Aygün Abbasova
YAP Suraxanı rayon təşkilatının üzvü
Suraxanı rayonu, 279 nömrəli tam orta məktəbin müəllimi
Azərbaycanın zəngin qaz ehtiyatları uzun illərdir ki, Avropanın enerji xəritəsinin zənginləşdirilməsinə mühüm töhfələr verir. İndi Avropa ölkələri “mavi yanacaq”a olan tələbatının ödənilməsində Azərbaycana daha çox ümid bəsləyirlər. Təsadüfi deyil ki, hazırda Avropa Komissiyası Azərbaycanı etibarlı tərəfdaş hesab edir. Hazırda Azərbaycan Avropa İttifaqının prioritet elan etdiyi “yaşıl keçid” platformasının fəal iştirakçılarından biri kimi tanınır. Belə ki, uzun illərdir, dünya bazarına nefti, neft məhsulları, təbii qaz, neft-kimya məhsulları və elektrik enerjisi ixrac edən ölkəmiz özünün zəngin bərpaolunan enerji potensialını hərəkətə gətirməklə Avropaya “yaşıl enerji” ötürməyə hazırlaşır. Eyni zamanda ölkəmiz gələcəkdə yaşıl hidrogen ixrac etməyi planlaşdırır.
Prezident İlham Əliyev 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının rəsmi açılış mərasimində bildiribki, Azərbaycan xarici investisiyalar üçün çox açıq ölkədir: “Son 30 il ərzində bizim çoxmilyardlı investisiya portfoliomuz olub. Azərbaycana ümumi investisiyalar 300 milyard ABŞ dollarından çox olub və bunun təqribən 200 milyard ABŞ dolları qeyri-neft sektorunun payına düşür. Hazırda bizim iqtisadi hədəfimiz qazıntı yanacağından asılılığımızı azaltmaq üçün iqtisadiyyatımızı şaxələndirməyi davam etdirməkdir. Lakin, eyni zamanda, biz başa düşürük ki, bizim neft və qazımıza hələ uzun illər ərzində beynəlxalq bazarda tələbat olacaq. Bu məqsədlə çoxsaylı neft və qaz kəmərləri sistemi istismara verilib və indi biz neft və qazı müxtəlif istiqamətlərə ixrac edirik. Azərbaycan beynəlxalq bazarlara neft, təbii qaz, neft məhsulları, neft-kimya məhsulları, elektrik enerjisi ixracatçısıdır. Əlbəttə ki, növbəti illərdə biz hidrogeni, o cümlədən yaşıl hidrogeni ixrac edəcəyik. Bu məqsədlə biz bu potensialı yaratmaq üçün tərəfdaşlarımızla, dünyanın müxtəlif ölkələrindən olan şirkətlərlə çox yaxından işləyirik”.
Azərbaycanda son illər enerji infrastrukturunun yaradılmasına böyük məbləğdə investisiya qoyulur. Xüsusilə də, alternativ enerji sahələrinə maraq xeyli artıb. Bu, təsadüfi deyil. Dövlət və özəl investisiyanın yaşıl enerjiyə cəlb edilməsi ölkəmizin gələcəyə yönəlik inkişaf hədəflərinə hesablanıb. Qaradağ Günəş Elektrik Stansiyasının (GES) fəaliyyətə başlaması ölkənin iqtisadi həyatında – enerji sektorunda yeni dövrün başlanğıcıdır. Qaradağ GES ölkəmizdə xarici investisiya hesabına tikilmiş ilk belə stansiyasıdır. Stansiyada hər il 500 milyon kilovat/saat elektrik enerjisi istehsal edilməklə 110 milyon kubmetr təbii qaza qənaət etmək mümkün olacaq. Bu, atmosferə atılan karbon emissiyasını 200 min ton azaldacaq. Yaşıl enerjiyə keçid həm də karbon emissiyası üzrə ölkəmizin üzərinə götürdüyü öhdəliklərə sadiqliyini göstərir. Öhdəliyə əsasən Azərbaycan 2050-ci ilə qədər istixana qazı emissiyalarını 40 faizədək azaltmalı və işğaldan azad edilmiş ərazilərdə “sıfır emissiya” zonası yaratmalıdır. Göründüyü kimi, artıq bu istiqamətdə ciddi tədbirlər həyata keçirilir.
Bir neçə aydan sonra bizim yeni enerji təhlükəsizliyi layihəsinin – Yaşıl Enerji Dəhlizinin, inteqrasiya edilmiş ötürücü, istehsal və istehlak müəssisələrinin, o cümlədən Qara dənizin dibindən keçəcək elektrik kabelinin tam texniki-iqtisadi əsaslandırması hazırlanacaq. Azərbaycan dövləti yaşıl enerjiyə keçid istiqamətində çox fəal çalışır, yeni əməkdaşlıqlar qurur və müsbət nəticələr əldə edir. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, indi zəngin yanacaq ehtiyatlarımızın olduğunu nəzərə alaraq, biz yaşıl gündəliyə doğru irəliləyirik. Bu, məqsədli seçimdir. Bu, bizim təkcə Azərbaycanın gələcək inkişafına deyil, həm də iqlim dəyişikliyi ilə bağlı məsələlərə töhfəmizdir.
Ölkəmizin yaşıl enerji sahəsində planlaşdırdığı layihələr Azərbaycanın qlobal mövqeyini daha da möhkəmləndirəcək. İqtisadi gücün təmin edilməsi, ekoloji təmizliyin qorunması və bu sahədəki hədəflərə çatmaq üçün bu layihələr olduqca əhəmiyyətlidir. Energetika sahəsinin növbəti mərhələyə transformasiya edilməsi ölkəmizin dayanıqlı inkişafı üçün yaradılmış təməlləri daha da möhkəmləndirəcək.