8 Mart – Beynəlxalq Qadınlar Günü: Azərbaycan qadını tarix yazan güc

8 Mart – Beynəlxalq Qadınlar Günü: Azərbaycan qadını tarix yazan güc

Tərlan Bəbirov

Suraxanı Tibb Mərkəzinin direktoru

YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri

8 Mart təkcə bayram deyil, qadının cəmiyyətdəki yerinə verilən qiymətin, onun əməyinə və fədakarlığına göstərilən ehtiramın ifadəsidir. Azərbaycan qadını tarix boyu həm ailənin dayağı, həm də dövlətçiliyin möhkəmlənməsində mühüm rol oynayan güc mərkəzi olmuşdur. Şərqdə ilk dəfə məhz Azərbaycanda qadınlara seçib-seçilmək hüququnun verilməsi ölkəmizin demokratik düşüncəsinin və qadına verilən dəyərin bariz nümunəsidir. Bu, sadəcə tarixi fakt deyil, milli iradənin göstəricisidir. 

Dövlət səviyyəsində qadın siyasətinin formalaşması isə sistemli və ardıcıl şəkildə həyata keçirilmişdir. Ümummilli Lider Heydər Əliyev tərəfindən 6 mart 2000-ci il tarixində  imzalanmış “Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” fərman qadınların rəhbər vəzifələrdə təmsilçiliyinin artırılmasını prioritet kimi müəyyənləşdirdi. Daha əvvəl 1998-ci ildə Qadın Problemləri üzrə Dövlət Komitəsinin yaradılması bu sahədə institusional əsasları möhkəmləndirdi.

Bu siyasət bu gün Prezident İlham Əliyev tərəfindən yeni mərhələdə davam etdirilir. 2006-cı ildə “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” qanunun qəbul olunması, 2010-cu ildə “Məişət zorakılığının qarşısının alınması haqqında” qanunun qüvvəyə minməsi qadın hüquqlarının hüquqi təminatını gücləndirdi. Qəbul edilmiş “Azərbaycan Respublikasında gender (kişi və qadınların) bərabərliyi üzrə 2026–2028-ci illər üçün Milli Fəaliyyət Planı” isə gender siyasətinin davamlı və strateji əsaslarla həyata keçirildiyini göstərir.

Ölkənin Birinci vitse-prezidenti Mehriban Əliyeva Azərbaycan qadınının humanizm, mərhəmət və intellektual liderlik modelini təcəssüm etdirərək “yumşaq güc” anlayışını real fəaliyyətlə nümayiş etdirir. Onun sosial, humanitar və mədəni təşəbbüsləri qadın liderliyinin müasir simasını formalaşdırır.

Statistik göstəricilər də qadın siyasətinin real nəticələrini təsdiqləyir: əhalinin 50,2 faizini qadınlar təşkil edir; işçi qüvvəsində qadınların payı 48 faizdən çoxdur; qadın sahibkarların xüsusi çəkisi 23,7 faizə çatmışdır; yerli özünüidarəetmə orqanlarında qadınların təmsilçiliyi 39,34 faizə yüksəlmişdir. Bu rəqəmlər qadınların artıq təkcə sosial deyil, iqtisadi və siyasi qərarvermə proseslərində də aktiv rol oynadığını göstərir. Lakin Azərbaycan qadınının gücü təkcə statistik göstəricilərlə ölçülmür.

2020-ci ildə baş vermiş 44 günlük İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan qadını öz tarixinin ən qürurlu və ən ağrılı səhifələrindən birini yazdı. Bu müharibə təkcə cəbhədə döyüşən igidlərin deyil, həm də arxa cəbhədə səssiz, amma möhkəm dayanan qadınların iradəsinin sınağı idi. Qadınlarımız həm ön cəbhədə, həm arxa cəbhədə misilsiz şücaət və cəsarət nümayiş etdirdilər. Hərbi qulluqçu kimi Vətən torpaqlarının müdafiəsində dayanan xanımlar, güllə yağışı altında yaralı əsgərlərə yardım edən həkim və tibb bacıları, informasiya müharibəsində həqiqətləri dünyaya çatdıran jurnalistlər və s. hər biri bu Zəfərin görünən və görünməyən qəhrəmanlarına çevrildi. Onlar həyatlarını riskə ataraq yalnız peşə borclarını deyil, vətəndaşlıq missiyalarını yerinə yetirdilər.

Şəhid analarının, xanımlarının və bacılarının nümayiş etdirdiyi dözüm isə sözlə ifadə olunmayacaq qədər böyük idi. O analar ki, ən əziz varlığını Vətənə əmanət etdi və göz yaşını qürurla gizlədərək “Vətən sağ olsun” dedi – həmin iradə bir millətin ruh yüksəkliyini qorudu. Onların səssiz ağrısı, dik duruşu, alnıaçıq qüruru xalqımızın mənəvi gücünü daha da möhkəmləndirdi. Müharibə günlərində xəstəxanalarda gecə-gündüz çalışan tibb işçiləri qadınların yorğunluğu unudaraq hər yaralını öz övladı kimi qəbul etdilər. Media nümayəndələri beynəlxalq platformalarda haqq səsimizi çatdırmaq üçün informasiya cəbhəsində mübarizə apardılar.

Bütün bunlar bir daha sübut etdi ki, Azərbaycan qadını yalnız ailənin deyil, dövlətin də dayağıdır. O, sınaq anında geri çəkilməyən, çətinlik qarşısında sınmayan, Vətəni üçün hər cür fədakarlığa hazır olan güc mənbəyidir. 44 günlük Zəfər tarixində qadınlarımızın göstərdiyi cəsarət və mənəvi möhkəmlik gələcək nəsillərə örnək olaraq qalacaq. Çünki bu torpağın qadını həm həyat verən ana, həm şəfa verən həkim, həm həqiqəti söyləyən söz sahibi, həm də Vətən üçün döyüşən igiddir.

Bu gün işləyən qadın obrazı artıq adi haldır: rəhbər vəzifədə çalışan xanım, sahibkar qadın, müəllim, həkim, hüquqşünas, dövlət qulluqçusu – hər biri ölkənin inkişafına real töhfə verir. Qadınların iqtisadi fəallığı ailələrin rifahına, sosial sabitliyə və ümumi inkişaf tempinə birbaşa təsir göstərir.  Azərbaycan qadını həm ənənəyə sadiqdir, həm də müasir düşüncəyə açıqdır. O, həm ana, həm lider, həm ziyalı, həm də vətənpərvərdir. O, övladına Vətən sevgisini beşikdən aşılayan anadır, çətin gündə ailəsini ayaqda saxlayan gücdür, iş yerində məsuliyyəti ilə seçilən peşəkardır.

Müharibə vaxtı göz yaşını ürəyinə axıdıb təbəssümlə “Vətən sağ olsun” deyən qadındır. Ağrını səssiz daşıyıb ümid paylayan, qürurunu hər şeydən üstün tutan Azərbaycan qadınıdır. Onun baxışlarında mərhəmət, duruşunda ləyaqət, sözündə hikmət var. O, yalnız bir ailənin deyil, bütöv bir xalqın mənəvi dirəyidir.

8 Mart münasibətilə bütün xanımlarımıza dərin ehtiramımı bildirirəm. Qoy hər bir Azərbaycan qadını öz dəyərini, gücünü və cəmiyyət üçün nə qədər əvəzsiz olduğunu hər zaman hiss etsin. Çünki güclü dövlətin təməlində güclü, qürurlu və mərhəmətli Azərbaycan qadını dayanır.