YAP Suraxanı rayon təşkilatının nümayəndələri şəhid Səbuhi Əsədovun şəhadətinin ildönümü mərasimində iştirak etmişlər
8 oktyabr 2021-ci il tarixdə Milli Məclisin deputatı Ceyhun Məmmədov, Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov və rayon təşkilatının nümayəndələri şəhid əsgər Əsədov Səbuhi Azər oğlunun şəhadətinin ildönümü münasibəti ilə təşkil olunmuş anım mərasimində iştirak etmişlər. Öncə şəhid Əsədov Səbuhinin Suraxanı rayon Bülbülə qəsəbəsi Şəhidlər Xiyabanındakı əbədi istirahətgahı YAP nümayəndələri tərəfindən ziyarət edilmiş, məzarı üzərinə güllər düzülmüş və dualar oxunmuşdur. Daha sonra Milli Məclisin deputatı Ceyhun Məmmədov və YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov Suraxanı rayonu Yeni Suraxanı qəsəbəsi sakini, Vətən Müharibəsi şəhidi Əsədov Səbuhi Azər oğlunun anım mərasimində ailənin qayğıları ilə maraqlanmışlar. Ceyhun Məmmədov və Vüqar Seyidov şəhidimizin əziz xatirəsini bir daha yad edərək Allahdan rəhmət diləmişlər.
Qeyd edək ki, şəhid Əsədov Səbuhi Azər oğlu Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin müvafiq sərəncamları ilə “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilmişdir.
Göstərilən diqqət və qayğıya görə şəhidin ailə üzvləri cənab Prezident İlham Əliyevə, Birinci vitse-prezident çox hörmətli Mehriban xanım Əliyevaya və Yeni Azərbaycan Partiyasına öz dərin minnətdarlıqlarını bildirmişlər.