21 Noyabr 1992-ci ildə YAP-ın təsis konfransının tarixi əhəmiyyəti böyükdür

21 Noyabr 1992-ci ildə YAP-ın təsis konfransının tarixi əhəmiyyəti böyükdür
Gülnarə Hənifəyeva
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı rayonu 316 nömrəli tam orta məktəbin direktoru
XX yüzilliyin əvvəlində xalqımız Şərqin ilk demokratik respublikasını quranda demokratik dəyərləri üstün tutdu, çoxpartiyalı sistem, plüralizm prinsiplərinə sadiqliyini nümayiş etdirdi. Lakin 1920-ci ildə baş verən işğal və Azərbaycanda sovet hakimiyyətinin qurulması bu prinsiplərin üzərindən xətt çəkdi. Kommunist partiyasından başqa bütün partiyalar qadağan edildi, çoxfikirlilik üzərində basqı artdı.
1988-ci ildən başlanan hadisələr ölkəmizdə yeni siyasi sistemə keçidin baş verməsinə səbəb oldu. Ölkəmizdə qısa vaxtda xeyli partiyalar yarandı. Lakin taleyüklü məsələlərdə bu partiyalar demək olar ki, ortaq bir fikrə gələ bilmirdilər. Şəxsi maraqlar ölkə maraqlarını üstələyirdi. İqtisadi çətinlik, Qarabağda müharibə onsuzda vəziyyəti çətinləşdirmişdi. Belə bir vəziyyətdə partiyalararası intriqalar ölkəni uçuruma aparırdı. Əlbəttə ki, ölkəsini düşünən xalqın ziyalı oğulları buna biganə yanaşa bilməzdi. Məhz bu ağrılı məqamda 91 nəfər ziyalı 1992 ci il 16 oktyabrda “Səs” qəzeti vasitəsilə Heydər Əliyevə müraciət etdi. Həmin vaxt Heydər Əliyev Naxçıvanda idi və Ali Məclisin sədri idi. Onun Bakıya gəlməsi təhlükəli idi. Bunu nəzərə alan ziyalılar Naxçıvana getdilər.
1992-ci il 21 noyabr xalqımızın və dövlətimizin taleyində böyük dəyişikliklərin baş verdiyi tarixin başlanğıcıdır. Həmin tarixdə YAP-ın təsis konfransı keçirilmişdir. Konfransda 550 nəfər iştirak edirdi. Konfransda partiyanın proqram və Nizamnaməsi qəbul edildi. Həmçinin Sədr, Siyasi Şura və İdarə Heyətinin yaradıldığı elan edildi. Partiya dünyəvilik, demokratik cəmiyyət, sosialyönümlü siyasət, müstəqilliyin möhkəmləndirilməsi, azərbaycançılıq ideyalarını özünün əsas vəzifəsi və məqsədi elan etdi. 1992-ci ilin 18 dekabrında partiya Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alındı və rəsmiləşdirildi. Bundan sonra qısa vaxt ərzində partiyanın rayon və şəhər təşkilatları yaradılıdı.
1993-cü ilin iyununda Heydər Əliyevin Naxçıvandan Bakıya gəlməsi və rəhbərliyə qayıdışı böyük tarixi hadisə idi. YAP-ın namizədi Heydər Əliyev 1993-cü il 3 oktyabrda ilk dəfə Prezident seçildi. Partiya daha sonra 1995-ci ildə ilk dəfə demokratik prinsiplərlə keçirilən parlament seçkilərində qalib gəldi. Həmin ildə partiyanın Qadınlar şurası və Gənclər təşkilatı da yaradıldı ki, bu da siyasi fəaliyyət üçün çox önəmli hadisələr idi. Partiya demək olar bütün taleyüklü məsələlərdə milli maraqlara sadiq qalmış, ölkəmizin mənafeyini bütün beynəlxalq konfranslarda müdafiə etmişdir.
YAP 1995-ci ildən - 2020-ci ilədək bir neçə dəfə keçirilən parlament seçkilərində böyük üstünlüklə qələbə qazanmışdır. 2001-ci ildə partiyanın II Qurultayı keçirildi və Heydər Əliyev yenidən Sədr seçildi. Həmçinin qurultayda sədrin I müavini vəzifəsi təsis edildi və İlham Əliyev yekdilliklə bu vəzifəyə seçildi. 2003-cü ildə ümumimilli lider Heydər Əliyevin vəfatından sonra YAP Onun ideyalarına sadiqlik nümayiş etdirərək İlham Əliyevin Prezidentliyə namizədliyini irəli sürdü. Seçkilərdə İlham Əliyev böyük üstünlüklə Azərbaycan Respublikasının Prezidenti seçildi. 2021-ci ildə keçirilmiş partiyanın sonuncu- VII Qurultayda İlham Əliyev geniş nitq söyləyərək, partiyanın hədəflərini elan etmişdir.
Heydər Əliyev irsinə sadiqlik, müstəqilliyin möhkəmləndirilməsi əsas prioritetlər elan edilmişdir. Gənclər qarşısında mühüm tapşırıqlar qoyulmuşdur. Bu qurultay həmçinin, partiyanın qarşısına qoyduğu ən böyük hədəfi yerinə yetirməsindən sonra keçirilmişdir. 44 günlük müharibədə qazanılmış böyük zəfər partiyanın və onun liderinin xalqımız və dövlətçiliyimiz qarşısında ən böyük uğurudur. Bu partiya və onun liderlərinin apardığı məqsədyönlü siyasətin yekun nəticəsi idi. Ən böyük hədəf ərazi bütövlüyünün bərpası idi ki, buna da nail olundu. Bu il partiyanın 30 illiyi məhz bu qələbə havasında keçiriləcək!
Bu gün partiyada gənclərə geniş yer verilir və onların bacarıqlarından geniş istifadə edilir. Gəncləşmə siyasəti partiyanın əsas istiqamətlərindən biridir. Hal-hazırda partiyanın 780.000 nəfərə yaxın üzvü var ki, bu da partiyanın, nəinki Azərbaycanda, bütün Cənubi Qafqazın ən böyük partiya olması deməkdir. Hal-hazırda partiyanın sədri İlham Əliyev, I müavini Mehriban Əliyevadır. Mehriban Əliyeva partiyanın fəaliyyətində, prinsiplərində mühüm rol oynayır, ölkəmizin istər siyasi, istər mədəni həyatında yaxından iştirak edir və daim xalqla birlikdədir.
Bir neçə gün sonra ölkəmizin müasir tarixində önəmli yer tutan Yeni Azərbaycan Partiyasının 30 illik yubileyi geniş formada keçiriləcəkdir. Bu həm də Zəfər qazanmış bir xalqın partiyasının yubileyidir.
Partiyanın 30 illik yubileyini təbrik edir və neçə-neçə zəfərlər arzu edirik!