imzalanmasından sonrakı üç ay ərzində layihələrin siyahısını və yol xəritələrini hazırlamalıdırlar.

Vitse-prezident Vensin səfəri və imzalanmış Strateji Xartiya Azərbaycan-ABŞ münasibətlərində bir "Qızıl dövrün" başlanğıcı kimi xarakterizə oluna bilər. Bu tərəfdaşlıq sadəcə iki dövlətin maraqlarına deyil, həm də bütün regionun rifahına, təhlükəsizliyinə və qlobal enerji, texnologiya xəritəsindəki yerinə xidmət edir.

Azərbaycanın strateji coğrafi mövqeyi ilə ABŞ-ın texnoloji və iqtisadi gücü birləşərək yeni bir uğur hekayəsi yazır.