25 sentyabr 2024-cü il tarixində Suraxanı rayon Heydər Əliyev Mərkəzində 27 sentyabr - Anım gününə həsr edilmiş “Tarixdə izi qalanlar” adlı tədbir keçirildi.
Tədbirdə YAP Suraxanı rayon Təşkilatının sədr müavini Salman Əbdülov, Suraxanı rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin əməkdaşları, Şəhid ailələrinin müdafiə cəmiyyətinin Suraxanı rayon şöbəsinin sədri Nəsibə Əliyeva,Vətən müharibəsi iştirakçılarının və şəhidlərin ailə üzvləri, 154 və 226 saylı tam orta məktəbin şagirdləri iştirak etdi.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, Azərbaycanın suverenliyi uğrunda canından keçən şəhidlərimizin xatirəsinin yad edilməsi ilə başlayan tədbir çıxışlarla davam etdi.
Suraxanı rayon Heydər Əliyev Mərkəzinin direktoru Xəyalə Mahmudova Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsindən, qəhrəman Vətən oğullarının şücaətindən, milli birliyimizdən, ölkəmizin yaşadığı tarixi zəfərdən sonra dövlət rəhbərinin “Anım Günü”nün respublika səviyyəsində qeyd olunması ilə bağlı imzaladığı müvafiq Sərəncamın şəhidlərimizə olan dərin hörmət və ehtiramın bariz nümunəsi olmasından danışdı. Tariximizdə silinməz izlər qoyan, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, bayrağımızı işğaldan azad edilmiş torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş əsgər və zabitlərimizlə, qazilərimizlə hər zaman fəxr etdiyimizi, 27 sentyabr tarixinin milli qürur günü olduğunu qeyd etdi.
YAP Suraxanı rayon Təşkilatının sədr müavini Salman Əbdülov və Şəhid ailələrinin müdafiə cəmiyyətinin Suraxanı rayon şöbəsinin sədri Nəsibə Əliyeva Vətən müharibəsiylə bağlı xatirələrini bölüşdülər, Qarabağ Zəfərinə gedən yolda xalqımızın göstərdiyi qətiyyətli mövqeni, suverenliyimizin bərpası yolunda atılan tarixi addımları vurğuladılar, cəmiyyətin və dövlətin rifahı naminə görülən işləri diqqətə çatdırdılar.
Tədbirdə məktəb yaşlı şəhid və qazi övladları üçün mərkəzin bərpaçı rəssamı Aynur Novruzova tərəfindən “Sulu boya ilə işləmə texnikası” adlı master klass keçirildi. Uşaqların iştirakı ilə vətənpərvərlik mövzusunda sulu boya ilə öyrədici rəsm çəkildi və uşaqları maraqlandıran suallara cavab verildi.
İştirakçılar Ümummilli Lider Heydər Əliyevin zəngin və çoxşaxəli irsini əks etdirən ekspozisiya ilə tanış oldular.