Ümummilli Lider Heydər Əliyev Azərbaycan dilinin qorunması və inkişafını daim diqqət mərkəzində saxlamışdır

Ümummilli Lider Heydər Əliyev Azərbaycan dilinin qorunması və inkişafını daim diqqət mərkəzində saxlamışdır

Əfsanə Əliyeva

YAP Suraxanı rayon təşkilatının fəal üzvü

Hər il avqustun 1-i ölkəmizdə Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd olunur. Bu əlamətdar gün ana dilimizin qorunması, inkişaf etdirilməsi və milli kimliyimizin əsas dəyərlərindən biri kimi yaşadılmasına verilən yüksək önəmin ifadəsidir.

Ötən il Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir. Prezident çıxışında Azərbaycan dilinin saflığının qorunmasının vacibliyini xüsusi vurğulayaraq bildirmişdir ki, dilimizi təmiz, zəngin və ədəbi normalara uyğun şəkildə yaşatmaq hər bir vətəndaşın borcudur. O qeyd etmişdir ki, ana dilimizi qorumasaq, zaman keçdikcə onun zənginliyini itirə bilərik. Azərbaycan dilinin dövlət dili kimi mövqeyinin möhkəmləndirilməsi xalqımızın milli-mənəvi dəyərlərinin qorunması istiqamətində mühüm tarixi hadisələrdən biridir. XX əsrin 70-ci illərində SSRİ-də milli dillərə qarşı təzyiqlərin gücləndiyi bir dövrdə ana dilinin qorunması böyük cəsarət tələb edirdi. Məhz 1978-ci ildə Azərbaycan dilinin dövlət dili kimi təsbit olunması onun hüquqi statusunu möhkəmləndirmiş, cəmiyyətdə nüfuzunu daha da artırmışdır. Tarix sübut edir ki, ana dilinin qorunması dövlətin qətiyyətli siyasəti və xalqın öz dilinə bağlılığı sayəsində mümkün olmuş, süni maneələr isə davamlı olmamışdır.

   Ümummilli Lider Heydər Əliyev Azərbaycan dilinin qorunması və inkişafını daim diqqət mərkəzində saxlamışdır. Onun 18 iyun 2001-ci il tarixli Fərmanı ilə dövlət dilinin tətbiqinin genişləndirilməsi istiqamətində mühüm addımlar atılmış, Dövlət Dil Komissiyası yaradılmış və latın qrafikalı Azərbaycan əlifbasına keçid prosesi sürətləndirilmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də bu siyasəti uğurla davam etdirir. Onun 12 yanvar 2004-cü il tarixli Sərəncamı ilə latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi təmin edilmiş, 2004–2008-ci illərdə çap olunacaq əsərlərin siyahısı təsdiqlənmişdir. Həmin ildə imzalanmış “Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında”, eləcə də 2007-ci ildə dünya ədəbiyyatı nümunələrinin Azərbaycan dilində nəşri ilə bağlı sərəncamlar ana dilimizin elmi, mədəni və ədəbi sahələrdə tətbiq imkanlarını daha da genişləndirmişdir. 2013-cü ildə təsdiq edilmiş “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı” ana dilinin saflığının qorunması və dilçiliyin inkişafı baxımından mühüm əhəmiyyət daşımışdır. 2018-ci il 17 iyul tarixli Sərəncam Azərbaycan dilinin elektron məkanda istifadəsinin genişləndirilməsinə xidmət etmiş, həmin ilin 1 noyabr tarixli Fərmanı isə dövlət dilinin saflığının qorunması və istifadəsinin daha da təkmilləşdirilməsi istiqamətində mühüm hüquqi baza yaratmışdır.

     Nazirlər Kabinetinin 2019-cu ildə təsdiq etdiyi “Azərbaycan dilinin Orfoqrafiya Normaları” müasir Azərbaycan ədəbi dilinin vahid yazı qaydalarını müəyyən etmişdir. Bu normalar rəsmi sənədlərdə, təhsil müəssisələrində, kütləvi informasiya vasitələrində və elmi əsərlərdə düzgün yazı mədəniyyətinin formalaşdırılmasına xidmət edir. Orfoqrafiya qaydalarının tətbiqi Azərbaycan dilinin saflığının qorunmasına, vahid dil normalarının möhkəmləndirilməsinə və dil mədəniyyətinin inkişafına mühüm töhfə verir.

Azərbaycan dili zənginliyi, ifadə imkanları və qədim tarixi ilə dünya dilləri arasında özünəməxsus yer tutur. Müasir dövrdə qloballaşmanın təsiri ilə dilimizə daxil olan bəzi yad söz və ifadələr onun saflığının qorunmasını daha da aktuallaşdırır. Bu baxımdan media qurumlarının, təhsil müəssisələrinin, elmi ictimaiyyətin və hər bir vətəndaşın üzərinə mühüm məsuliyyət düşür.

Ümummilli Lider Heydər Əliyev çıxışlarında dəfələrlə Azərbaycan dilinin türk dilləri ailəsində müstəqil və zəngin bir dil olduğunu vurğulamış, onun qorunmasını hər bir azərbaycanlının müqəddəs borcu hesab etmişdir. Məhz onun təşəbbüsü ilə hər il avqustun 1-i Azərbaycanda Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd olunur.

Ana dilimizin saflığını qorumaq, onu gələcək nəsillərə olduğu kimi çatdırmaq və gündəlik həyatda ədəbi dil normalarına riayət etmək hər birimizin vətəndaşlıq borcudur. Azərbaycan dili milli kimliyimizin, dövlətçiliyimizin və mədəni irsimizin ən qiymətli sərvətlərindən biridir.

 

 

 

 

Paylaş