Prezidentin Qırğızıstana Dövlət səfəri siyasi əhəmiyyəti

Prezidentin Qırğızıstana Dövlət səfəri siyasi əhəmiyyəti
Seymur Rəsulov
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı  rayonu, Hövsan bələdiyyəsinin sədri

31 iyul 2026-cı il tarixində Cənab Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri iki qardaş ölkə arasında münasibətlərin inkişafında mühüm hadisə kimi yadda qaldı. Səfər çərçivəsində cənab Prezident İlham Əliyev və Qırğızıstan Prezidenti Sadır Japarov arasında keçirilən görüşlər, imzalanan sənədlər və mətbuata verilən bəyanatlar Azərbaycan–Qırğızıstan əməkdaşlığının yeni mərhələyə qədəm qoyduğunu nümayiş etdirdi. Prezident İlham Əliyev mətbuata bəyanatında bildirdi ki, iki ölkə arasında münasibətlər artıq müttəfiqlik səviyyəsinə yüksəlib. Onun sözlərinə görə, müttəfiqlik münasibətləri yalnız dostluğun deyil, həm də qarşılıqlı etimadın, ortaq maraqların və yüksək məsuliyyətin ifadəsidir. 

 

Dövlət başçısı vurğuladı ki, Azərbaycan və Qırğızıstan bundan sonra da beynəlxalq təşkilatlarda, təhlükəsizlik, iqtisadiyyat və digər strateji istiqamətlərdə bir-birini dəstəkləyəcək. Bəyanatda iqtisadi əməkdaşlığın genişləndirilməsinə xüsusi diqqət ayrıldı. Prezident İlham Əliyev Azərbaycan - Qırğız İnvestisiya Fondunun nizamnamə kapitalının 200 milyon ABŞ dollarına çatdırılması barədə razılığın əldə olunduğunu bildirdi. Bu qərarın birgə istehsalın inkişafına, yeni iş yerlərinin yaradılmasına və investisiya layihələrinin sayının artırılmasına mühüm töhfə verəcəyi qeyd edildi.

 

Dövlət başçısı İssık-Kul gölünün sahilində Azərbaycan tərəfindən inşa edilmiş beşulduzlu “Baku Resort & Spa” mehmanxanasının açılışını da əməkdaşlığın uğurlu nümunələrindən biri kimi qiymətləndirdi. Onun sözlərinə görə, bu layihə iki ölkə arasında iqtisadi əlaqələrin inkişafı ilə yanaşı, turizm sahəsində əməkdaşlığın genişlənməsinə də xidmət edəcək. Prezident İlham Əliyev çıxışında humanitar əlaqələrin əhəmiyyətini də vurğuladı. O, Qırğızıstanın Qarabağın bərpasına verdiyi dəstəyi yüksək qiymətləndirərək Ağdam rayonunda inşa edilmiş “Manas” məktəbini qardaşlığın və həmrəyliyin rəmzi adlandırdı.

 

Həmçinin Bakıda Çingiz Aytmatovun abidəsinin və adını daşıyan parkın açılışı, eləcə də Bişkekdə Azərbaycan–Qırğızıstan Dostluq Parkının yaradılması xalqlar arasında mədəni yaxınlığın göstəricisi kimi dəyərləndirildi. Prezident cənab İlham Əliyev Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığının genişləndirilməsinin əhəmiyyətinə də toxundu. O, Azərbaycanın Mərkəzi Asiya dövlət başçılarının məşvərət formatına tamhüquqlu iştirakçı kimi qəbul edilməsinə görə Qırğızıstana və digər region ölkələrinə təşəkkürünü bildirdi və bunun regional əməkdaşlığın möhkəmlənməsinə xidmət etdiyini qeyd etdi.

 

Səfərin yekununda Prezident cənab İlham Əliyev Qırğızıstan Prezidenti Sadır Japarovu Azərbaycana dövlət səfərinə dəvət etdi. Bu addım iki ölkə arasında siyasi dialoqun davamlı xarakter daşıdığını və gələcək əməkdaşlıq üçün geniş perspektivlər açdığını bir daha nümayiş etdirdi.

 

 

 

Paylaş