Dövlət Proqramının icrası nəticəsində içməli su mənbələrinin dayanıqlığı artıracaq

Dövlət Proqramının icrası nəticəsində içməli su mənbələrinin dayanıqlığı artıracaq

Qərənfil Əhmədova

YAP Suraxanı rayon təşkilatının fəal üzvü

Suraxanı rayonu, "Şənlik" uşaq bağçası və körpələr evinin müdiri

 “Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026−2035-ci illər üçün Dövlət Proqramı” (bundan sonra – Dövlət Proqramı) müvafiq ərazilərdə su təchizatı və tullantı suları sistemləri infrastrukturunun inkişaf etdirilməsi, intensiv yağışlar zamanı subasma risklərinin azaldılması, fasiləsiz və dayanıqlı su təminatının gücləndirilməsi məqsədilə hazırlanmışdır.

Dövlət Proqramı 2026−2035-ci illəri əhatə etməklə iki mərhələdə həyata keçiriləcəkdir.

2026−2030-cu illəri əhatə edən birinci mərhələdə su və kanalizasiya infrastrukturu yenidən qurulacaqdır. Bu çərçivədə mövcud infrastrukturun əsaslı təmiri və yenilənməsi, yağış sularının idarə olunması və tullantı sularının təkrar istifadəsi üzrə müasir texnologiyaların tətbiqi, “ağıllı su şəbəkələri”nin qurulması və ekoloji təhlükəsizliyin təmin olunması nəzərdə tutulur. Bu mərhələdə, mərkəzləşdirilmiş kanalizasiya sistemi olmayan ərazilərdə yeni infrastruktur yaradılacaq, eləcə də su şəbəkələrində itkilərin aşkarlanması və azaldılması üçün tədbirlər görüləcəkdir.

2031−2035-ci illəri əhatə edən ikinci mərhələdə yeni su anbarlarının və nasos stansiyalarının tikintisi, su təchizatının fasiləsizliyinin təmin olunması və müasir xidmət modellərinin tətbiqi prioritet istiqamətlər kimi müəyyən ediləcəkdir. Bu məqsədlə mövcud su təchizatı və kanalizasiya şəbəkələri daha da genişləndiriləcək, yağış sularının təkrar istifadəsi üçün yeni layihələr həyata keçiriləcək və ətraf mühitin qorunması istiqamətində tədbirlər görüləcəkdir.

Dövlət Proqramının icrası nəticəsində içməli su mənbələrinin dayanıqlığının artırılması, su anbarlarının, eləcə də supaylayıcı şəbəkələrin inkişaf etdirilməsi, suyun uçot sisteminin təkmilləşdirilməsi, yağış və tullantı suları sistemlərinin yenilənməsi və alternativ su mənbələrinin istifadəyə cəlbinə nail olunması nəzərdə tutulur. Dövlət Proqramında həmçinin, Bakı şəhərinin Baş Planı ilə uzlaşdırılaraq, uzunmüddətli strateji hədəflər və icra mexanizmləri müəyyən edilmişdir.

Dünyada su ehtiyatlarına tələbatın artması və iqlim dəyişikliyinin təsiri su sektorunda mövcud struktur problemlərinin dərinləşməsinə səbəb olmuşdur. Qabaqcıl təcrübələr göstərir ki, suyun səmərəli idarə edilməsi, tullantı sularının təkrar istifadəsi və yağış sularının təbii üsullarla idarə olunması kimi innovativ yanaşmalar su təminatını daha dayanıqlı edir, həmçinin ekosistemlərin qorunmasında və su ehtiyatlarının mühafizəsində mühüm rol oynayır.