Nəzrin Qasımova
Yeni Azərbaycan Partiyasının təəssübkeşi
Suraxanı rayon Gənclər və İdman İdarəsi könüllülərdən ibarət qrupunun üzvü
İşğalçı Ermənistan ötən əsrin 90-cı illərinin əvvəllərində torpaqlarımızın 20 faizini o zaman müstəqilliyini yenicə bərpa etmiş Azərbaycanda AXC-”Müsavat” cütlüyünün xəyanəti nəticəsində baş verən mənfi proseslərdən, hakimiyyət boşluğundan, hərc-mərclikdən, həmrəyliyin təmin olunmamasından istifadə etməklə və havadarlarının dəstəyindən bəhrələnməklə işğal etmişdi. Mənfur düşmən beynəlxalq birlik tərəfindən tanınan ərazilərimizi zor tətbiq etməklə işğal altına alanda və sonrakı mərhələdə ağır müharibə cinayətlərinə əl atdı.
İşğal nəticəsində soydaşlarımız doğma yurd-yuvalarını tərk etmək məcburiyyətində qaldılar. Qaçqın və məcburi köçkünlərin sayı bir milyonu ötmüşdü və bu, ölkəmiz üçün böyük humanitar fəlakət idi. Erməni hərbi birləşmələri 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı faciəsini törətdilər və uşaqlara, qadınlara, yaşlı insanlara belə aman vermədən şəhəri bir gecənin içində yerlə-yeksan etdilər. Bir vaxtlar çiçəklənən, ahəngdar inkişaf edən şəhər və kəndlərimiz işğal dövründə, sözün əsl mənasında, erməni vəhşiliyinə tuş gəldi. İşğal altına düşən ərazilərimizin bütün sərvətləri talandı, tikililər dağıdıldı, meşələrimiz qırıldı, mədəni irsimiz təhqirlərə məruz qaldı. İşğaldan azad olunan ərazilərdən təqdim edilən foto və video materiallar kədərli təəssüratlar oyadır - sanki, bu yerlərdən sivilizasiyadan tamam bixəbər olan vəhşi tayfa sürüləri gəlib keçib.
Təbii ki, Azərbaycan dövləti və xalqı ölkə ərazisinin bir hissəsinin işğal altına düşməsi faktı ilə heç vaxt barışmadı. 30 il ərzində ölkəmizin ərazi bütövlüyünün təmin olunması məsələsi Azərbaycanın siyasi gündəliyinin mərkəzində dayandı. Son 18 ildə Prezident İlham Əliyev yerli və xarici auditoriyalar qarşısında çıxışlarında ölkəmizin keçmiş Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tarixi ədalətə və beynəlxalq hüquqa əsaslanan prinsipial mövqeyini qətiyyətlə və yüksək diplomatik məharətlə dünya ictimaiyyətinin diqqətinə çatdırırdı. Dövlətimizin başçısı yuxarıda bəhs etdiyimiz çıxışında bunu xatırladaraq deyib: “Bu vəziyyəti, yəni, dondurulmuş münaqişəni alternativsiz bir variant kimi təqdim etməyə çalışırdılar. Bizim isə tam başqa fikrimiz var idi və mən bunu heç vaxt gizlətmirdim. Deyirdim ki, əgər məsələ sülh yolu ilə öz həllini tapmasa, biz öz ərazi bütövlüyümüzü müharibə yolu ilə bərpa edəcəyik. Beynəlxalq hüququn bütün norma və prinsipləri bu haqqı bizə tanıyır. BMT-nin Nizamnaməsi, BMT Təhlükəsizlik Şurasının qətnamələri, tarixi ədalət bu haqqı bizə verib. Biz buna nail olduq”.
Prezident İlham Əliyev, eyni zamanda, ölkəmizin milli gücünün artırılmasına hesablanan ardıcıl siyasət həyata keçirirdi. Bu siyasət, ilk növbədə, müharibə vəziyyətində olan respublikamızın iqtisadi gücünün və maliyyə imkanlarının artırılmasına hesablanmışdı. Bəhs olunan dövrdə Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsi əsasında reallaşdırılan islahatlar sayəsində Azərbaycan bütün dünya üzrə ən dinamik templərlə inkişaf edən ölkələr sırasına yüksəldi. Özünün iqtisadi müstəqilliyinə nail olan Azərbaycan, həmçinin istənilən xarici təhdidi dəf etməyə və düşmənin başını əzməyə qadir olan güclü ordu qurmağa nail oldu.
