Qalib Ordunun gücü, Qalib Liderin iradəsi
Vaqif Qurbanov
YAP Suraxanı rayon təşkilatının fəal üzvü, hərbi ekspert
114 nömrəli tam orta ümumtəhsil məktəbinin çağırışaqədərki hazırlıq rəhbəri
Müstəqillik hər bir xalqın ən böyük tarixi nailiyyəti, dövlətçiliyin isə ən ali dəyəridir. Lakin müstəqilliyi qazanmaq qədər onu qorumaq da mühüm və məsuliyyətli vəzifədir. Dövlətin suverenliyinin, xalqın təhlükəsizliyinin və milli maraqların təmin edilməsinin əsas şərtlərindən biri güclü orduya malik olmaqdır. Güclü ordu təkcə müdafiə vasitəsi deyil, həm də dövlətin siyasi iradəsinin, xalqın birliyinin və milli əzmkarlığının təcəssümüdür.
Azərbaycan xalqı tarix boyu öz torpaqlarını və dövlətçilik ənənələrini qorumaq uğrunda böyük mübarizələr aparmışdır. Bu tarixi təcrübə göstərir ki, Vətən yalnız onu qorumağa qadir olan xalqın əlində əbədi qala bilər. Məhz buna görə də müstəqil Azərbaycanın inkişaf strategiyasında ordu quruculuğu xüsusi yer tutur.
Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan dövlətçilik siyasətinin əsas istiqamətlərindən biri güclü ordu quruculuğu olmuşdur. Onun “Dövlət müstəqilliyimizi qoruyub saxlamaq üçün güclü ordumuz olmalıdır” fikri Azərbaycanın hərbi siyasətinin mahiyyətini ifadə edirdi. Azərbaycan heç vaxt işğalçı siyasət yürütməmiş, yalnız öz torpaqlarının azad olunmasını və ərazi bütövlüyünün təmin edilməsini qarşıya məqsəd qoymuşdur.
Bu siyasət möhtərəm Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə yeni mərhələyə qədəm qoydu. Ordunun maddi-texniki bazası gücləndirildi, müasir silah və hərbi texnika ilə təchizat təmin olundu, peşəkar hazırlıq sistemi formalaşdırıldı.
Gücün ən parlaq təzahürü 2020-ci ildə 44 günlük Vətən müharibəsində özünü göstərdi. Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında tarixi Zəfər qazanaraq uzun illər işğal altında qalan torpaqlarımızı azad etdi. Bu Qələbə yalnız ərazi bütövlüyümüzün bərpası deyil, həm də milli qürurun, tarixi ədalətin və xalqımızın ləyaqətinin təntənəsi oldu.
Müasir texnologiyaların, pilotsuz uçuş aparatlarının və yüksək taktiki hazırlığın uğurlu tətbiqi Azərbaycan Ordusunun peşəkarlığını bütün dünyaya nümayiş etdirdi. İkinci Qarabağ müharibəsində istifadə olunan döyüş taktikaları bu gün bir sıra ölkələrin hərbi dairələri və strateji araşdırma mərkəzləri tərəfindən öyrənilir. Bu isə Azərbaycanın qazandığı qələbənin qlobal hərbi düşüncəyə təsir göstərən mühüm hadisə olduğunu sübut edir.
Tarixi Zəfərin əsas amillərindən biri xalq, ordu və lider birliyi idi. Azərbaycan xalqı Prezident İlham Əliyevin ətrafında sıx birləşərək ordumuza böyük mənəvi dəstək verdi. Şəhidlərimizin qəhrəmanlığı, qazilərimizin fədakarlığı və əsgərlərimizin rəşadəti tariximizin qızıl səhifələrinə yazıldı.
Bütün bu uğurların əsasında güclü dövlətçilik ənənələri, qüdrətli ordu, xalqın birliyi və Ali Baş Komandanın qətiyyətli rəhbərliyi dayanır. Tarixi zəfərlərlə möhkəmlənən dövlətçilik yolumuz göstərir ki, Azərbaycan bundan sonra da öz milli maraqlarını qətiyyətlə qoruyacaq və beynəlxalq aləmdə nüfuzunu daha da artıracaqdır.
Bir Azərbaycan vətəndaşı, Azərbaycan ordusunun ehtiyatda olan polkovnik-leytenantı, məktəblilərə hərbi çağırışdan dərs deyən hərbi rəhbər kimi bütün bu nailiyyətlər mənim qəlbimdə böyük qürur hissi yaradır. Xüsusilə Azərbaycan Ordusunun bir mənsubu olmaq mənim üçün təkcə vəzifə deyil, həm də böyük şərəf və məsuliyyətdir. Bu müqəddəs Vətənin keşiyində dayanmaq, dövlətə və xalqa sədaqətlə xidmət etmək ən ali dəyərlərimdən biridir. Mən inanıram ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu bundan sonra da dövlətimizin suverenliyini və xalqımızın təhlükəsizliyini qətiyyətlə qoruyacaq, yeni uğurlara imza atacaqdır.
Bu böyük və şanlı ordunun bir zabiti olmaq mənim üçün sonsuz qürur və fəxarət mənbəyidir.