Aytən Əliyeva
YAP Suraxanı rayon təşkilatının üzvü
Suraxanı rayonu, 146 nömrəli tam orta məktəbin müəllimi
1990-cı illərin əvvəllərində çox ağır sosial-iqtisadi və siyasi böhran halında olan ölkəmizi bu çətin vəziyyətdən xilas edən Heydər Əliyevin müəyyənləşdirdiyi yol ölkəmizi bugünkü yüksək inkişaf səviyyəsinə gətirdi. Onun planlaşdırdığı Azərbaycanın inkişaf strategiyasını Prezident İlham Əliyevin uğurla davam etdirdi. Bunun nəticəsidir ki, nəzərdə tutulan bütün hədəflərə çatdıq. Danılmazdır ki, hər bir dövlətin gücü həm də onun iqtisadi potensialından irəli gəlir. Ölkəmizin iqtisadi qüdrəti davamlı olaraq inkişaf edir, dünyada bu sahədə yaşanan böhranlardan dayanıqlı olduğu üçün təsirsiz ötüşə bilir. Eyni zamanda, Azərbaycanda möhkəm sabitliyin, əmin-amanlığın bərqərar olması, hərbi-siyasi gücünün günü-gündən artması, öz torpaqlarını işğaldan azad etməklə yeni reallıqlar yaratması, həmçinin regionun inkişafına böyük töhfələr verməsi ölkəmizin qlobal dünyada nüfuzunu xeyli artırdı. Ölkəmiz, demək olar ki, regionun liderinə çevrildi.
Dövlətimizin başçısı cənab İlham Əliyevin bilavasitə təşəbbüsü və rəhbərliyi ilə ərsəyə gələn nəhəng layihələr isə dünyaya meydan oxuyur, burada iştirakçı olan dövlətlərin iqtisadi inkişafına səbəb olur. Ölkəmizi dünya üçün əhəmiyyətli edən digər məqam isə onun etibarlı tərəfdaş statusu qazanmasıdır. Bu səbəbdəndir ki, əməkdaşlıq etdiyimiz bütün dövlətlər, xüsusilə də Mərkəzi Asiya dövlətləri Azərbaycanla münasibətləri yüksək qiymətləndirirlər. Regional əməkdaşlığın yeni formatı ölkələrimizin və xalqlarımızın daha da yaxınlaşmasına zəmin yaradır. Hazırda Azərbaycan və Mərkəzi Asiya ölkələrinin iqtisadi inkişafında ticarət əlaqələrinin genişlənməsi vacib amillərdən biridir.
Azərbaycanı və Mərkəzi Asiya ölkələrini xalqlarımızın çoxəsrlik qardaşlıq münasibətləri də bağlayır. Ortaq mədəni köklər dövlətlərarası əlaqələrin möhkəm bünövrəsini əks etdirir . Bu gün Azərbaycanın xarici siyasətində Türk dünyası, həmçinin Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıq da xüsusi yer tutur. Azərbaycan Mərkəzi Asiya ölkəsi deyil, lakin tarixi və mədəni əlaqələrlə, indi isə daha çox siyasi əlaqələrlə Mərkəzi Asiya ilə sıx bağlıdır.
Bu baxımdan son illər həmin ölkələrlə münasibətlərdə əlaqələrimiz durmadan genişlənir. Dövlət başçıları səviyyəsində təşkil olunan qarşılıqlı səfərlər, keçirilən görüşlər, imzalanan sənədlər əhəmiyyətinə görə əməkdaşlığımıza strateji xarakter qatır. Azərbaycan Respublikasının günü-gündən inkişafı həm regionda, həm də beynəlxalq aləmdə genişlənən imkanları, sülh və təhlükəsizliyin təmin olunmasına verdiyi mühüm töhfələri ilə bağlıdırsa, digər tərəfdən, bilavasitə dövlətimizin başçısının şəxsi nüfuzundan, qlobal təşəbbüslərinin səmərəliliyi və fikirlərinin əhəmiyyətindən irəli gəlir.
Prezident Ilham Əliyev son iki ildə Mərkəzi Asiya ölkələrinə rəsmi səfərə çıxması, Qazaxıstanda, Özbəkistanda keçirdiyi görüşlər ölkəmizin bu regionlarla əlaqələrinin genişlənməsində müstəsna rol oynayır heç şübhəsiz, nəqliyyat dəhlizləri də bu baxımdan vacib şərtdir. Prezident İlham Əliyevin Mərkəzi Asiyada yerləşən ölkələrə mütəmadi səfərləri, həmçinin regional təşkilatların tədbirlərində fəxri qonaq qismində iştirakı ölkəmizin region dövlətləri ilə əlaqələrinin dinamikasını nümayiş etdirir. Ölkə başçımızın Mərkəzi Asiya ölkələrində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin sammitlərində, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-cı Zirvə toplantısında, Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşlərində və digər tədbirlərdə iştirakı, eyni zamanda, BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının - SPECA-nın Zirvə görüşünün Azərbaycanda keçirilməsi ölkəmizə marağın əyani təcəssümüdür.
Bu gün Avropanın enerji təhlükəsizliyinə ciddi töhfələr verən Azərbaycan Şərqlə Qərb arasında, o cümlədən Mərkəzi Asiya ölkələri üçün mühüm tranzit ölkə və etibarlı tərəfdaşdır. Bu rəsmi səfərlərdə ölkə başçımızın da dediyi kimi, Azərbaycanın beynəlxalq əlaqələri bundan sonra daha da genişlənəcək, onun müxtəlif regionlar arasında rolu bundan sonra da davam edəcəkdir.