Türkiyədə baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılmasında Azərbaycanın böyük rol oynayır
Kainat İsayeva
YAP Suraxanı rayon təşkilatının üzvü
Suraxanı rayonu 285 nömrəli tam orta məktəbin müəllimi
2023-cü il fevralın 6-da Azərbaycan qardaş Türkiyədə baş vermiş güclü zəlzələ nəticəsində saysız-hesabsız dağıntıların və insan tələfatlarının olması barədə sarsıdıcı xəbərlə səhəri açdı. Bu xəbər bütün Azərbaycanı sarsıtmasına baxmayaraq, təcili olaraq zəlzələnin nəticələrinin aradan qaldırılması üçün qardaş respublikaya yardım əlini uzatdı.
Fevralın 6-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu ünvanlayaraq “Kahramanmaraşda baş vermiş və qardaş Türkiyənin bir çox yerlərində hiss edilmiş güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər bizi olduqca kədərləndirdi. Bu ağır məqamda hər cür yardım göstərməyə hazır olduğumuzu bildiririk” demiş və faciə ilə əlaqədar türk həmkarına, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına şəxsən öz adından və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verib, yaralananlara şəfa diləyib. Prezident cənab İlham Əliyev, həmçinin zəlzələnin nəticələrinin tezliklə aradan qaldırılmasını arzulamışdır. Bildirilmişdir ki, böyük fəlakətdə ölkəmiz Türkiyənin bu dərdinə şərik çıxır, Azərbaycan və Türkiyə hər zaman bir-birinin yanındadır.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva fevralın 6-da Türkiyədə baş vermiş zəlzələ ilə əlaqədar rəsmi instaqram səhifəsində paylaşım edib: “Türkiyənin cənub-şərqində baş vermiş güclü zəlzələnin nəticələri barədə xəbərləri dərin kədər hissi ilə qarşıladım. Allah faciə zamanı həlak olanlara rəhmət eləsin. Onların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Yaralananların və xəsarət alanların tezliklə şəfa tapmasını arzulayıram. Uca Tanrıdan bütün Türkiyə xalqına güc və səbir diləyirəm!”;Eyni zamanda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev fevralın 8-də Türkiyə Respublikasının ölkəmizdəki səfirliyində olub, Türkiyədə baş vermiş zəlzələ nəticəsində çox sayda insanın həlak olması ilə əlaqədar başsağlığı vermiş və çıxış etmişdir.
Faciənin ilk anlarından Türkiyəyə öz yardımı və dəstəyini əsirgəməyən Azərbaycan sona qədər bu işi davam etdirəcəyinə söz vermiş , davamlı olaraq həkimlər, xilasedicilər, könüllülər göndərilir və göndəriləcəkdir. Azərbaycan xalqı könüllü olaraq qardaşlara, öz doğma qardaşlarına dəstək olmaq üçün kimin əlində nə var onu gətirir. Kimi yorğan gətirir, kimi döşək gətirir, kimi gödəkcə gətirir. Kimin imkanı nəyə çatırsa, onu da əsirgəmir. Biz bütün dünyaya bir daha nümayiş etdiririk ki, təkcə dövlətlərarası səviyyədə deyil, dövlət başçıları səviyyəsində deyil, insanlar səviyyəsində də əsl qardaşlıq əlaqələri mövcuddur.
İctimai təşkilatlar öz dəstəyini göstərirlər və Heydər Əliyev Fondu artıq böyük təşəbbüsə start vermiş, Fondun bütün imkanları, Fondun nəzdində çalışan bütün insanlar artıq bu yardım kampaniyasına qoşulmuşlar. Bu işdə eyni zamanda özəl sektorlar da öz dəstəyini əsirgəmir. Belə ki, onlar artıq fəaliyyətə keçmiş, həm maddi yardım, eyni zamanda, texniki yardım göstərməyə başlamışlar. Azərbaycanın ən böyük şirkəti SOCAR öz dəstəyini verməyə başlayıb. SOCAR-ın Türkiyədə böyük fəaliyyəti, böyük imkanları var. Bu şirkət, eyni zamanda, Türkiyə şirkətidir və əlində olan bütün imkanlarla yardım etməyə çalışır və çalışacaq. Bütün dövlət qurumları da bu gün qardaş türk xalqının yanındadır və dövlət qurumlarının nümayəndələri öz təşkilatları çərçivəsində humanitar yardımın təşkilində fəallıq göstərirlər. Heydər Əliyev Fondunun nəzdində fəaliyyət göstərən könüllülər və ASAN könüllüləri müəyyən təcrübəyə malikdirlər və onlar öz bacarıqlarını əsirgəmirlər.
