25 oktyabr Qubadlının işğaldan azad olunması günüdür

25 oktyabr Qubadlının işğaldan azad olunması günüdür
Elçin Seyfullayev
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədr müavini
Suraxanı RİHB-nın Bül-Bülə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi

Qubadlı rayonu 1933-cü ildə Qubadlı kəndinin əsasında təşkil olunub. 1963-cü ildə ləğv edilərək ərazisi Zəngilan rayonu ilə birləşdirilib. 1964-cü ildə yenidən müstəqil rayon olub. Qubadlı rayonu şimaldan Laçın, cənubdan Zəngilan, şərqdən Xocavənd və Cəbrayıl rayonları, qərbdən isə Ermənistanla həmsərhəddir. Rayonun inzibati bölgüsünə 1 şəhər, 93 kənd, 31 inzibati-ərazi dairəsi aiddir. Rayonun səthi əsasən dağlıqdır, iqlimi mülayim isti və quru subtropikdir. Bərgüşad, Həkəri, Kiçik Həkəri, Meydan dərəsi çayları və çoxlu bulaqlar rayonun əsas su mənbəyidir. Bu çaylar suvarma və su elektrik stansiyası üçün əlverişlidir. Qubadlı kənd təsərrüfatı rayonudur.    Qubadlının iqtisadiyyatının əsasını taxılçılıq heyvandarlıq, tütünçülük, baramaçılıq və üzümçülük təşkil edirdi. Rayonun işğaldan azad olunması dövlətimizin iqtisadiyyatının daha da inkişafına təkan verəcək.

Azərbaycan Respublikasının cənub-qərbində, Qarabağ yaylasının cənub şərqində yerləşən Qubadlı rayonu 31 avqust 1993-cü il tarixdə ermənilər tərəfindən tamamilə işğal olunmuşdur. Müzəffər Azərbaycan Ordusu 44 günlük Vətən Müharibəsinin 29-cu günündə - 2020-ci il oktyabrın 25-də Qubadlı şəhərini işğalçılardan azad edərək 30 illik əsarətə sonr qoymuş və üçrəngli bayrağımızı həmin ərazilərdə qürurla dalğalandırmışdır. Həmin gün həmçinin Zəngilan, Cəbrayıl və Qubadlı rayonlarının bir neçə kəndi də işğaldan azad olunub.

Erməni vandalları işğal etdikləri rayonun bütün kəndlərini, tarixi binalarını, memarlıq abidələrini söküb, dağıdıb, daşıyıb aparıblar. Şanlı Qələbədən sonra Qarabağın hər guşəsində olduğu kimi Qubadlıda da abadlıq–quruculuq işləri gedir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev və Azərbaycan Respublikasının Birinci vitse-Prezidenti Mehriban xanım Əliyevanın işğaldan azad olunmuş Qubadlı rayonuna ilk səfəri 2020-ci il dekabrın 23-də olmuşdur. Səfər zamanı Qubadlının Xanlıq kəndi uğrunda şiddətli döyüşlər getdiyini xatırlayan dövlət başçısı həmin dövrdə ermənilərin bu kənddə özləri üçün hərbi istehkam, hərbi baza qurduqlarını, xaricdən gətirilən ermənilərin burada qanunsuz yollarla yerləşdirilərək qanunsuz məskunlaşma apardıqlarını, Cenevrə konvensiyalarına görə bunun hərbi cinayət olduğunu bildirmişdir. 

Ölkə başçısı və Mehriban xanım Qubadlının azad olunmasından sonra oraya bir neçə dəfə səfər etmiş,bir çox layhələrin həyata keçirilməsinə imza atmışlar.2023-cü ilin may ayının 4-də Qubadlı rayonuna növbəti səfəri zamanı Prezident İlham Əliyev rayonun Zilanlı və Mahruzlu kəndlərinin təməlinin qoyulması mərasimlərində iştirak edib. Kənddə məktəb binası, uşaq bağçası, ailə sağlamlıq mərkəzi, inzibati bina, klub icma və idman mərkəzləri yaradılacaq.

Ümumiyyətlə, bu yaşayış məntəqələrində əhalinin məşğulluğunun təmin edilməsi üçün bütün lazımi şərait yaradıılacaq.Dövlət başçısı İlham Əliyev səfər çərçivəsində, eyni zamanda Qubadlı şəhərində 91 çarpayılıq Mərkəzi Xəstəxana binasının, 600 şagird yerlik tam orta məktəb binasının, həmçinin Qubadlı şəhərində tikiləcək inzibati binanın da təməlinin qoyulması mərasimlərində iştirak edib. Səfər zamanı Prezident İlham Əliyev ümumi sahəsi 2,6 hektara yaxın olan və ümumilikdə 156 mənzilin tikintisi nəzərdə tutulan ilk yaşayış məhəlləsinin də təməlini qoyub.

Qubadlı şəhəri beynəlxalq hava limanlarının tikildiyi Zəngilan və Laçın rayonları arasında yerləşməklə coğrafi mövqeyi və logistik imkanları baxımından strateji əhəmiyyətə malikdir. Qubadlı istehsalat şəbəkələrinin bağlantı nöqtəsi olmaqla, kənd təsərrüfatı, sənaye sahələrinin birgə inkişaf etdiriləcəyi rayon mərkəzi kimi formalaşacaq.

Yaxın 20 illik perspektiv üçün Qubadlıda bitkiçilik və ekoloji kənd təsərrüfatı, balıqçılıq və balıqyetişdirmə, müasir sənətkarlıq, yüngül sənaye, təbiət əsaslı aqroturizm və digər sahələrin inkişafı planlaşdırılır. Beləliklə, şəhərin memarlıq simasının formalaşmasında müasir və ənənəvi elementlərin vəhdətindən istifadə ediləcək, yaşıl şəhər obrazı yaradılacaq.