Suraxanı Rayonunda “Tariximizin şanlı və parlaq səhifəsi” adlı tədbir keçirilib
Mayın 25-də Suraxanı rayon Heydər Əliyev Mərkəzinin və 37 nömrəli Uşaq Musiqi Məktəbinin birgə təşkilatçılığı ilə 28 May-Müstəqillik Gününə həsr olunmuş “Tariximizin şanlı və parlaq səhifəsi” adlı tədbir keçirilib.
Əvvəlcə 37 nömrəli Uşaq Musiqi Məktəbinin şagirdləri tərəfindən Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, daha sonra Müstəqillik Gününə aid video-çarx nümayiş olunub.
Suraxanı rayon Heydər Əliyev Mərkəzinin direktoru Xəyalə Mahmudova, YAP Suraxanı rayon təşkilatının məsləhətçisi Nərgiz Çıraqova, 37 nömrəli Uşaq Musiqi Məktəbinin direktoru Səadət Yusifova çıxış edərək bildiriblər ki, 28 May Müstəqillik Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı və parlaq səhifələrindən biridir. 1918-ci ildə qurulan Azərbaycan Xalq Cümhuriyyətinin varisi olan müasir respublikamızda bu müqəddəs tarixin rəsmi olaraq dövlət səviyyəsində bayram edilməsi, məhz ulu öndər Heydər Əliyevin müvafiq fərman və sərəncamları ilə təsbit olunmuş və milli dövlətçilik ənənəmizin əsası kimi möhkəmləndirilmişdir. Ümummilli liderin xilaskar missiyası ilə daimi və dönməz xarakter alan bu müstəqillik strategiyası, bu gün Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilir və ölkəmiz öz tarixinin ən qüdrətli dövrünü yaşayır. Cümhuriyyət dövründən başlayan azadlıq məfkurəsi, bu gün suverenliyi tam bərpa olunmuş bütöv Azərbaycanın hər bir guşəsində ucalan üçrəngli dövlət bayrağımızla öz tarixi və real zirvəsinə çatmışdır.
Tədbirin bədii hissəsində 37 nömrəli Uşaq Musiqi Məktəbinin müəllim və şagirdlərinin ifalarında Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət musiqi nömrələri təqdim olunub.
Sonda tədbir iştirakçıları Ümumilli Lider Heydər Əliyevin zəngin irsini əks etdirən ekspozisiya ilə tanış olublar.