Sevinc Hüseynova
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı rayonu, 278 nömrəli tam orta məktəbin direktoru
Azərbaycan Respublikasının Ali Baş Komandanı İlham Əliyev 2024-cü il avqust ayının 14-də XXXIII Paris Yay Olimpiya Oyunlarında medal qazanmış Azərbaycan idmançıları və onların məşqçiləri ilə görüşdü. Ölkə başçısı görüş zamanı çıxış edərkən idmançılarımızı və onların məşqçi heyətini ürəkdən təbrik etdi və bildirdi ki, Azərbaycan idmançıları uğurlu çıxışları ilə bütün xalqımızı sevindirdi. İdmançılarımız Yay Olimpiya Oyunlarında ölkəmizi böyük ləyaqətlə təmsil etdi. Olimpiya Oyunları bütün digər idman yarışları arasında xüsusi yer tutan bir yarışdır, dörd ildən bir keçirilən idman bayramıdır və əlbəttə ki, hər bir idmançı, hər bir ölkə bu Oyunlara xüsusilə hazırlaşır.
Azərbaycan güclü idman dövlətidir. Bu səbəbdən bizim Olimpiya Oyunlarındakı uğurlarımız əvvəlki illərdə də, son Oyunlarda da xüsusilə seçilmişdir. Təsadüfi deyil ki, biz bu Oyunlarda dünyanın ən güclü 30 ölkəsinin arasında yer almışıq - 2 qızıl, 2 gümüş və 3 bürünc medal. Müsəlman ölkələri arasında Azərbaycan üçüncü yerdə qərarlaşıb. Nəzərə alsaq ki, İslam Əməkdaşlıq Təşkilatında 57 üzv mövcuddur, bu, çox gözəl və tarixi nəticədir. Xüsusilə qızıl medalçılarımız Olimpiya Oyunlarının ilk günlərində qələbə sevincini xalqımıza bəxş etmişlər. Onların həm peşəkarlığı, həm idmandakı uğurları və eyni zamanda, davranış qaydaları hər birimizi ürəkdən sevindirdi. Onlar uzun illər ərzində öz çəki dərəcələrində liderliyi qoruyublar və bu liderliyi Olimpiya Oyunlarında bir daha təsdiq etmişlər. Əlbəttə, biz daha çox medal qazana bilərdik. Amma bu idmandır, idmanda qələbə də olur, məğlubiyyət də olur. Əsas odur bu Oyunlar bir daha göstərdi ki, Azərbaycanda idmanın inkişafı ardıcıl surətdə gedir. Bu gün Azərbaycanda idmanın bir çox növləri inkişaf edir. Bizim idmançılarımız beş idman növündə medallar qazanmışlar: cüdo, boks, taekvondo, yunan-Roma güləşi, sərbəst güləş üzrə. Bu da onu göstərir ki, Azərbaycanda idmanın bir çox növləri inkişaf edir.
Ölkə prezidenti Olimpiya oyunları bitdikdən sonra müəyyən istirahət vaxtı başa çatınca yeni hazırlıq prosesinə start veriləcəyini diqqətə çatdıraraq qeyd etdi ki, həm Avropa, həm dünya çempionatlarına hazırlıq işləri gedəcək. Biz növbəti Olimpiya Oyunlarına da indidən hazırlaşmalıyıq. Bir neçə idman növündə nəsillərin dəyişməsi prosesi gedir. Ona görə təbii ki, növbəti Olimpiya Oyunlarına bu prizmadan yanaşmalıyıq və xüsusilə uşaq-yeniyetmə idmanına bundan sonra da diqqət göstərilməlidir. İdmanla məşğul olmaq üçün indi ölkəmizin hər bir yerində gözəl şərait var. İdmana rəhbərlik edən qurumlar arasında koordinasiya işləri düzgün qurulub, federasiyalar, klublar uğurla fəaliyyət göstərir.
Növbəti Olimpiya Oyunlarına hazırlıq prosesi də ardıcıl aparılacaq. Hər bir Olimpiya Oyunlarından sonra, xüsusilə ölkəmiz üçün uğurlu Oyunlardan sonra idman bölmələrinə uşaqların, yeniyetmələrin axını müşahidə olunur. Ölkəmizdə gənclərin idmana maraqları günü-gündən artır. Həm cüdo, həm digər idman növləri ilə məşğul olmaq istəyən uşaqlarımızın sayı çox olacaq.Bu gün biz gənc nəslimizlə haqlı olaraq fəxr edə bilərik. Uzun illər ərzində idmanın kütləviliyi ilə bağlı görülən işlərin bir məqsədi olub ki, fiziki, mənəvi cəhətdən sağlam, Vətənə bağlı, vətənpərvər və peşəkar gənc nəsil yetişsin. İdmançılarımızın uğurlu çıxışları bunu bir daha göstərdi ki, biz gənc nəslimizlə haqlı olaraq fəxr edə bilərik. Nailiyyətlər, eyni zamanda, medallar qazanmış idmançıların məsuliyyətini də artırır. Çox sevindirici haldır ki, bizim idmançılarımız həm yarışlarda, eyni zamanda, həyatda nümunəvi davranış qaydaları göstərirlər.