Güclü dövlətin əsas dayaqlarından biri güclü ordudur.
YAP Suraxanı rayon təşkilatının fəal üzvü
Suraxanı rayonu, 315 nömrəli orta ümumtəhsil məktəbin direktoru
Azərbaycan xalqının qürur mənbəyi olan Silahlı Qüvvələr Günü hər il 26 iyun tarixində böyük təntənə ilə qeyd edilir. Bu əlamətdar gün dövlətimizin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunmasında misilsiz xidmətləri olan Azərbaycan Ordusuna hörmət və ehtiramın ifadəsidir.
Azərbaycan Ordusunun təməli 1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən qoyulmuşdur. Müstəqilliyimizin bərpasından sonra ölkəmizdə milli ordu quruculuğu xüsusi əhəmiyyət kəsb etmiş, Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə bu sahədə mühüm islahatlar həyata keçirilmişdir. Məhz Ulu Öndərin uzaqgörən siyasəti nəticəsində vahid komandanlığa tabe olan, yüksək döyüş qabiliyyətinə malik nizami ordu formalaşdırılmışdır.
Heydər Əliyev hər zaman vurğulayırdı ki, güclü dövlətin əsas dayaqlarından biri güclü ordudur. Onun rəhbərliyi ilə hərbi kadr hazırlığı genişləndirilmiş, ordunun maddi-texniki bazası möhkəmləndirilmiş və vətənpərvərlik tərbiyəsi dövlət siyasətinin mühüm istiqamətlərindən birinə çevrilmişdir.
Bu gün Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu öz inkişafının ən qüdrətli mərhələsini yaşayır. Ordumuz ən müasir silah və texnika ilə təchiz olunmuş, peşəkar hərbi heyət formalaşdırılmış, beynəlxalq standartlara uyğun təlimlər keçirilmişdir. Qardaş Türkiyə ilə hərbi əməkdaşlıq, Şuşa Bəyannaməsinin imzalanması və Komando Qüvvələrinin yaradılması Azərbaycan Ordusunun döyüş imkanlarını daha da artırmışdır.
Azərbaycan Ordusunun gücü və peşəkarlığı 2020-ci ilin Vətən müharibəsində bütün dünyaya nümayiş etdirildi. 44 gün davam edən döyüşlərdə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusu tarixi Qələbə qazanaraq torpaqlarımızı işğaldan azad etdi. Bu Zəfər xalqımızın birliyinin, ordumuzun gücünün və dövlətimizin qətiyyətinin parlaq təzahürü oldu.
Bu gün Azərbaycan Ordusu regionun ən güclü ordularından biri kimi ölkəmizin təhlükəsizliyini etibarlı şəkildə qoruyur. Ordumuzun əldə etdiyi nailiyyətlər hər bir azərbaycanlının qürur mənbəyidir. Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması, hərbi xidmətə məsuliyyətlə yanaşması və dövlətçiliyə sədaqəti gələcək uğurlarımızın əsas təminatıdır.
26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə bütün hərbi qulluqçuları, veteranları və şəhid ailələrini səmimi qəlbdən təbrik edir, Azərbaycan Ordusuna daim yeni uğurlar və şanlı zəfərlər arzulayırıq.
Yaşasın Azərbaycan Ordusu! Yaşasın Müzəffər Azərbaycan əsgəri!