Şəhid Devid Cəlilovun bacısı, YAP-ın təəssübkeşi Naida Cəlilovanın toy məclisi keçirilib

24.08.2025-ci il tarixdə Şəhid Cəlilov Devid Rauf oğlunun bacısı, YAP Suraxanı rayon təşkilatının fəal üzvü olmuş, indi isə təəssübkeşi olan Naida Cəlilovanın toy məclisi keçirilib. Toy məclisində YAP Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov, Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Suraxanı Rayon İcra Hakimiyyətinin başçısının I müavini Rəşad Hacıyev, digər rəsmi şəxslər, şəhid ailə üzvləri və qazilər iştirak etmişlər.
Toy mərasimində çıxış edən YAP Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov bildirdi ki, bütün Şəhid ailələri əziz və doğmadılar. Sevindirici haldır ki, Şəhid ailə üzvləri və qazilər məhz YAP-ın ətrafında toplanaraq Müzəffər Ali Baş Komandan, Prezident, YAP-ın sədri cənab İlham Əliyevə öz ali dəstəklərini ifadə edirlər. Naida Cəlilova da belə təəssübkeşlərdəndir, deyə Vüqar Seyidov vurğulamışdır. Həm Şəhid Devid Cəlilovun, həm də Naida Cəlilovanın Vətən qarşısında xidmətlərini yüksək qiymətləndirən Vüqar Seyidov xüsusi olaraq qeyd etmişdir ki, YAP Suraxanı rayon təşkilatı bundan sonra da hər zaman şəhid ailələrinin yanında olacaqdır. Yerli təşkilatın sədri Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidimizin əziz xatirəsinə ehtiramını bildirərək gənclərə xoşbəxtlik diləyib.
Qeyd edək ki, YAP Suraxanı rayon təşkilatının dəvəti ilə Respublikanın Xalq artisti Gülyanaq Məmmədova toy məclisində iştirak etmişdir.