27 Sentyabr təkcə Anım günü yox, həm də həmrəylik və qürur günüdür
27 Sentyabr, bu gün hər bir azərbaycanlı üçün şanlı tarixin başlandığı gündür. Bu tarixdə başlayan haqq savaşında bir gözüylə şəhid olan övladları üçün ağlayan, bir gözüylə azad olunan hər qarış vətən torpağı üçün sevinc yaşı axıdan Azərbaycan xalqı Ali Baş komandanın ətrafında Dəmir Yumruq kimi birləşərək bütün dünyanı əzəməti ilə heyrətə qərq etdi.
Bu birliyin, həmrəyliyin təməli 1993 – cü ildə hakimiyyətə gələ Ümummilli Liderin xilaskar siyasəti, yox olmaqda olan müstəqilliyin əbədiyyətə qovuşması ilə qoyulmuşdu. Bu elə bir təməl idi ki, tikintisi Şuşada ata vəsiyyəti nin yerinə yetirilməsi ilə tamamlandı.
Üçüncü minilliyə yeni liderlə qədəm qoyan Azərbaycan Ümumilli Liderin başladığı siyasəti uğurla davam etdirir, daxili və xarici siyasətdə bütün gücü ilə ərazi bütövlüyünün bərpasına, yarımçıq qalan suverenliyinin tam təmin olunmasına çalışırdı. Hakimiyyətə gəldiyi ilk gündən Prezident cənab İlham Əliyev sülh danışıqlarını davam etdirməklə bərabər ordu quruculuğunu, sinxron olaraq xüsusi təyinatlı qüvvələrin inkişaf etdirilməsi, müasir silahların alınması, məktəbli və gənclər arasında vətənpərvərlik ruhunun artırılması istiqamətində görülən işləri daim öz diqqətində saxlayırdı.
Təsadüfi deyildi ki, Vətən müharibəsi zamanı gözünü qırpmadan ölümün üzünə dik baxan Azərbaycan əsgəri məhz İlham Əliyevin hakimiyyətə gəlməsindən sonra doğulub boya - başa çatan nəsil idi. Bu o nəsil idi ki, 2020 – ci il Tovuz döyüşlərindən sonra bir çağırışı ilə Hərbi Komissarlıqlara axın edərək bütün dünyaya növbəti erməni təxribatının bağışlanmayacağının mesajını göndərirdi. Preziden İlham Əliyev bu çağırış ilə daim arxalandığı xalqının qarşıda verə biləcəyi qətiyyətli qərarlara münasibətini yoxlamaq üçün həyata keçirdiyi qeyri-rəsmi “referendum” idi.
Bəli, məhz nəyi necə və nə vaxt etməyi zərgər dəqiqliyi ilə hesablayan İlham Əliyev hücüm diplomatiyasında qalib gəlmiş, sadiq müttəfiqlər qazanmış, yetişən tarixi şəraitdən maksimum yararlanaraq “Qarabağ Azərbaycandır” deyib nida işarəsini qoydu.
44 gün davam edən Vətən müharibəsi zamanı müxtəlif ölkə və təşkilatlar tərəfindən edilən bütün təziqlərə sinə gərən ölkə başçısı televiziya kanalları və müxtəlif sosial platformalar üzərindən xalqa etdiyi gündəlik müraciətlərlə, Dünyaya göstərdiyi əzm, iradə və qətiyyətin qaynağının Azərbaycan xalqı olduğunu siyasi yolla beynəlxalq ictimaiyyətə çatdırır, atdığı addımda yalnız xalqına hesabat verəcəyini bildirirdi. Xalqa qələbə müjdəsini Ümumilli lider və şəhidlərin uyuduğu məkanda, onların ruhu qarşısında verən Ali baş komandan yeni bir Tarix yazırdı. Bu o tarix idi ki, Ata vəsiyyəti yerinə yetirilir, illər boyu xəyal edilən arzular gerçəkləşir, şəhidlərin ruhu rahatlıq tapırdı.
İlk Anım Gününü əlində şəhid tablosu ilə addımlayaraq qeyd edən Prezident İlham Əliyev qısa zaman kəsiyində dağıdılmış şəhər və kəndləri xarabalıqdan cənnətə çevirərək, hər daşı hər dərəsində şəhid qanı axan Qarabağda tikdiyi hər daşla, qoyduğu hər təməllə şəhid və qazilərin adını əbədiləşdirdi.