Albaniya Azərbaycanı, həqiqəti, tarixi hüquqlarımızı dəstəkləyir
Südabə Yaqubova
Suraxanı Tibb Mərkəzinin direktor müavini
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Bu səfər Prezident İlham Əliyevin Albaniyaya ilk səfəridir. Səfərin məqsədi ölkələrimiz arasında yüksək səviyyədə olan əlaqələrin daha da inkişafına və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın gücləndirilməsinə töhfə verməkdir.
Ölkələrimiz arasında siyasi dialoq yüksələn xətlə inkişaf etməkdədir. 2016-2019-cu illərdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən təşkil edilən Qlobal Bakı forumlarına bir qayda olaraq Albaniya Respublikasının Prezidenti, həmçinin Mərkəzin fəaliyyətində fəal iştirak edən keçmiş prezidentləri qatılıblar.
Azərbaycan ilə Albaniya arasında diplomatik münasibətlər 1993-cü ilin sentyabrın 23-də qurulub. Bu münasibətlərin 30-cu ildönümü ilə əlaqədar gələn il Albaniyada “Azərbaycan Həftə”sinin təşkil olunması planlaşdırılır. İki ölkə arasında siyasi dialoq daim yüksək səviyyədə olub. Albaniya prezidentləri ölkəmizə 5 işgüzar səfər, Baş nazirləri isə 2 rəsmi və 2 işgüzar səfər ediblər.
2022-ci il aprelin 14-də Azərbaycana rəsmi səfər edən Albaniyanın Baş naziri Edi Rama Bakıda olarkən deyib: “Albaniya ATƏT-in sədri və hazırda BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi hər zaman Azərbaycanı, həqiqəti, ölkənizin tarixi hüquqlarını dəstəkləyir və bunu etməyə davam edəcək”. Baş nazir, həmçinin əlavə edib: “Biz sizin qonşunuz Ermənistanla sülhə və uzunmüddətli əməkdaşlığa yönəlmiş olduqca nümunəvi səylərinizi alqışlayırıq”.
Bu vaxtadək Azərbaycan və Albaniya arasında 8 sənəd, o cümlədən 2013-cü il aprelin 8-də Bakıda “Azərbaycan Respublikası Hökuməti və Albaniya Respublikası Hökuməti arasında iqtisadi, sənaye və texnoloji sahələrdə əməkdaşlıq haqqında Saziş” imzalanıb.
Səfər zamanı təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Albaniya Respublikasının Prezidenti Bayram Beqay mətbuata bəyanatlarla cıxış ediblər. Ölkə başçımız çıxış edərək iki ölkə arasındakı iqtisadi,siyasi münasibətlərə və ikinci Qarabağ müharibəsindən sonra regionda yaranmış vəziyyətlə bağlı məqamlara toxunmuşdur.