Yeganə Abdullayeva
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı rayonu, 290 nömrəli tam orta məktəbin direktoru
Hər bir təşəbbüs və qəbul olunmuş qərarlar doğma Azərbaycan torpaqlarının işğaldan azad olunmasına və Azərbaycanın bütün sərhədləri boyunca bayrağımızın dalğalanmasına xidmət edib. 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi.
Azərbaycanın İkinci Qarabağ, 44 günlük Vətən müharibəsi zamanı möhtəşəm qələbə qazanması, uzun illərdən bəri Ermənistanın işğalı altında olan tarixi torpaqlarımızın azad olunması, ölkəmizin ərazi bütövlüyünün və tarixi ədalətin bərpa edilməsi, heç şübhəsiz, xalqımızın çoxəsirlik dövlətçilik tarixinin ən şərəfli səhifələrindən biridir. Həmçinin bu qələbə qonşusunun torpağına göz dikən, xalqımızın humanistliyindən, qonaqpərvərliyindən, etimadından, sui-istifadə edən ermənilərin əsl simasını dünyaya bir daha göstərdi. Bir daha dünyaya məlum oldu ki, tarix boyu ermənilər azərbaycanlılara və türklərə qarşı amansız olmuş, insanlığa sığmayan terror aktları, dəhşətli soyqırımları törətmişlər.
Ermənistanın təxribatına və növbəti hərbi təcavüzünə cavab olaraq Azərbaycan xalqı torpaqlarımızın işğaldan azad edilməsi və ədalətin bərpası üçün Vətən müharibəsinə başladı. Cəmisi 44 gün çəkmiş olan Vətən müharibəsinin sonu 30 il ərzində əldə oluna bilməyən qələbə ilə bitmişdir. Azərbaycan Ordusu bu zaman ərzində Azərbaycanın 20% işğal olunmuş bütün torpaqlarını geri qaytarmış və bütün dünyaya özlərindən sonra misli görünməmiş qəhrəmanlıq salnaməsi buraxmışdır. Qarabağda başlanan uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edilib.
Azərbaycanın hərbi sahədə qazandığı qələbələr, xüsusən noyabrın 8-də 28 illik həsrətdən sonra Qarabağın tacı olan Şuşa şəhərinin azad edilməsi müharibənin taleyində həlledici rol oynamışdır. Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətləri sayəsində formalaşan və inkişaf yoluna qədəm qoyan Azərbaycan Silahlı Qüvvələri bu gün Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında öz xalqına qələbəni bəxş etmiş Müzəffər orduya çevrilmişdir.
Vətən müharibəsində şanlı qələbə xalqımızın igid övladlarının qanı-canı bahasına qazanılıb. Şəhidlərimizin və qazilərimizin qəhrəmanlığı dövlətimiz və xalqımız tərəfindən yüksək qiymətləndirilir. Sentyabrın 27-si Prezidentin sərəncamı ilə şəhidlərimizin xatirəsinə Anım Günü elan olunub. Döyüşlərdə iştirak etmiş on minlərlə hərbçi Prezident İlham Əliyevin imzaladığı sərəncamlarla orden, medal və fəxri adlarla təltif olunub. Habelə 83 nəfər “Vətən Müharibəsi Qəhrəmanı” adına, 33 nəfər isə “Zəfər” ordeninə layiq görülüb.
Vətən müharibəsinin ilk günlərindən, ilk saatlarından etibarən Azərbaycan xalqı Türkiyənin dəstəyini hiss etdi. Qardaş Türkiyənin dəstəyi müharibənin aqibətini müəyyən etmiş həlledici amillərdən biridir.Türkiyənin Azərbaycana verdiyi siyasi və mənəvi dəstək hər bir Azərbaycan vətəndaşını qürurlandırır, sevindirir.
Müharibələrdə böyük qələbələrin əsasında duran ən başlıca amil xalq-dövlət-ordu birliyinin sarsılmaz vəhdətinin təmin olunmasıdır. İkinci Qarabağ müharibəsi dünya azərbaycanlılarının birliyinin sarsılmazlığını, xalqımızın Vətən torpaqlarının azad edilməsi naminə “Dəmir yumruq” kimi birləşdiyini nümayiş etdirdi. Bu birlik bizə imkan verəcək ki, işğaldan azad edilmiş torpaqlara yenidən həyat qaytaraq. Mənfur düşmənin xarabalığa çevirdiyi hər yeri biz cənnətə çevirəcək, Qarabağa yeni nəfəs verəcəyik.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli sərancamı ilə xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə hər il noyabrın 8-i, yəni Şuşanın işğaldan azad edildiyi gün Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd ediləcək. Bu tarix əbədi yaşayacaq, çünki bu gün döyüş meydanında qazandığımız şanlı qələbəmizin, zəfərimizin günüdür.
Zəfərimiz qürurumuzdur!
“Qarabağ bizimdir,Qarabağ Azərbaycandır!”