Zəlzələdən sonra Türkiyə dövlətinin operativ və çevik addımları bir daha göstərdi ki, insan amili Türkiyə hökuməti üçün əsas məsələdir və bu ağır sınaq, eyni zamanda, Türkiyənin gücünü bir daha bütün dünyaya göstərəcək. Türkiyə bu acı sınaqdan şərəflə çıxacaq. Bu, inanılmaz dərəcədə böyük faciədir. Hər bir qurtarılan can elə bil ki, bizə bir dünyanı bağışlayır. Türkiyə dövləti bu çətinliyi də aşacaq və tezliklə qurtarma, arama işlərinin aparılmasında öz səylərini davam etdirəcək.
Zəlzələnin ilk günlərindən Azərbaycanın qardaş Türkiyəyə yardımı və dəstəyi tükənmir, bu və digər sahədə hər cür yardım sona qədər davam etdiriləcəkdir. Bir həftə keçməsinə baxmayaraq, baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılmasında Azərbaycan xeyli işlər görmüşdür: 6-8 fevral tarixlərində Azərbaycandan Türkiyəyə 7 təyyarə və 1 avtomobil karvanı göndərilib. Birinci təyyarə fevralın 6-da saat 13:25-də yola düşüb və Fövqəladə Hallar Nazirliyinin 168 nəfərlik şəxsi heyətini fəlakət zonasına çatdırıb. İkinci təyyarə fevralın 6-da 17:25-də yola düşüb, FHN-in 233 nəfərlik şəxsi heyətini və xilasetmə avadanlıqlarını aparıb, üçüncü təyyarə fevralın 6-da saat 20:50-də yola düşüb, FHN-in 21 nəfərlik şəxsi heyətini və xilasetmə avadanlıqlarını Türkiyəyə çatdırıb. Dördüncü təyyarə fevralın 7-də saat 09:40-da yola düşüb, 41 nəfərlik tibbi heyəti və mobil səhra hospitalına aid 4 konteyneri aparıb. Beşinci təyyarə fevralın 7-də saat 14:00-da yola düşüb, səhra hospitalı üçün 3 konteyner və FHN-in şəxsi heyətinin təminatı üçün yük aparıb. Altıncı təyyarə fevralın 8-də saat 01:00-da yola düşüb, FHN-in 4 nəfər şəxsi heyəti və şəxsi heyətin təminatı üçün ərzaqlar və humanitar yardım aparıb. Yeddinci təyyarə fevralın 8-də saat 09:46-da yola düşüb, FHN-in 229 nəfərlik şəxsi heyətini, xilasetmə avadanlıqlarını və FHN-in şəxsi heyəti üçün təminat vasitələrini aparıb, fevralın 8-də saat 01:00-da yola düşən 14 yük avtomobilindən ibarət karvan 29 nəfərlik şəxsi heyəti, 4 səhra mətbəxini, humanitar yardımı və FHN-in şəxsi heyətinin təminatını Türkiyəyə çatdırıb.
Ümumilikdə faciə baş verdiyi saatdan 8 fevral 13. 00-dək FHN-in 725 nəfərlik şəxsi heyəti Türkiyəyə göndərilib. Onlardan 34 nəfəri həkim və 7 nəfəri texniki işçi olmaqla tibbi heyətə aiddir. Yardım xilasetmə işlərində iştirak edən şəxsi heyət və tibbi personaldan başqa, xilasetmə işlərində istifadə olunan ləvazimatlar, generatorlar, nasos stansiyaları, avtomobillər, həmçinin modul səhra hospitalları, tibbi avadanlıq, dərman preparatları, təxirəsalınmaz yardım vasitələri, çadırlar, yataq dəstləri və sair, habelə zərər çəkmiş əhali üçün humanitar yardımı əhatə edir. Türkiyədə çoxsaylı insan tələfatına səbəb olmuş zəlzələ qurbanlarına dəstək məqsədilə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın göstərişinə əsasən, Heydər Əliyev Fondu tərəfindən qardaş ölkəyə humanitar yardım aparan xüsusi təyyarə 9 fevral tarixində Qaziantep hava limanına yola düşüb.
