Xanım Meloninin Azərbaycana səfərləri təkcə işgüzar xarakterli deyil, həm də ciddi siyasi və rəmzi mesajlar daşıyır

Xanım  Meloninin Azərbaycana səfərləri təkcə işgüzar xarakterli deyil, həm də ciddi siyasi və rəmzi mesajlar daşıyır
Tarixən Azərbaycan xalqı dostluğa və qardaşlığa çox önəm vermişdir. Xalqımız həm qonşu dövlətlərə, həm də iqtisadi əməkdaşlıq etdiyi ölkələrə münasibətdə həmişə hörmət və tolerantlıq nümayiş etdirmişdir. Heç də təsadüfi deyil ki, İtaliya-Azərbaycan dövlətlərinin iqtisadi əlaqələri çox əvvəllərə dayanır. Hələ Azərbaycan Xalq Cümhuriyyəti dövründə Bakıda, Molokan (indiki Xaqani) küçəsində İtaliyanın nümayəndəliyi var idi. O zamanlar dövlətini Azərbaycanda konsul olaraq Enriko Enson təmsil edirdi.
Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra, 1992-ci il yanvarın 1-də İtaliya Azərbaycanın müstəqilliyini tanıdı. İki ölkə arasında diplomatik əlaqələr 1992-ci il mayın 8-dən qurulmağa başladı. Bu il əlaqələrin 34-cü ilini qeyd edən İtaliya və Azərbaycan dövlətləri bu dostluğu əbədiləşdirmək və möhkəmlətmək məqsədi daşıyır.
Azərbaycan-Ermənistan münaqişəsinin sülh yolu ilə həll edilməsi üçün 1992-ci ilin mart ayında yaradılan ATƏM-in (indiki ATƏT) Minsk qrupunun ilk sədri məhz İtaliya olmuşdur. Ulu Öndər Heydər Əliyev İtaliyaya ilk rəsmi səfərini 1997-ci ildə həyata keçirmişdi. Bu səfər zamanı Heydər Əliyev İtaliya Prezidenti, Baş naziri və digər rəsmi şəxslərlə görüşmüşdü.
Heydər Əliyev ənənələrinə sadiq qalan Prezident İlham Əliyev İtaliya-Azərbaycan əlaqələrini daima diqqət mərkəzində saxlayır. Təsadüfi deyil ki, iki ölkə arasındakı münasibətlər son illərdə dinamik inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir. Bu münasibətlər enerji, iqtisadiyyat, hərbi-texniki, mədəniyyət və təhsil sahələrində genişşaxəli əməkdaşlığı əhatə edir.
Müasir dünyada dövlətlər arasında gərginliyin artdığı bir vaxtda Azərbaycan və İtaliya arasındakı siyasi əlaqələr yüksək səviyyədədir. Ölkəmizin yüksələn beynəlxalq nüfuzu, İlham Əliyevə olan rəğbət və inam bu əlaqələrin uğurla inkişaf etdiyini göstərir.
2014 və 2020-ci illərdə imzalanan strateji tərəfdaşlıq haqqında bəyannamələr bu münasibətlərin hüquqi və siyasi əsasını təşkil edir. Sənədlərdə əks olunan prinsiplər bu gün real həyatda da uğurla tətbiq olunur.
İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloninin Azərbaycana səfərləri təkcə işgüzar xarakterli deyil, həm də ciddi siyasi və rəmzi mesajlar daşıyır. Bu, İtaliyanın Cənubi Qafqazdakı real müttəfiqinin ünvanını dəqiq nümayiş etdirir. Meloni bu səfərləri ilə İtaliyanın Azərbaycanın ərazi bütövlüyünü və regional liderliyini hər zaman dəstəkləyəcəyini bəyan etmiş oldu.
Azərbaycan-İtaliya enerji təhlükəsizliyinin təmin edilməsində Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsilə çatdırılan Azərbaycan qazı İtaliya sənayesinin əvəzedilməz resursudur.
Bu gün azad Qarabağımızda yenidənqurma işləri sürətlə davam edir. İşğaldan azad olunmuş ərazilərdə, Şərqi Zəngəzurda, həmçinin Mingəçevirdə aparılan layihələrdə İtaliya şirkətləri yaxından iştirak edirlər. Təhsil sahəsində də əlaqələr öz bəhrəsini verməkdədir. Belə ki, artıq 500-dən çox istedadlı gəncin təhsil aldığı İtaliya-Azərbaycan Universiteti fəaliyyət göstərir. Bu təhsil ocağı İtaliyanın nüfuzlu universitetlərinin zəngin təcrübəsini ölkəmizə gətirərək standartlara uyğun kadrlar yetişdirir. ADA Universitetinin nəzdində fəaliyyət göstərən bu müəssisə qısa müddətdə böyük marağa səbəb olmuşdur.
Hazırda Azərbaycan öz nefti və qazı ilə İtaliyanın bir nömrəli neft, ikinci ən böyük qaz təchizatçısıdır. Azərbaycan öz resurslarını inkişaf etdirərək təbii qazını Avropa məkanına etibarlı yollarla nəql etməkdə davam edir.