Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir
Nabat Abdulova
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Respublika Reabilitasiya Mərkəzinin direktoru
Azərbaycan dili xalqımızın milli kimliyini, tarixi yaddaşını, mədəni irsini və mənəvi dəyərlərini yaşadan ən böyük sərvətlərdən biridir. Dil təkcə ünsiyyət vasitəsi deyil, həm də xalqın keçmişini, bu gününü və gələcəyini özündə birləşdirən milli varlığın əsas göstəricisidir. Məhz buna görə də Azərbaycan Respublikasında dövlət dili və əlifbasının qorunması, inkişaf etdirilməsi və gələcək nəsillərə ötürülməsi dövlət siyasətinin prioritet istiqamətlərindən biridir.
Azərbaycan Respublikasının Konstitusiyasının 21-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Bu müddəa dövlət dilinin hüquqi statusunu müəyyən edir və onun cəmiyyətin bütün sahələrində tətbiqini təmin edir. Bununla yanaşı, 2003-cü ildə qəbul edilmiş “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanun Azərbaycan dilinin qorunması, inkişafı və düzgün istifadəsinin hüquqi əsaslarını müəyyənləşdirir.
Azərbaycan əlifbası tarix boyu müxtəlif inkişaf mərhələlərindən keçmişdir. Xalqımız uzun illər ərəb və kiril qrafikalı əlifbalardan istifadə etmiş, müstəqilliyini bərpa etdikdən sonra isə latın qrafikalı Azərbaycan əlifbasına keçid həyata keçirilmişdir. Ümummilli Lider Heydər Əliyevin 9 avqust 2001-ci il tarixli Fərmanına əsasən, latın qrafikalı Azərbaycan əlifbasına keçid tam başa çatdırılmış və hər il 1 avqust ölkəmizdə Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd olunmağa başlanmışdır. Bu qərar müstəqil Azərbaycanın dil siyasətində mühüm tarixi hadisə hesab olunur.
Azərbaycan dilinin dövlət dili kimi qorunması və inkişaf etdirilməsi Ulu Öndər Heydər Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasətin mühüm istiqamətlərindən biri olmuşdur. Hələ 1978-ci ildə onun qətiyyəti və prinsipial mövqeyi nəticəsində Azərbaycan SSR Konstitusiyasında Azərbaycan dilinin dövlət dili kimi təsbit edilməsi milli-mənəvi dəyərlərimizin qorunması baxımından mühüm tarixi nailiyyət idi. Ulu Öndər deyirdi: “Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir.” Bu fikir ana dilinin xalqın milli varlığının əsas dayağı olduğunu bir daha təsdiq edir.
Azərbaycan dilinin inkişafı və beynəlxalq nüfuzunun artırılması Prezident İlham Əliyevin fəaliyyətində də xüsusi yer tutur. Dövlət başçısının təşəbbüsü ilə Azərbaycan dilinin latın qrafikası ilə kütləvi nəşrlərinin həyata keçirilməsi, elektron məkanda istifadəsinin genişləndirilməsi və dövlət dilinin saflığının qorunmasına xidmət edən mühüm sərəncamlar qəbul edilmişdir. Prezident İlham Əliyev qeyd etmişdir: “Azərbaycan dili o qədər zəngindir ki, heç bir xarici kəlməyə ehtiyac yoxdur. Biz Azərbaycan dilinin saflığını təmin etməliyik.” Bu yanaşma ana dilimizin zənginliyinin qorunmasının hər bir vətəndaşın vəzifəsi olduğunu göstərir.
Dövlət tərəfindən Azərbaycan dili və əlifbasının təbliği məqsədilə hər il 1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü münasibətilə ölkənin müxtəlif şəhər və rayonlarında elmi konfranslar, dəyirmi masalar, kitab sərgiləri, ədəbi-bədii gecələr, maarifləndirici tədbirlər və müxtəlif müsabiqələr təşkil olunur. Bu tədbirlərdə ana dilinin zənginliyi, düzgün istifadəsi və gələcək nəsillərə çatdırılmasının əhəmiyyəti geniş şəkildə təbliğ edilir.
Azərbaycan dili xalqımızın milli sərvəti, dövlətçiliyimizin mühüm atributu və müstəqilliyimizin rəmzlərindən biridir. Ana dilimizi qorumaq, onu düzgün öyrənmək və gündəlik həyatımızda saf şəkildə istifadə etmək hər bir Azərbaycan vətəndaşının mənəvi borcudur. Dövlətimizin həyata keçirdiyi uğurlu dil siyasəti nəticəsində Azərbaycan dili bu gün həm ölkə daxilində, həm də beynəlxalq aləmdə öz nüfuzunu daha da artırmaqda davam edir.