Azərbaycan düşməni məhz özünün güclü Ordusu ilə cəzalandırdı və torpaqlarını işğaldan azad etdi. Əlbəttə, Vətən müharibəsində şanlı qələbəmiz asanlıqla əldə olunmayıb. Torpaqlarımızı geri qaytarmaq fikrində olmayan məkrli düşmən onilliklər ərzində burada güclü istehkamlar qurmuşdu. İşğalçılar elə düşünürdülər ki, Azərbaycan Ordusu bu istehkamları heç vaxt keçə bilməyəcək. Bundan başqa, ərazinin dağlıq relyefi də çətinliklər yaradan amil idi. Bu yüksəkliklərdən isə ətrafdakı bütün ərazilər aydın görünürdü. Lakin Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə döyüşən Azərbaycan Ordusu 44 gün ərzində düşməni diz çökdürdü, onun belini qırdı və təslim olmağa məcbur etdi. Verilən məlumatlara görə, müharibə dövründə düşmənin hərbi birləşmələrinin təxminən 10 min əsgər və zabiti fərarilik edərək döyüş meydanından qaçıb. Azərbaycan Ordusunda isə belə hal aşkarlanmayıb.
Azərbaycan Ordusu Vətən müharibəsində 300-dən çox yaşayış məntəqəsini bilavasitə döyüş meydanında işğaldan azad etdi. Azəbaycan ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edilib. Noyabrın 8-də Şuşanın, ertəsi gün isə daha 70-dən artıq yaşayış məntəqəsinin işğaldan azad edilməsindən sonra düşmən onun üçün kapitulyasiya aktı sayılan üçtərəfli Bəyanatı imzalamaq məcburiyyətində qaldı. Vətən müharibəsində qazanılan şanlı Qələbəmizi dəyərləndirən Prezident İlham Əliyev “Müzəffər xalq kimi gəldik. Danışıqlar yolu ilə yox, Ermənistan tərəfindən edilə biləcək hansısa güzəşt nəticəsində yox, döyüş meydanında qan tökərək, şəhidlər verərək, fədakarlıq göstərərək gəldik, öz ərazi bütövlüyümüzü bərpa etdik və milli ləyaqətimizi bərpa etdik”,-deyə vurğulayıb.
Xatırladaq ki, Azərbaycanın, Rusiyanın Prezidentlərinin və Ermənistanın baş nazirinin imzaladıqları Bəyanat qalib Azərbaycanın şərtləri əsasında formalaşdırılıb. İşğalçı Ermənistan həmin Bəyanatla üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq sonrakı mərhələdə Ağdam, Kəlbəcər və Laçın rayonlarını respublikamıza döyüşsüz təslim etdi. 2022-ci ilin avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü. Beləliklə, qüdrətli Azərbaycan tarixi ədaləti və özünün ərazi bütövlüyünü hərbi-siyasi yolla bərpa etməyə nail oldu. 44 gün ərzində cəbhədəki şanlı qələbəmizlə yanaşı Azərbaycan xalqı informasiya cəbhəsində də üstünlüyü əlinə aldı. Xalqımız gerçəkləri dünyaya çatdırmaq üçün sosial şəbəkələrdə genişmiqyaslı informasiya müharibəsində də qalib gəldi. Bu qalibiyyətin başında da Ali Baş Komandan dururdu. Cənab Prezident İlham Əliyevin müzəffər ordumuzun uğurları ilə eyni vaxtda informasiya siyasətinin də başına keçərək Azərbaycanın haqq səsini dünya birliyinə və mediasına çatdırdı.
Bu şanlı Zəfərdə Türkiyə Prezidenti R.T.Ərdoğanın “Nə qədər Türkiyə və Azərbaycan bir yerdə inamla addımlasa, bölgəmizdə sülh və barış o qədər də möhkəm olacaqdır.” O, müharibənin başlamasının ilk saatlarından “Azərbaycan tək deyil, Türkiyə onun yanındadır” deməsi Azərbaycana əlavə güc verdi. İki ölkə rəhbərinin Qələbə paradı birgə qəbul etməsi beynəlxalq ictimaiyyətə verilmiş ciddi mesajdır. Azərbaycan və türk əsgərlərinin çiyin-çiyinə Azadlıq meydanından keçməsi xalqların tarixində əbədi qalacaq qürurverici hadisədir. Türkiyənin Azərbaycana verdiyi siyasi və mənəvi dəstək hər bir Azərbaycan vətəndaşını qürurlandırır, sevindirir.
Torpaqlarımızın işğal tarixi də, qələbə tarixi də gələcək nəsillərə öyrədilməli, bu zəfərin neçə-neçə oğuların qanı ilə yazıldığı aşılanmalıdır. Çünki tarixi unutmamalıyıq, əgər tarixi unutmuş olsaydıq zəfər də çala bilməzdik. Torpaq-uğrunda ölən varsa Vətəndir. Acı da olsa gerçək budur ki, heç bir qələbə qansız tarixə yazılmır. Ali Baş Komandan İlham Əliyevin də dediyi kimi, “Biz bu müharibəni şəhidlərimizin canı-qanı bahasına, hərbçilərimizin rəşadəti hesabına, dövlətimizin siyasəti hesabına qazanmışıq.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin indi böyük dövlət xadimi və Azərbaycan xalqının lideri kimi əsas missiyası dövlətin və xalqın gücü ilə düşmənin viran qoyduğu işğaldan azad edilən şəhər və kəndlərimizin yenidən qurulması, öz yurd-yuvalarından didərgin düşən soydaşlarımızın evlərinə qayıtmasıdır.