“Əkinçi” milli məfkurəmizin ifadəsidir
Qəzet “maarifdən, elmdən məhrum bir xalq işıqdan məhrumdur” şüarını bütün fəaliyyəti üçün məramnamə kimi qəbul edib, sonadək bu ideyaya sadiq qaldı. Qəzetin banisi və redaktoru Həsən bəy Zərdabi “Qələmin vəzifəsi doğru sözü yazmaqdır”, “Hər vilayətin qəzeti o yerin aynasıdır” meyarı ilə əsl xalq qəzeti, milli söz tribunası yaratmağa nail ola bildi. Qəzet zamanın tələbləri səviyyəsində dayanaraq öz səhifələrində maarifçilik ideyaları təbliğ edir, həyatı daim dəyişməkdə, irəli getməkdə görür, xalqı tərəqqiyə səsləyirdi. “Əkinçi” Azərbaycan milli mətbuatının örnəyidir, sələfidir.
Azərbaycan ötən əsrin sonlarında dövlət müstəqilliyini bərpa etdikdən sonra həyatın bir çox sahələrində olduğu kimi, mətbuatın inkişafında da dönüş yarandı, siyasi plüralizm və söz azadlığını təmin etmək üçün mühüm işlər həyata keçirildi. 149 il ərzində müxtəlif tənəzzül və intibah dövrləri keçən Azərbaycan mətbuatı daim cəmiyyətin proseslərə baxışını əks etdirən güzgü rolunu oynayıb. 1998-ci ilin avqustunda senzuranın ləğvi Azərbaycanda mətbuatın inkişafına ciddi təkan verdi. Hazırda respublikada çoxlu sayda müxtəlif qəzet və jurnallar nəşr olunur, internet qəzetçilik inkişaf edir.
Ulu Öndər tərəfindən mətbuatın inkişafına göstərilən dövlət qayğısı siyasəti bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan jurnalistikasında söz, fikir azadlığının yaradılmasını, demokratiyanın inkişafını özündə əks etdirən bu siyasət nəticəsində Azərbaycan dünyada sözə, insan hüquqlarına hörmət edən ölkə kimi tanınır.
Azad sözün cəmiyyətdə aşkarlıq və plüralizm prinsiplərinin bərqərar edilməsində, eləcə də demokratik inkişaf prosesində əsas meyarlardan biri olduğunu nəzərə alan Azərbaycan hakimiyyəti mətbuatın inkişafı üçün heç zaman qayğısını əsirgəmir. Bu gün Azərbaycanda ən müasir tələblərə və standartlara cavab verən medianın mövcudluğu və qazanılan uğurlar məhz bu reallığın nəticəsidir. Mətbuatımızın qabaqcıl və mütərəqqi ənənələrə əsaslanmaqla, xalqımızın tarixi-milli xüsusiyyətlərini qorumaqla inkişaf etməsini vacib sayan Prezident İlham Əliyev söz və mətbuat azadlığını demokratiyanın fundamental şərti hesab edir: “Azərbaycanda aparılan siyasi islahatların əsas mənası, məqsədi ondan ibarətdir ki, ölkəmiz hərtərəfli inkişaf etsin, ölkədə yaşayan hər bir vətəndaş bütün azadlıqlardan istifadə etsin. Azərbaycanda o cümlədən mətbuat azadlığı da mövcuddur. Biz bu məsələdə çox ciddi addımlar atırıq. Söz azadlığının, mətbuat azadlığının təmin olunması bizim prioritet məsələmizdir və deyə bilərəm ki, Azərbaycan bu sahədə böyük uğurlara nail olmuşdur."
Bəli, 22 iyul 1875-ci ildə “əkinçi” qəzetin9in nəşri ilə əsası qoyulmuş milli mətbuatımız ağr, çətin, lakin şərəfli yol keçmiş, cəmiyyətin inkişafında öz sözünü demişdir.