Ağdam şəhəri və rayonun kəndlərində genişmiqyaslı bərpa-quruculuq işləri aparılır

Ağdam şəhəri və rayonun kəndlərində genişmiqyaslı bərpa-quruculuq işləri aparılır
Elçin Seyfullayev
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədr müavini
Suraxanı RİHB-nın Bülbülə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi
Qarabağın mərkəzində yerləşən, Azərbaycanın qədim yaşayış məskənlərindən biri olan Ağdam şəhəri zəngin tarixi-mədəni irsə malik bir diyardır. "Ağdam" sözünün etimologiyası qədim türk dilində "kiçik qala" mənasını daşıyır. Bu ad ərazidə yaşamış qədim türk qəbilələrinin özlərini müdafiə etmək məqsədilə inşa etdikləri kiçik qalalarla bağlıdır. XVIII əsrin birinci yarısında Qarabağ xanı Pənahəli xanın ağ daşdan tikdirdiyi imarət uzun müddət ətraf kəndlərin sakinləri üçün oriyentir rolunu oynamış və şəhərin adının "Ağdam" - "ağ ev", "işıqlı ev" kimi yozulmasına səbəb olmuşdur.
Arxeoloji tədqiqatlar nəticəsində müəyyən edilmişdir ki, Ağdam ərazisində ilk insan məskənləri altı-səkkiz min il əvvələ - Eneolit dövrünə təsadüf edir. Bu dövr "misdaş" dövrü kimi də tanınır və e.ə. IV-VI minillikləri əhatə edir. Bölgədə aparılan qazıntılar zamanı aşkar edilən taxıl və üzüm dənələri sübut edir ki, yerli əhali oturaq həyat tərzi sürmüş və yüksək əkinçilik mədəniyyətinə malik olmuşdur. Xüsusilə, Üzərriktəpədə aparılan arxeoloji tədqiqatlar zamanı tapılan maddi-mədəniyyət nümunələri buranın Qafqazda ilk şəhər tipli yaşayış məskəni və Zaqafqaziyanın ən zəngin abidələrindən biri olduğunu təsdiqləyir.
1993-cü il iyulun 23-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilən Ağdam şəhəri və rayonun 882 kvadrat kilometrlik ərazisi 27 il düşmən tapdağı altında qalmışdır. İşğal nəticəsində 128 min insan məcburi köçkün həyatı yaşamağa məcbur olmuş, 38 kolxoz, 12 sənaye obyekti, 74 məktəb, 271 mədəniyyət evi, dünyada yeganə olan Çörək muzeyi, 67 idarə və 99 klub düşmən əlinə keçmişdir. Ağdam uğrunda gedən döyüşlərdə 6 mindən artıq insan şəhid olmuş, minlərlə insan yaralanmış, əhali doğma yurd-yuvasından didərgin düşərək Azərbaycanın 59 rayonunun 875 yaşayış məntəqəsində məskunlaşmağa məcbur olmuşdur.
İşğal dövründə Ermənistan tərəfi Cenevrə Konvensiyaları ilə üzərinə götürdüyü öhdəlikləri kobud şəkildə pozaraq, Ağdam rayonunda coğrafi adların dəyişdirilməsi, mülkiyyətin talan edilməsi və ərazilərin yandırılması kimi qeyri-qanuni əməllər törətmişdir. Ermənistan silahlı qüvvələrinin azərbaycanlı əhaliyə qarşı həyata keçirdiyi etnik təmizləmə siyasəti işğalçı dövlətin əsl məqsədinin ərazi işğalı olduğunu aşkar şəkildə nümayiş etdirir.
BMT Təhlükəsizlik Şurası 1993-cü il 29 iyul tarixli 853 saylı qətnaməsində işğalçı qüvvələrin Ağdam rayonu və digər işğal edilmiş Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb etmişdir. ATƏT-in Minsk qrupunun 9 ölkəsi də bu hücumu qətiyyətlə pisləmiş və işğal olunmuş ərazilərdən qoşunların çıxarılmasına çağırış etmişdir. Lakin Ermənistan beynəlxalq ictimaiyyətin tələblərinə məhəl qoymamış və işğalçılıq siyasətini davam etdirmişdir. 27 illik işğal dövründə Ağdam şəhəri və rayonun kəndləri erməni vandalizminə məruz qalmış, tarixi, dini və mədəni abidələr dağıdılmış, təhqir edilmiş və qarət olunmuşdur. Bu vəhşiliklərin miqyası o qədər böyük olmuşdur ki, Ağdam "Qafqazın Xirosiması" adlandırılmağa başlamışdır.
2020-ci il Vətən müharibəsində qazanılan Zəfər nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən, 2020-ci il noyabrın 20-də Ağdam rayonu Azərbaycanın nəzarətinə qaytarılmışdır. Prezident İlham Əliyev tərəfindən "Ağdamın azad olunmasına görə" medalı təsis edilmiş və 5790 hərbi qulluqçu bu medalla təltif olunmuşdur.
Hazırda işğaldan azad edilmiş Ağdam şəhəri və rayonun kəndlərində genişmiqyaslı bərpa-quruculuq işləri aparılır. 2021-ci il 28 may tarixində təqdim olunan Baş Plana əsasən, şəhərdə 5 məhəllənin salınması nəzərdə tutulur. Artıq 2-ci məhəllədə 66 binanın tikintisi başlanmışdır və 2024-cü ilin payızında ilk köçün həyata keçirilməsi planlaşdırılır. Kəngərli, Xıdırlı və Sarıcalı kəndlərində bərpa-quruculuq işləri davam edir, digər kəndlər üzrə layihələndirmə işləri aparılır.
İşğaldan azad edildikdən sonra Prezident İlham Əliyev dəfələrlə Ağdama səfər etmiş, müxtəlif infrastruktur layihələrinin təməlqoyma mərasimlərində iştirak etmiş və görülən işlərlə tanış olmuşdur. Bu səfərlər zamanı Bərdə-Ağdam avtomobil yolu, Ağdam Sənaye Parkı, məktəb binaları, yaşayış kompleksləri, mehmanxanalar, xəstəxana və digər sosial obyektlərin təməli qoyulmuşdur.
Beləliklə, Ağdam şəhəri öz qədim və zəngin tarixindən erməni vandalizminin qurbanına çevrilsə də, bu gün yenidən dirçəlir və müasir şəhərsalma standartlarına uyğun olaraq bərpa edilir. Şübhəsiz ki, yaxın gələcəkdə Ağdam öz əvvəlki şöhrətini bərpa edəcək və Qarabağın ən abad şəhərlərindən birinə çevriləcəkdir.