Zəkiyə Hacıyeva
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı rayon Heydər Əliyev Mərkəzinin baş fond mühafizi
2020-ci ilin 27 sentyabrından 10 noyabr tarixinə qədər davam edən 44 günlük Vətən Müharibəsi Azərbaycanın tarixi zəfəri ilə başa çatmışdır.Ölkəmizin ərazi bütövlüyü bərpa edildi. Bu böyük tarixi qələbə ilk öncə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Heydər oğlu Əliyevin möhkəm iradəsi,şücaəti, məqsədyönlü siyasəti ilə qazanıldı. Bütün dünya Azərbaycanın hərbi qüdrətinə şahid oldu. Azərbaycan döyüş meydanında şəhidlər verərək müasir hərb tarixinə imza atmış ölkədir.
Ermənistan və Azərbaycan arasında silahlı münaqişəyə son qoymaq üçün 2020-ci il 10 noyabr tarixində üçtərəfli Bəyanat imzalanıb. Həmin sənəddə regionda davamlı sülh üçün razılaşdırılmış parametrlər müəyyən olundu. Bundan sonra bütün səylər bəyanatın tam icrasına və sülhün möhkəmləndirilməsi üçün tərəflərlə praktiki əlaqəyə yönəldildi. Azərbaycan hökuməti sərhədlərin delimitasiya və demarkasiyası prosesinə başlamağı təklif edib və bu istiqamətdə dövlətlərarası komissiyanın yaradılmasını dəstəkləyib.
Ötən dövr ərzində Ermənistanın təxribatlarının qarşısının alınması, Rusiya Federasiyasının sülhməramlı kontingentinin müvəqqəti yerləşdirilməsi və Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərindən çıxarılmasını tələb edən 10 noyabr bəyannaməsinin 4-cü maddəsinə əməl olunması vacib və zəruri idi.15 iyun 2021-ci il tarixli “Şuşa bəyannaməsi” Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında “iki dövlət bir millət” ifadəsinin parlaq təzahürü idi.
Bu ilin sentyabr ayının 19-20-də Azərbaycanın Qarabağda keçirdiyi lokal anti-terror əməliyyatları Qarabağdakı separatçı qurumun tam məhv edilməsi ilə yekunlaşdı. Azərbaycan Respublikası Prezidenti İlham Əliyev xalqa müraciətində separatçıların Bakının şərtlərini qəbul etməyə məcbur vəziyyətə gəldiyini vurğulayıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qarabağda baş verən son hadisələrə münasibət bildirərkən demişdir: ”Xankəndi və Ermənilərin yaşadığı digər ərazilərin inteqrasiyası prosesi qaçılmazdır. Bunu başa düşmək lazımdır. Tarixi prespektivi də anlamaq lazımdır. Sayıqlamaları kənara atıb Azərbaycan vətəndaşları kimi yaşamaq lazımdır.” Böyük qürür hissi ilə qeyd etmək lazımdır ki, Azərbaycanın suverenliyi tam bərpa olundu, bu ilki zəfər paradının Xankəndində keçirilməsi planlaşdırılır.
Qarabağ Azərbaycandır!
Yaşasın Müzəffər Ali Baş Komandan!
Yaşasın Müzəffər Azərbaycan Ordusu!