Faciədən zərər çəkmiş şəxslər üçün Heydər Əliyev Fondu tərəfindən 36 ton humanitar yardım göndərilib. Humanitar yardıma müxtəlif dərman preparatları, oksigen maskaları, filtrli sistemlər, sarğı materialları, onurğa taxtaları, ilkin yardım boyunluqları, xərək və s. tibbi ləvazimat və avadanlıqlar, isti geyimlər, çadırlar daxildir. Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi tərəfindən qardaş ölkəyə humanitar yardım kampaniyasına da start verilib. 9 fevral tarixində Naxçıvandan ilkin olaraq 12 TIR yola salınıb.
Türkiyədə baş vermiş dəhşətli zəlzələ nəticəsində zərərçəkənlərə yardım məqsədilə Azərbaycanda fəaliyyət göstərən QHT-lər “Qardaş köməyı” adlı platforma yaradıblar. Bu platforma vasitəsilə kömək etmək istəyən şəxslər qardaş ölkədə zəlzələdən əziyyət çəkən vətəndaşlara müxtəlif ləvazimatlar göndərirlər. Dövlət başçısının göstərişinə əsasən, Türkiyəyə ezam olunmuş Azərbaycan Ordusunun hərbi tibb personalı 8 fevral tarixdən etibarən Kahramanmaraşda fəaliyyətə başlayıb. Ümumi cərrah, travmatoloq, LOR cərrah, oftalmoloq, neyrocərrah, revmatoloq, anestezioloq, plastik-rekonstruktiv cərrah, feldşer, əməliyyat tibb bacıları və anestezistlər olmaqla, ümumilikdə 20 nəfərlik hərbi tibb personalı baş vermiş zəlzələdə xəsarət alan insanlara tibbi yardımın göstərilməsi məqsədilə hadisənin ilk saatından etibarən qardaş ölkəyə ezam olunmuşdur.
Azərbaycanın bir çox bölgələri Türkiyədə baş vermiş güclü zəlzələdən zərərçəkənlərə yardım aksiyasına fəal qoşulub. Qeyri-sabit, qarlı-yağışlı hava şəraitinə baxmayaraq, ölkənin müxtəlif şəhər və rayonlarında yaşayan sakinlər səhər saatlarından etibarən axın-axın təşkil olunan yardım toplama məntəqələrinə gəlir, gətirdikləri əşyaları aidiyyəti üzrə məsul şəxslərə, könüllülərə təhvil verirlər. Ölkənin bir çox ali təhsil müəssisələrində zəlzələdən zərərçəkənlərə humanitar yardım məqsədilə tələbə və əməkdaşlar arasında yardım kampaniyası təşkil olunub. Azərbaycan vətəndaşları tərəfindən qardaş ölkəyə maddi vəsait və ianələr şəklində dəstək göstərilir. Eyni zamanda Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasında güclü zəlzələnin fəsadlarının aradan qaldırılması ilə əlaqədar 8 fevral 2023-cü il tarixində Fövqəladə Hallar Nazirliyinin növbəti humanitar yardımı 13 ədəd xüsusi təyinatlı nəqliyyat vasitəsilə qardaş ölkəyə yola salınıb. Humanitar yardıma dağıntılardan ziyan çəkmiş insanların yerləşdirilməsi üçün 260 ədəd çadır, 300 ədəd çarpayı, 2 ədəd böyük gücə malik generator, 8000 geyim dəsti, 20000 cüt corab, 350 ədəd masa, 1000 ədəd oturacaq, 5000 ədəd iplik dəsmal və digər ləvazimatlar daxildir.
Azərbaycan xalqı hər zaman öz qardaşlarının yanında olacaq, qardaş Türkiyəyə həm maddi, həm də mənəvi yardımını heç bir zaman əsirgəməyəcəkdir. Türk xalqının dərdi bizim dərdimiz, sevinci bizim sevincimizdir.