YAP Suraxanı rayon təşkilatında Qazilərlə görüş keçirilmişdir

YAP Suraxanı rayon təşkilatında Qazilərlə görüş keçirilmişdir

Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının inzibati binasında Vətən Müharibəsində iştirak etmiş qazilər və müharibə veteranlarının bir neçəsi ilə rayonun fəal gənclərinin görüşü təşkil edilmişdir. Tədbir Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı. Daha sonra tədbiri giriş sözü ilə açan YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov bildirmişdir ki, Vətən Müharibəsində şəhidlərimizlə yanaşı sağlamlığını vətən uğrunda qurban vermiş qazilərimizin də rolu az deyildir. Yerli təşkilatın sədri qazilərə müraciət edərək demişdir ki, sizin kimi qəhrəman, igid övladlarımız olmasa idi, biz ərazi bütövlüyümüzü bərpa edə bilməzdik. Dünyanın ən müasir müharibəsini 5-ci nəsil silahlarla həyata keçirməyə və qalib gəlməyə müvəffəq olmuşuq. Lakin birmənalı bilinməlidir ki, əgər o silahı tutan əllər, sizin cəsur ürəkləriniz olmasa idi, biz qalib gələ bilməzdik. Hər nə qədər müasir silahlar olursa olsun, məhz qəhrəman hərbiçilərimiz o silahları istifadə ediblər. Onlar əliyalın Şuşa qalasına qalxıblar. Bu, hərb kitablarına yazılacaq cəsarət, əsil kişilik nümunəsidir. Siz əsil qəhrəmansınız, deyə təşkilat sədri bildirmişdir. Vüqar Seyidov xüsusi qeyd etmişdir ki, Vətən Müharibəsində müstəsna zəfərin əldə olunmasında cənab Ali Baş Komandan İlham Əliyevin tarixi xidmətləri vardır. Onun uzaqgörən siyasəti nəticəsində biz tarixi torpaqlarımızı işğaldan azad etmişik.

Daha sonra çıxış edən Suraxanı rayonunun sakinləri, Vətən Müharibəsi qaziləri Baxışov Şiraslan, Əliyev Davud, Mirzəyev Elvin, Əlirzayev Fərid, Əhmədov Mirrəhim və digərləri keçdikləri döyüş yolundan bəhs etmişlər. Ağır və şərəfli günlərdə xalqımızın harayına səs verən qəhrəman qazilərimiz döyüş vaxtı şəhidlərimizin igidliklərindən bəhs edərək bildirdilər ki, yaralı olsalar da hər zaman şəhid ailələrinin yanında, onların xidmətlərində olmağa hazırdırlar. Çıxış edən qazilər görüşdə iştirak edən gənclərə vətənin müdafiəsi üçün daim hazır olmağı tövsiyyə etmişlər.

Rayon ictimaiyyətinin nümayəndələri, YAP Suraxanı rayon təşkilatının fəal gəncləri çıxış edərək bildirdilər ki, qəhrəman ordumuzla, cənab Ali Baş Komandan İlham Əliyevlə və cəsur qazilərimizlə qürur duyurlar. Gənclər Ali Baş Komandanın rəhbərliyi ilə şanlı ordumuzun gücü, qüdrəti sayəsində işğaldan azad edilmiş torpaqlarımızda bu gün müqəddəs üçrəngli bayrağımızın dalğalanması naminə düşmən qarşısında bütün çətinliklərə sinə gərən əsgər və zabitlərimizin, hərbçilərimizin misilsiz şücaətlərinin onlar üçün örnək olduğunu vurğulamışlar.

Görüşün sonunda tədbir iştirakçıları qazilər ilə xatirə şəkili çəkdirmişlər.